Əsas Səhifə > Güney Press, Partiya > Suriya hadisələri dünya müharibəsinin başlamasının göstəricilərindən biridir

Suriya hadisələri dünya müharibəsinin başlamasının göstəricilərindən biridir


10-12-2024, 00:21
Suriya hadisələri dünya müharibəsinin başlamasının göstəricilərindən biridir
Suriyada 10 ildən artıq davam edən vətəndaş müharibəsi, beynəlxalq təzyiqlər və daxili narazılıqlar nəticəsində Bəşər Əsəd hakimiyyəti devrildi. Bu tarixi dönüş nöqtəsi həm ölkə daxilində, həm də beynəlxalq arenada geniş müzakirələrə səbəb olub. İndi əsas məsələ bundan sonrakı siyasi perspektivlər və bunun regiona təsirləridir.

Baş verənlərlə bağlı Sitat.info-ya danışan ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, Suriyada baş verən hadisələrlə bağlı tam dəqiq məlumat ala bilmirik və aldığımız məlumatlar birtərəflidir: " Bəşər Əsəd rejimi çökdü, müxalifət müəyyən dövlətlərin dəstəyi ilə ciddi uğurlar əldə etdi. Rusiyanın zəifləməsi, İrana bağlı Hizbullah dəstələrinin məhv olması faktiki olaraq Bəşər Əsədi köməksiz qoydu".

Partiya sədri diktatura rejiminin əbədi olmasının mümkünsüzlüyünü də qeyd etdi: "Bəşər Əsəd hadisələri dünya müharibəsinin başlamasının göstəricilərindən biridir. Ən uzunmüddətli diktatura 30-40 il çəkir. Bəşər Əsəd də elə 24 ildir hakimiyyətdədir, yəni, artıq tarixi qanunauyğunluğa qarşı gələ bilmədi. Əslinə baxsaq, dünyada böyük kriz başlayıb. Bu kriz də müharibə formasında meydana çıxır. İndiki halda Suriyada baş verənlər Rusiyanın əlinin zəiflədilməsidir. Çox güman ki, bundan sonra Ukraynada da Rusiyanı məğlubiyyətə uğradacaqlar".
Geri qayıt