Əsas Səhifə > Güney Press > "İnstagram” və “Tiktok”da alış-veriş zamanı dələduzluqlar:
"İnstagram” və “Tiktok”da alış-veriş zamanı dələduzluqlar:14-08-2024, 18:03 |
"İnstagram”, “Tiktok” və bu kimi digər sosial şəbəkələrdə məhsul satışı ilə bağlı müxtəlif elanlara rast gəlinir. Əksər hallarda insanlar həmin elanlara inanaraq məhsul sifariş etdikdə aldadıldıqlarını, bank kartlarından müəyyən məbləğdə vəsaitin çıxılaraq sifarişin çatdırılmadığını bildirirlər. Bu kimi hallarla üzləşməmək üçün vətəndaşlar nə etməlidir? Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, yerli onlayn ticarətçilər sosial platformalar vasitəsilə sanki istehlakçıları aldatmaqda əl-ələ veriblər. O, rəhbərlik etdiyi təşkilata bu istiqamətdə xeyli sayda şikayətlərin daxil olduğunu söyləyib: “Həmin şikayətləri İqtisadiyyat Nazirliyinə göndərirəm, lakin nazirlik, demək olar ki, məsələnin həllində heç bir iş görmür. Bu sahədə çox böyük problem yaşanır”. Sədr onlayn ticarətdə istehlakçıların daha çox aldadılma hallarına nümunələr də göstərib: “İstehlakçı malı seçir, çatdırılmır. Yaxud istehlakçı malı seçir, çatdırılır, lakin onu dəyişmək istədikdə geri götürülmür. Belə olan halda istehlakçı dövlət orqanına müraciət edir. Oradan isə şikayətçiyə bildirilir ki, məsafədən almısan, ona görə də biz bu məsələdə sizə yardım edə bilmərik və s. Yəni çox sayda belə problemlər yaşanır”. E.Hüseynov onlayn ticarətin qurbanına çevrilməmək üçün istehlakçılara tövsiyələrini də bölüşüb: “Bütün hallarda istehlakçılar diqqətli olsunlar. İstehlakçılara məhsul, adətən, axşam saatlarında metro çıxışlarında təhvil verilir və onlar mala baxa bilmirlər. Tövsiyəm odur ki, aldıqları məhsulu diqqətlə nəzərdən keçirsinlər, məhsulun qəbzini tələb etsinlər, bütün bu halları diqqətdə saxlasınlar”. Geri qayıt |