Əsas Səhifə > Güney Press, Partiya > "Ermənistana təzminat ödətdirəcəyik..."

"Ermənistana təzminat ödətdirəcəyik..."


8-12-2024, 09:47
"Ermənistana təzminat ödətdirəcəyik..."
“Azərbaycan xalqı ötən əsrin əvvəllərindən başlayaraq köçkünlük problemi ilə üzləşib. Qərbi Azərbaycanda - indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılıblar. 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüz minlərlə azərbaycanlı dədə-baba yurdunu tərk edərək Azərbaycana sığınmışdır”. Bu barədə prezidentin Qərbi Azərbaycanlılar icmasına müraciətində deyilir. Müraciətdə qeyd edilib ki, Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırıb, lakin qarşı tərəf bundan imtina edib. Ermənistan icma ilə danışıqlara başlamalı və qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır.
Cross Media Təhlil Mərkəzinin eksperti, siyasi şərhçi Mübariz Göyüşlü Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Qərbi azərbaycanlılar nəinki öz yurd-yuvalarına dönmək istəyirlər, hətta bunun üçün nə lazımdırsa, etməyə hazırdırlar və Azərbaycan dövləti də, nə lazımdırsa bu proses üçün edir və etməyə də hazırdır: “Bizim bu məsələdə mövqeyimiz, münasibətimiz konkretdir. Qərbi azərbaycanlı soydaşlarımız öz yurd-yuvalarına qayıtmalıdırlar. Onlara dəymiş maddi-mənəvi zərərə görə təzminat ödənilməlidir. Beynəlxalq hüquqda da, qanunvericilikdə də mülkiyyət hüququ toxunulmazdır. Onlara təkcə mülkiyyət məsələsində ziyan vurulmayıb, çox böyük mənəvi zərbə də vurulub. Biz bu məsələlərdə qərarlıyıq. Azərbaycan dövləti bu məsələni özünün əsas aparıcı siyasətindən biri elan edib və bu istiqamətdə çox ciddi şəkildə çalışmalar gerçəkləşdirilir. Bu məsələ Azərbaycan prezidentinin şəxsən nəzarətində və diqqətində olan bir məsələdir”-deyən şərhçi vurğulayıb ki, bu istiqamətdə Azərbaycan prezidentinin tövsiyələri və çıxışlarında səsləndirdiyi tezislərə uyğun olaraq, müxtəlif qruplar da bu istiqamətdə çalışmalar həyata keçirirlər.

“Biz illər sonra Qarabağa qayıtdıq, inanıram ki, Qərbi azərbaycanlı vətəndaşlarımız da öz doğma yurd-yuvalarına qayıdacaqlar. Orada dinc və ləyaqətli şəkildə yaşayacaqlar. Öz evlərinə geri dönəcəklər. Onlara dəymiş zərər də Ermənistan tərəfinə ödətdirəcəyik. Bu, bizim üçün prioritet məsələdir. Buna da tezliklə nail olacağıq”-deyə siyasi şərhçi bildirib.


Geri qayıt