Əsas Səhifə > Güney Press > Soltanlı kəndi uğrunda 3 gün qanlı döyüşlər gedib
Soltanlı kəndi uğrunda 3 gün qanlı döyüşlər gedib6-10-2024, 14:49 |
Bir neçə gün öncə Cəbrayıl şəhəri günü kimi qeyd olunub. Bu əlamətdar günün təsis olunması Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. 4 il əvvəl oktyabrın 4-də Cəbrayıl şəhəri 27 illik erməni işğalından azad olunub. Prezident İlham Əliyevin cari ilin 31 iyulunda imzaladığı sərəncama uyğun olaraq həmin gün təntənəli şəkildə Cəbrayıl Şəhəri Günü kimi qeyd edilir. Bu əlamətdar günə həsr olunan konsert proqramaları keçirilir. Məlumat üçün bildirək ki, 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub, Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Burada bir haşiyə çıxaq ki, Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib, 17 iyun 1964-cü ildə yenidən yaradılıb. Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olub. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2 000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar. Cəbrayıl rayonu erməni işğalı zamanı vandalizmə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib. Əslən Cəbrayıldan olan jurnalist, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə “Sherg.az"a açıqlamasında 4 oktyabrla bağlı təəssüratlarını bölüşüb: - Cəbrayıl 44 günlük müharibədə işğaldan azad edilən ilk böyük rayon idi. Cəbrayılın düşməndən təmizlənməsi ordumuzun və xalqımızın qələbəyə inamını daha da artırdı. Bu rayon hərbi-strateji cəhətdən xüsusi əhəmiyyət kəsb etdiyi üçün onun azadlığı yeni qələbələrin müjdəsi sayılırdı. Bu cür düşünənlər, hərbi əməliyyatların məhz bu istiqamətdə davam edəcəyini proqnozlaşdıranlar yanılmadı. Cəbrayılın azad olunmasından sonra qəhrəman Azərbaycan Ordusu qələbələri bir-birinin ardınca sıraladı. S.Verdizadə deyib ki, Cəbrayıl həm də Aran Qarabağın açarı idi. Bunu bildiyi üçün düşmən o ərazidə ciddi müdafiə istehkamları qurmuşdu. Amma ordumuz ermənilərin müqavimətini qıra bildi: “44 günlük Vətən müharibəsində Cəbrayıl ən ağır döyüşlərin aparıldığı rayonlardan biri idi. Təsəvvür edin ki, bir kənd - doğulduğum Soltanlı kəndi uğrunda 3 gün qanlı döyüşlər gedib. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücumunuz mümkün olub. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaranıb. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edilib və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürülüb. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır. Buna görə də Azərbaycan xalqının 4 oktyabr tarixini bayram kimi qeyd etməyə tam haqqı çatır. Hazırda Azərbaycan xalqı tarixinin ən parlaq dövrlərindən birini yaşayır. Ölkənin bütün ərazisində suverenliyimiz tam təmin olunub. Qarabağda həyat yenidən dirçəlir, bölgənin siması sürətlə dəyişir. Cəmi 24 saatdan da az davam edən antiterror əməliyyatından sonra terror yuvaları dağıdılıb, qanunsuz və başıpozuq erməni quldur dəstələrinin fəaliyyətinə son qoyulub. Əminəm ki, Ermənistan özünün destruktiv siyasətindən əl çəksə, bölgəyə tezliklə sülh, əmin-amanlıq gələcək. Bu isə bütövlükdə regionun inkişafını stimullaşdıran faktora çevriləcək. Əgər Ermənistan özünün ənənəvi siyasətini davam etdirsə, bundan ən çox itirən yenə özü olacaq. Heç bir kənar faktor Azərbaycan xalqının tarixi qələbəsinə kölgə salmaq iqtidarında deyil”. Millət vəkili Musa Qasımlı da Cəbrayıl şəhər günü ilə bağlı fikirlərini paylaşıb. Deputatın sözlərinə görə, Cəbrayıl şəhər günü ərəfəsində cənab Prezidentimiz İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan şəhərlərinə səfərləri həm rəmzi məna daşıyır, həm də dövlət başçımızın müəyyənləşdirdiyi ümumi strateji xəttin həyata keçirilməsində vacib addımdır: “Ona görə rəmzi məna daşıyır ki, dövlət müstəqilliyi bərpa edildikdən sonra xalqımız daim şəhər, rayon və kəndlərimizin işğal günlərini acıyaraq xatırlayıb, dədə-baba torpaqlarına nə vaxt qayıdacaqlarını düşünüblər. Bu milli istəyi yerinə yetirən Prezident İlham Əliyev tariximizdə ilk dəfə olaraq millətimizin həyatına bayram ovqatlı şəhər günlərini gətirib. Hər dəfə də şəhər günləri ərəfəsində həmin rayonlara səfər edir. Ona görə ümumi strateji xəttin tərkib hissəsidir ki, dövlət başçımız işğaldan azad edilmiş ərazilərin ən müasir şəkildə - "ağıllı kənd", "ağıllı şəhər" kimi qurulmasını, qeyri-neft sektorunun inkişafını irəli sürüb və bu iş planlı olaraq davam etdirilir. Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında bir neçə fabrik və zavodun təməlinin qoyulması, tam orta məktəbin, yeni su elektrik stansiyasının açılışı, yeni yaşayış massivinin, istirahət mərkəzinin tikintisi ilə tanışlıq həmin məqsədin yerinə yetirilməsinə yönəlib. Bu, eyni zamanda turizmin inkişafına imkanların açılması, yeni iş yerlərinin yaradılması və insanların rifahı deməkdir”. Geri qayıt |