Əsas Səhifə > Güney Press > 20 min manatlıq yerli avtomobili kim alır?

20 min manatlıq yerli avtomobili kim alır?


Bu gün, 18:56
20 min manatlıq yerli avtomobili kim alır?
2024-сü ilin yanvar-noyabr aylarında (11 ayda) Azərbaycanda 5 225 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2088 ədəd (+66,6%) çox minik avtomobili istehsal olunmuşdur (yığılmışdır).

Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilib.

Minik avtomobilləri üzrə 01.12.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 207 ədəd təşkil edib.

Qeyd edilib ki, dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 13,6 faiz azalaraq 535 ədəd olub.

2024-cü ilin yanvar-noyabr aylarında 576 ədəd yük avtomobili istehsal edilmişdir. İstehsal əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,5% azalıb.

Bildirək ki, bu gün ölkədə minik avtomobili istehsalı 67 faizə çatıb. Ancaq idaxal olunan avtomobil sayının çoxluğunu da nəzərə alsaq, bu rəqəmin 67 faiz təşkil etməsi maraq doğurur.

Bəs yerli istehsal olan avtomobillərin alıcısı varmı?

“Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev “Cebheinfo.az”-a bildirib ki, bu gün yerli istehsala tələbat var:

“Ən azı yerli avtomobillər hesabına taksi parkımız yenilənib. Taksi parkının yenilənməsinə ən böyük töhfəni verənlərdən biri yerli istehsaldır. Yerli istehsal olan avtomobillərin qiyməti təxminən 20-21 min manatdan başlayır. Hazırda müxtəlif seqmentlərdə avtomobillər var.

Yığımlarda bir neçə markanın müxtəlif modeli var. Ona görə də bazarda möhkəmlənməsi, istehsal sayının artması normal haldır. Yerli istehsalın, satışların artmasına təəccüblənmək lazım deyil.

Artıq minik avtomobil parkımız yenilənib, hazırda bu istiqamətdə işlər gedir. Nəzərə alaq ki, ölkədə fəaliyyətdə olan 60 mindən çox taksi vardı. Onlar da yenilənməyə doğru gedir, onlara da xüsusi şərtlər qoyulub. Hər 100 maşından 35-40-ı yerli istehsaldır. Gələcəkdə bu rəqəm daha da artacaq.

Yerli istehsalın həcminin artması əlavə işçi qüvvəsi, yeni iş yerlərinin açılmasıdır ki, bu da sevindirici haldır. Yerli istehsala gəldikdə isə, burada “Chevrolet”, “Isuzu” kimi avtomobillər də var.

Hazırda yerli avtomobil satış salonlarında hər zaman müştəri var. Çünki onların satış və kredit şərtləri daha əlçatandır. Ona görə də əlində az pulu olan, daha uyğun şərtlərlə bu avtomobillərdən faydalanırlar”.

Geri qayıt