Əsas Səhifə > Güney Press > Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir
Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridirBu gün, 17:58 |
Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib ki, İkinci Dünya müharibəsi nəticəsində müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər. Dövlət başçısı qeyd edib ki, Türkiyə ilə hər il 10-dan çox birgə təlim keçiririk: "Yarısı Azərbaycanda, yarısı Türkiyədə və mahiyyətcə hərbi əməliyyatların yüksək dərəcədə keçirilməsinə nail olmuşuq. Təbii ki, bu, Qafqazda sabitliyin mühüm amilidir. Çünki bugünkü dünya və hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib". Ölkə rəhbəri Rusiya ilə münasibətlərdən də bəhs edib və 2022-ci il fevralın 22-də imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməyə diqqət çəkib: "Belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Buna görə də hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, deyərdim ki, belə bir sənəd tarixi hadisədir". Prezident bildirib ki, Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır: "Düşünürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur. Artıq dediyim kimi, ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirmişik, həm də özümüzü dostcasına aparmışıq. Əminəm ki, bundan sonra da belə olacaq". Ölkə rəhbərinin toxunduğu məqamlarla bağlı "Sherg.az"a danışan millət vəkili Vüqar İsgəndərov deyib ki, cənab Prezident Rusiya televiziyasına müsahibəsində bir çox maraqlı məqamlara toxundu. Deputatın sözlərinə görə, dövlət başçısının diqqət çəkdiyi mühüm məqamlardan biri yeni dünya düzənində baş verən hadisələr və bu hadisələr fonunda Azərbaycanın tutduğu mövqedir: "Cənab Prezident Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın son illərdə yürütdüyü müstəqil xarici siyasət və siyasət sayəsində qazanılmış çoxsaylı uğurlarımızdan bəhs etdi. Əvvəla, çox doğru olaraq qeyd olundu ki, artıq dünya düzəni pozulub. Dövlət başçısının da vurğuladığı kimi İkinci Dünya müharibəsindən sonra yaranmış siyasi palitra artıq əvvəlki kimi çalışmır və yeni düzən formalaşdırılır. Təbii olaraq, hər bir ölkə də bu yenilənmə prosesində öz mövqeyini müəyyənləşdirir. Ölkə rəhbəri eyni zamanda Azərbaycanın şimal qonşusu Rusiya ilə münasibətlərinə toxundu. Vurğuladı ki, Azərbaycanın Rusiya ilə münasibətləri dostluğa, strateji əlaqələrə və müttəfiqlik münasibətlərinə söykənir. Prezident bu kontekstdə həm ölkənin iqtisadi gücünün artırılması, həm də hərbi gücünün inkişafı barədə maraqlı nüanslara diqqət yönəltdi. Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətinə, bir il ərzində 10 hərbi təlimin keçirilməsinə vurğu edilməsi də önəmlidir. Azərbaycan Ordusunun 44 günlük müharibədə 5-ci nəsil performans göstərməsi, 23 saatlıq anti-terror əməliyyatını çox unikal formada həyata keçirməsi, legitim hədəflərin dəqiq vurulması və mülki obyektlərə heç bir ziyan vurulmaması çox təqdirəlayiq hadisələrdir. Hələ də güclü ordusu olan ölkələrin mütəxəssisləri Azərbaycanın taktikasını öyrənməklə məşğuldurlar". Parlamentari qeyd edib ki, cənab Prezident yeni dünya nizamındakı risklər barədə fikirlərini bəyan edərkən, hər bir ölkənin təhlükəsizliyinin təminatının, ordu quruculuğunun, iqtisadi inkişafın paralel inkişafının nə qədər zəruri olmasına da diqqət çəkir: "Bölgəmizdəki təhdidlərə cavab vermək və təhlükəsizliyin dayanıqlı olması Azərbaycanın qarşısında duran vacib məsələlərdən biridir. Ölkə başçısının Türkiyə ilə sıx əməkdaşlığa diqqət çəkməsi, Azərbaycanın Cənubi Qafqazın təhlükəsizliyində mühüm rol oynadığını qeyd etməsi də bunun bariz nümunəsidir. Azərbaycanın Ermənistanla sülh prosesini irəliyə daşıması yönündə qarşıya çıxan maneələr, əngəllər sırf İrəvan hökumətinin yarıtmaz siysəti ucbatından baş verir. Kənar güclərin Ermənistanı plasdarm kimi istifadə etməsi kövrək sülh prosesinə də ciddi təsir göstərir, zərər vurur. Ermənistan da ağıllı siyasət yeridərsə, bu, ermənilərin özü üçün faydalı olar. Həm də Cənubi Qafqazda sülhün bərqərar, dayanıqlı olmasına şərait yaradır". Geri qayıt |