Əsas Səhifə > Güney Press > Fransa İrəvana niyə qucaq acdı?

Fransa İrəvana niyə qucaq acdı?


16-09-2024, 17:22
Fransa İrəvana niyə qucaq acdı?
Fransa xarici işlər naziri Stefan Sejurne Ermənistanı Rusiyanın təzyiqindən qorumağa söz verib.

Nazir bunu demokratik Avropa dəyərlərinin müdafiəsi kontekstində İrəvanda keçirilən mətbuat konfransında səsləndirib.

Ermənistan və Fransanın ortaq dəyərləri bölüşdüyünü deyən Sejornet rəsmi Parisinin hər zaman Ermənistanın və erməni xalqının yanında olacağını bildirib:

“Fransa hər zaman sizə yaxındır. Fransada siyasi qüvvələr arasında razılığın olduğu mövzular azdır. Ermənistan azsaylı belə mövzulardan biridir”.

Buradan belə görünür ki, Fransa Ermənistanın təhlükəsizliyinin təminatında Rusiyanı əvəz etmək istəyir?

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Fransa Ermənistanın təhlükəsizliyinin təmin olunması ilə bağlı öhdəliklər götürüb:

"Fransa özünü elə göstərir ki, guya o Ermənistanı bütün xarici təzyiqlərdən qorumağa çalışır. Halbuki Fransanın belə bir imkanları yoxdur. Rəsmi Paris Ermənistanı özünün yeni siyasi müstəmləkəsinə çevirmək niyyəti güdür. Fransa Ermənistanda hərbi mövqe qurmaqla yanaşı həm geosiyasi, həm geoiqtisadi, həm də geostrateji cəhətdən möhkəmlənmək istəyir.

Eyni zamanda Fransa Zəngəzur dəhlizinə də göz dikib. Rəsmi Parisin əsas hədəflərdən biri bu dəhlizə nəzarəti öz əlinə almaqdır. Fransanın Ermənistana verdiyi məsləhətlər fonunda İrəvan Zəngəzur dəhlizinin xarici şirkətlər tərəfindən nəzarət olunması ilə bağlı təklif irəli sürüb. Məhz belə bir təklif absurd görünür və rəsmi Bakı bunu qəbul etməyəcək.

Bildirim ki, Ermənistanın ərazisindən keçən dəhlizin Qərb qüvvələrinin nəzarətinə keçməsi Azərbaycanın maraqlarına uyğun deyil. Hətta Azərbaycan Zəngəzur dəhlizinə alternativ variantları gündəmə gətirməklə Ermənistanın nəqliyyat kommunikasiya xətlərindən kənarda qalacağı ilə bağlı xəbərdarlıq edir”.

Onun sözlərinə görə, Fransa Cənubi Qafqazda söz sahibi olmaq istəyir:

“Qərbi və Mərkəzi Afrikada öz mövqelərini itirən Fransa Cənubi Qafqazda özünə müstəmləkə məkanları axtarır. Fransa Ermənistanda nüfuzunu genişləndirsə belə, bu, Parisə Cənubi Qafqazda hegemonluq etmək imkanları verməyəcək. Fransa Ermənistanı qorumaq potensialına malik deyil.

Sadəcə olaraq, hazırkı durumda Fransa Ermənistanı müasir silahlarla təmin edir. Bütün bunları nəzərə aldıqda, Fransa ABŞ və Avropa İttifaqı ilə yanaşı Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunmasına əngəl yaradır”.

Geri qayıt