Əsas Səhifə > Güney Press > Ermənistanın “Almatı sevgisi”
Ermənistanın “Almatı sevgisi”10-09-2024, 16:35 |
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sərhədin delimitasiyası məsələsində Almatı Bəyannaməsindən başqa prinsiplərin mövcudluğu ideyasını təkzib edib. Sentyabrın 9-da keçirilən mətbuat konfransında A.Mirzoyan başqa prinsiplərin mövcudluğu ilə bağlı sualı cavablandırarkən əmin edib ki, başqa prinsiplər müzakirə olunmur. "Mən danışıqlar etiketini pozmamaq üçün özümü qabağa atıb detalları açıqlamaq istəmirəm, lakin başqa prinsiplər müzakirə olunmur", - XİN rəhbəri əmin edib. Görəsən, Ermənistan hakimiyyəti nəyə görə Azərbaycanla sərhəd ərazilərin məhz Almatı Bəyannaməsi əsasında aparılmasında maraqlıdır? Bu variant Azərbaycanın maraqlarına cavab verir? Ümumiyyətlə, Almatı Bəyannaməsinin hüquqi əsası var? Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Almatı Bəyannaməsində postsovet ölkələri bir-birinin ərazi bötüvlüyünü tanıyıb: “Xatırladım ki, 1991-ci ilin dekabrın 21-də Qazaxıstanın Almatı şəhərində postsovet ölkələrin ovaxtkı rəhbərləri tərəfindən imzalanmış bəyannamə sözügedən ölkələrin bir-birinin ərazi bütövlüyünü tanımasını ehtiva edir. Həmin bəyannaməyə Azərbaycan ilə Ermənistan da imza atıblar. Əsas məsələ budur ki, Almatı Bəyannaməsində Azərbaycan ilə Ermənistan daxil olmaqla, postsovet ölkələrin sərhəd xəttinin xüsusi sərhəd nişanları vasitəsilə müəyyən olunması öz əksini tapmayıb. Ermənistanın Almatı Bəyannaməsinin üzərində dayanmasının səbəblərdən biri məhz həmin bəyannamə imzalanana qədər iki ölkə arasında sonuncu sərhəd xəttinin əsas götürülməsi ilə bağlıdır. Ermənistan çalışır ki, sərhəd ərazilərin delimitasiyası və demarkasiyası Sovet dövründə razılaşdırılan xəritələr əsasında aparılsın. Halbuki Azərbaycan-Ermənistan sərhəd ərazilərinin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın protokolunda sərhəd xətlərin müvafiq xəritələr əsasında aparılmasını nəzərdə tutan qeyd var. Bu qeydi Azərbaycanın özü protokola daxil edib. Müşahidələrim onu deməyə əsas verir ki, sülh sazişində nəzərdə tutalacaq müvafiq xəritələr delimitasiya prosesində əsas götürüləcək. Həmin xəritələrə ona görə razılıq vermişiq ki, proses daha şəffaf davam etsin”. Onun sözlərinə görə, SSRİ-nin müxtəlif dövrlərində tərtib olunmuş xəritələr ilə məsələni mükəmməl şəkildə həll etmək o qədər də asan deyil: “Ona görə də Azərbaycan-Ermənistan sərhədi şərti sərhəd hesab olunur. Düzdür, bəzi xəritələr mükəmməl tərtib olunub. Məhz bu xəritələr vasitəsi ilə Qazax istiqamətində sərhədin delimitasiyası başa çatıb. Ancaq digər ərazilər ilə bağlı konkret xəritələr yoxdur. Almatı Bəyannaməsi isə sərhədlərin dəqiq cizgilərini özündə ehtiva etmir. Bunun səbəbi isə bəllidir. Bu bəyannamə imzalanarkən postsovet ölkələri arasındakı sərhədlər dəqiq müəyyən olunmamışdı və ölkələrin sərhədləri bir-birinə açıq idi”. Politoloq əlavə edib ki, Azərbaycan Ermənistanla sərhəd xətlərin dəqiq delimitasiya olunmasını istəyir: “Bu baxımdan, rəsmi Bakı SSRİ-nin müxtəlif dövrlərində tərtib olunmuş xəritələrindən istifadə etməklə ümumi sərhədin delimitasiyasını və demarkasiyasını təklif edir. Bildirim ki, Ermənistan Almatı Bəyannaməsinə imza atsa belə, həmin bəyannamə riayyət etməyib. Son 30 il ərzində Ermənistan Azərbaycanın 20 % torpaqlarını işğal altında saxlayıb. Azərbaycan yalnız öz gücü və qüvrəti ilə ərazini işğaldan azad etdi. Buna görə də Almatı Bəyannaməsinin əsas götürməklə sərhədlərin delimitasiyasını aparmaq qeyri-mümkündür. Yalnız Azərbaycanın təklif etdiyi kimi, SSRİ-nin müxtəlif dövrlərində tərtib olunmuş müvafiq xəritələrdən istifadə etməklə bu məsələni həll etmək olar”. Geri qayıt |