Əsas Səhifə > Güney Press, Partiya > "Az-çox imkanı olan şəxslər müxalif partiyalarla məsafəli davranırlar"
"Az-çox imkanı olan şəxslər müxalif partiyalarla məsafəli davranırlar"Dünən, 09:51 |
Azərbaycanda siyasi partiyalara maliyyə yardımı artırılır. Maliyyə naziri Samir Şərifov Milli Məclisdə “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, Prezidentin tapşırığı ilə siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsait 1 milyon manat və ya 20 faiz artırılır. “Siyasi partiyalar haqqında” qanuna görə, dövlət tərəfindən ayrılan vəsaitin 40 faizi parlamentə düşən partiyalar arasında bərabər bölünür. Vəsaitin 50 faizi deputatların sayına, yəni 125-ə bölünür və alınan nəticə parlamentdə təmsil olunan partiyalardan seçilən deputat sayına vurularaq həmin siyasi partiyalara verilir. Qeyd edək ki, ötən il Azərbaycanda 26 siyasi partiya qeydiyyatda olub. 2024-cü ilin büdcəsindən partiyalar üçün 5 milyon manat vəsait ayrılıb. AMİP Siyasi Şurasının üzvü Əli Oruclu "Sherg.az"a açıqlamasında deyib ki, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi müsbət haldır. Partiya funksioneri qeyd edib ki, partiyaların sponsorlardan asılılığını minimuma endirməklə yanaşı onların sərbəst fəaliyyət göstərmək imkanlarını stimullaşdırır: "Lakin siyasi partiyalara ianə və maliyyə yardımlarının edilməsi istiqamətində problemlər qalmaqdadır. Bunun da müəyyən səbəbləri var. Maliyyə resursları bəlli çevrələrin əlində cəmləşib. Az-çox imkanı olan şəxslər müxalif partiyalarla məsafəli davranırlar. Gələn ilin dövlət büdcəsindən ayrılan 20 faiz vəsaitin siyasi partiyaların problemlərini tam həll edəcəyini, effektliyi artıra biləcəyini hesab etmirəm. Maliyyə hər şeyi həll etmir. Siyasi partiyalar tam müstəqil və sərbəst olmalı, qeyri-rəsmi məhdudiyyətlər aradan qaldırılmalıdır. Ədalətli yanaşma olmalıdır. Partiya var ki, tək sədrdən ibarətdir. Yaxud parlamentdə təmsil olunsa da, cəmiyyətin ictimai-siyasi həyatında yoxdur. Bütün bunlarla yanaşı, partiyalara ayrılan vəsaitlərin hər il artırılması siyasi təsisatların inkişafına sözsüz ki, öz müsbət təsirini göstərəcək". Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri Felmar Ələkbərli də "Sherg.az"a deyib ki, dövlət büdcəsində siyasi partiyalar üçün nəzərdə tutulan vəsaitin artırılması müsbət qiymətləndirilməlidir. Onun sözlərinə görə, bu artım partiyaların öz işini qurması və gücləndirməsi baxımından dövlətin böyük dəstəyidir: "Bu addım heç şübhəsiz ki, siyasi partiyaların daha da güclənməsinə rəvac verəcək, onların fəaliyyətinin stimullaşması üçün zəmin yaradacaq. Ayrılan vəsait partiyanın minimal xərclərini ödəmək iqtidarındadır. Güclü siyasi partiyaların varlığı və onların proseslərdə aktiv iştirakı siyasi tablonu daha da rəngarəng, maraqlı edir. Eyni zamanda partiyanın maliyyə imkanları genişləndikcə, paralel fonda potensial imkanları da artır. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların əksəriyyəti dövlətçiliyə bağlı, milli maraqları hər şeydən üstün tutan partiyalardır. Onların güclənməsinin ölkəyə yalnız xeyri ola bilər. Partiyaların maliyyə imkanlarının artırılması həm ölkədə siyasi mədəniyyətin formalaşmasına gətirib çıxarır, həm də siyasi partiyaların digər başqa məqsədli qüvvələrdən asılılığını minimuma endirir. Bu da dövlətçiliyimiz üçün vacib məqamlardan biridir". Geri qayıt |