Əsas Səhifə > Güney Press > "Bu, hər bir Qərbi azərbaycanlının milli mücadilə məsələsidir..."
"Bu, hər bir Qərbi azərbaycanlının milli mücadilə məsələsidir..."8-08-2024, 17:29 |
Bu gün Ermənistandan sonuncu azərbaycanlıların qovulmasından 33 il ötür. Ermənistan hakimiyyət orqanlarının güc tətbiq edərək Zəngəzur mahalının Nüvədi kəndinin sakinlərini 1991-ci il avqustun 8-də öz doğma yurdlarından çıxarmasından sonra Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Beləliklə, 1987-ci ildən başlayıb və 300 min azərbaycanlının Ermənistandan qovulması ilə nəticələnən sonuncu deportasiya başa çatıb. Maraqlıdır, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin olunması istiqamətində hansı işlər görülür? VI çağırış Milli Məclisinin deputatı Hikmət Babaoğlu "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, 2020-ci ildə əldə etdiyimiz tarixi Zəfərdən sonra nəhayət, Qərbi azərbaycanlıların da öz tarixi torpaqlarına qayıtmaqla bağlı ümidləri yenidən artıb: "Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində 33 il əvvəl sonuncu azərbaycanlı öz tarixi torpağını, ata-baba yurdunu tərk etmək məcburiyyətində qaldı. Şübhəsiz ki, bu bir daha Ermənistanın etnik dövlət qurmaq cəhdlərinin, Ermənistan cəmiyyətinin etnik dözümsüzlük göstəricilərinin nəticəsi idi. Amma daha dərin tarixi faktlarla bunu izah etsək, görəcəyik ki, ermənilər Qərbi Azərbaycan torpaqlarına köçürüldüklərini, gəlmə olduqlarını bildikləri üçün onların buraya necə və hansı şəraitdə yerləşdirildiyinə şahidlik edən Qərbi azərbaycanlıları öz torpaqlarından didərgin salmaqla, bir növ Cənubi Qafqaza gəlmə olduqlarının izlərini silməyə çalışdılar. Ermənistan cəmiyyətinin azərbaycanlılara qarşı etnik nifrətinin kökündə dayanan məsələlərdən biri də budur. Hazırda yeni reallıqlar yaranıb. 2020-ci ildə əldə etdiyimiz tarixi Zəfərdən sonra nəhayət, Qərbi azərbaycanlıların da öz tarixi torpaqlarına qayıtmaqla bağlı ümidləri yenidən artıb". Onun sözlərinə görə, bu gün məşəqqətlərə məruz qalan, etnik dözümsüzlüyün qurbanına çevirilən Qərbi azərbaycanlılar öz vətənlərinə qayıdacaqları günü səbrsizliklə gözləyirlər: "Bu məsələ bu gün Azərbaycan xalqının qarşısında dayanan milli vəzifələrdən birinə çevirilib. Çünki əcdadımızın yaratdığı tarixi mirasa qovuşmaq, o mədəniyyəti davam etdirmək, beynəlxalq hüquqla Qərbi azərbaybaycanlıların doğulduğu yerdə yaşamaq hüququnu bərpa etmək hər bir Qərbi azərbaycanlının milli mücadilə məsələsidir. Hazırkı tarixi mərhələ qayıtmaqla bərabər, həm də ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri ifşa etmək və onların iç üzünü dünyaya tanıtmaq da hər bir azərbaycanlının vəzifəsidir, borcudur". Geri qayıt |