Əsas Səhifə > Güney Press > Azərbaycana qarşı yeni cəbhə
Azərbaycana qarşı yeni cəbhə13-09-2024, 17:46 |
Vaşinqtonun göstərişi ilə Cənubi Koreya və Yaponiya Azərbaycanı hədəfə alır. Sentyabrın 8-də Ermənistan müdafiə naziri Suran Papikyan Cənubi Koreyaya işgüzar səfər edib. “Caliber.az”- a mötəbər mənbələrdən daxil olan məlumata görə, S.Papikyan Seulda danışıqlar aparıb, daha sonra Cənubi Koreya silahlarının Ermənistana tədarükü ilə bağlı razılıq əldə olunub. Xüsusilə, tankların alınması imkanları nəzərdən keçirilib. “Caliber.az” bir məqamı da vurğulayıb ki, Ermənistan Cənubi Koreya ilə deyil, həmçinin Yaponiya ilə də hərbi sahədə münasibətlər qurmaq istəyir. Bildiyimiz kimi, Azərbaycanın həm Cənubi Koreya, həm də Yaponiya ilə diplomatik-siyasi münasibətləri normaldır. Azərbaycanın Cənubi Koreya ilə ticarət-iqtisadi münasibətləri də var. Maraqlıdır, Cənubi Koreya silahlarının Ermənistana tədarükü ilə bağlı səsləndirilən iddialar nə dərəcədə doğru ola bilər? Əgər rəsmi Seul bu addımı atarsa, bu, Azərbaycan-Cənubi Koreya münasibətlərinə necə təsir göstərəcək? Məsələ ilə bağlı politoloq Natiq Miri “Cebheinfo.az”-a şərhində qeyd edib ki, bunun qarşısının alınması üçün Azərbaycan bu istiqamətdə mütləq səfərbər olmalıdır: “Ümumiyyətlə, hesab edirəm ki, son proseslər bu ilin aprelin 5-də Brüsseldə ABŞ Dövlət katibi Entoni Blinken, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə əldə olunan razılıqlar çərçivəsində baş verir. Biz bunu açıq şəkildə müşahidə edirik. ABŞ Ermənistanı bir tərəfdən USAİD vasitəsilə maliyyə yardımı ilə təmin edir, digər tərəfdən isə Ermənistanı silah-sursatla təmin edəcək ölkələrin sayını artırır. Ermənistan müdafiə nazirinin Cənubi Koreyaya səfərini İrəvanın şəxsi marağı kimi qiymətləndirmək düzgün olmaz. Bu, sıradan bir məsələ deyil. Necə zamanında Hindistanı Ermənistanın silahlandırılmasına razı saldılarsa, indi isə Cənubi Koreya və Yaponiyanı bu məsələyə razı salmağa çalışırlar. Əgər Cənubi Koreya, Yaponiya və Ermənistan arasında silah-sursat tədarükündə razılıq əldə olunarsa, onda nəzərə almaq lazımdır ki, bu səhnənin arxasında ABŞ dayanır. O ki qaldı Azərbaycanın Cənubi Koreya ilə münasibətlərinin pozulmasına, əgər Suel belə bir addım atarsa, bu, ikitərəfli münasibətlərə bir az mənfi təsir göstərə bilər. Amma Azərbaycan XİN rəhbərliyi bu istiqamətdə dərhal səfərbər olmalıdır. Nazirliyin rəsmiləri Cənubi Koreya və Yaponiyaya səfər etməli və ya hər iki ölkənin Azərbaycandakı səfirləri nazirliyə çağırılmalıdır. Yəni hər iki halda Azərbaycan bu məsələni hər iki ölkə ilə müzakirə etməlidir. Söhbət ondan getmir ki, Azərbaycan Cənubi Koreya və Yaponiyaya Ermənistana silah tədarükünü qadağan etməlidir". O bildirib ki, əsas məsələ Azərbaycan həm Seula, həm də Tokioyaya bunun regionda sülhün bərqərar olunmasına mane olacağı və təcavüzkar bir dövləti münaqişəyə meyl etməyə təhrik edəcəyi ilə bağlı xəbərdarlıq etməsidir:. "Eyni zamanda, Azərbaycan bu məsələdə Türkiyənin imkanlarından da istifadə edə bilər. Türkiyənin Cənubi Koreya ilə çox yüksək səviyyəli münasibətləri var”. Geri qayıt |