Əsas Səhifə > Güney Press > Qiymət artımı davam edəcək

Qiymət artımı davam edəcək


13-09-2024, 19:02
Qiymət artımı davam edəcək
Son günlər meyvə-tərəvəz məhsullarının qiymətində artım müşahidə edilir. Bazarlarda olan bu qiymət artımı isə alcılıq qabiliyyətini xeyli aşağı salıb.
Alıcılar kimi satıcılar da qiymət artımından narazıdırlar.

İqtisadçı-ekspert Eyyub Kərimli "Sherg.az"a bildirib ki, hazırda bahalaşma mövsümü amillərlə bağlıdır:

“Ümumiyyətlə bu mövsümlərdə ölkədə daim bahalaşma baş verir. Bundan əlavə digər amillər də öz təsirini göstərir. Toyların başlaması ərzaq tələbatını və bahalaşmasını artırır. İkinci amil təhsilin başlamasıdır. Bu da öz növbəsində tələbə təsir edir. Üçüncü səbəb meyvə, tərəvəz mövsümünün bitməsi və sahədə azalması ilə əlaqəlidir. Digər tərəfdən isə hazırda bizdə idxalın qiyməti artır və ölkə iqtisadiyyatı idxaldan asılıdır. Bu isə öz növbəsində qiymət artımına səbəb olur. Bu gün ölkədə ən çox qiymət artımı ərzaq və ət məhsullarındadır. Qiymət artımı da müxtəlif səbəblər ilə izah olunur. Yəni həm ölkəmiz ət idxalından asılı, həm əhalinin artımı, həm də mal qaranın sayının azalması ilə bağlıdır. Bütün bunlar müxtəlif sahələrdə bahalaşmaya səbəb olur. Digər tərəfdən də yanacağın qiyməti artdığına görə yay mövsümündə daşınmanın qiymətini də artırdı. Daşınmanın qiyməti artdığı üçün bahalaşmaya öz təsirini göstərdi”.

İqtisadçı ekspert Xalid Kərimli isə bildirib ki, qiymət artımı davam edəcək:

“İnsanların gəlirləri artdıqca, Mərkəzi banklar pulu qiymətdən saldıqca qiymət artımları da olacaq. Mərkəzi banklar davamlı olaraq infliyasiyanı tətikləyirlər. Avtobusların qiymət artımına səbəb, dizel yanacağının qiymətinin artmasıdır. Dizel və Aİ-92 markalı benzinin qiymətinin artması da kənd təsərrüfatı məhsullarının, tikinti materiallarının qiymətini artırır. Çünki əvvəl onlar daşınan zaman az pul verirdilər. Ancaq indi isə daha çox pul verirlər. Daşınma xərclərinin qiyməti artdıqca satış qiymətinə də öz təsirini göstərir. Digər səbəb isə idxal ilə bağlıdır. Yəni daha baha idxal edildiyi üçün qiymətdə yüksəkdir”.

İqtisadçı ekspert, Natiq Cəfərli isə açıqlamasında bildirib ki, Azərbaycan idxaldan asılı ölkədir:

“Ona görə də qiymət artımı baş verir. Ölkəmiz az məhsil istehsal etdiyinə görə nəticə etibarı ilə xaricdən gətirilən hər bir məhsulun qiyməti qalxır. Ölkə daxilində olan səbəb isə dizel yanacağı ilə əlaqəlidir. Qiymət 25 faiz yüksələndə xəbərdarlıq etmişdik ki, dizel yanacağının qiymətinin artması ərzaq, qeyri ərzaq və digər məhsullara da birbaşa öz təsirini göstərəcək. Daşınma xərclərinin artması əsasən də kənd təsərrüfatında qiymət artımına səbəb oldu”.

Geri qayıt