Əsas Səhifə > Güney Press > Gürcüstanda nə baş verir?

Gürcüstanda nə baş verir?


Dünən, 18:04
Gürcüstanda nə baş verir?
Gürcüstanda prezident seçkilərinin nəticələrinin məlum olmasından sonra sanki ölkədə baş verən etiraz aksiyaları durğunluq dövrünə qədəm qoyub. Belə ki, sabiq prezindet Salome Zurabişvilinin rəhbərliyi ilə “Gürcü Arzusu” Partiyasına qarşı başlanan etirazlar Mixeil Kavelaşvilinin prezident seçilməsi ilə səngidi. ABŞ və Aİ Gürcüstanla bağlı reallıqla barışdığını iddia edənlər də var.

Globalinfo.az-a danışan politoloq Rizvan Hüseynov deyib ki, Gürcüstanla bağlı çətin proseslər gedir:

“İllər əvvəl Qərblə Rusiyanın sövdələşməsi nəticəsində Gürcüstan ağır vəziyyətə düşdü. 2008-ci ilin avqustundakı müharibə rəsmi Tbilisi üçün çətin oldu. Fransa, Almaniya, Rusiya və ABŞ-la sövdələşməsi nəticəsində Gürcüstan öz milli maraqlarını güzəştə gedərək həmin ölkələrdən asılılığa düşdü. İndiki mərhələdə Gürcüstandakı daxili siyasi proseslərdə yenə də eyni sövdələşmə hiss olunur. Donald Tramp və Salome Zurabişvilinin ayaqüstü söhbətində də müəyyən göstərişlər aldığı ehtimalı var. Salomeyə Gürcüstandakı ixtişaşlarda çox da irəli getməmək tapşırılmışdı. Fransa Prezidenti Emannuel Makron və Bidzina İvanişvili arasında telefon danışığının baş tutması da bu baxımdan təsadüfi deyildi. Onun ardınca yeni prezident təyin olundu.
Bundan sonra ölkədəki etiraz aksiyaları nisbətən səngiməyə başlayıb. Gürcüstanda baş nazirin kim olacağı da əsas maraq doğuran məsələlərdəndir. Yalnız bundan sonra sövdələşmənin hansı istiqamətdə olduğu məlum olacaq”.

Politoloq Samir Hümbətov isə məsələyə belə münasibət bildirib:

“ABŞ və Aİ-nin Gürcüstanla bağlı planları regiona təsir etmək baxımından çox geniş qurulmuşdur. Lakin bunu hələ reallaşdıra bilməyiblər. Qarşıdakı ən böyük maneə isə gürcü xalqının seçim məsələsidir. Əslində bu gün baş verənlər onu göstərir ki, ABŞ və Aİ gürcü xalqının arzularını əks etdirəcək yanaşmada deyillər.

Məqsəd isə Gürcüstanı onların təsir edəcəyi formada idarə edilməsinin həyata keçirilməsidir. Bu iş üçün kifayət qədər vəsait də ayrılır.

Digər tərəfdən gürcü xalqı hələ tam şəkildə ayağa qalxmayıb. Düşünürəm ki, bunun da müəyyən mənada proseslərə təsiri var”.

Geri qayıt