Əsas Səhifə > Güney Press, Ana xəbərlər > "Tarixi torpaqlarımızın qaytarılması sülh ilə də ola bilər, müharibə ilə də"

"Tarixi torpaqlarımızın qaytarılması sülh ilə də ola bilər, müharibə ilə də"


8-08-2024, 16:00
"Tarixi torpaqlarımızın qaytarılması sülh ilə də ola bilər, müharibə ilə də"
“Flightradar” qlobal uçuş izləmə xidmətinin məlumatına görə, avqustun 2 və 3-də ABŞ-ın Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın Zvartnots hava limanına 2 hərbi təyyarə qalxıb. Caliber.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, ABŞ Silahlı Qüvvələrinə məxsus “Boeing C-17” hərbi yük təyyarəsi ilə şəxsi heyət hərbi yüklərlə birlikdə Zvartnots hava limanına gətirilib.Aprelin 5-də Brüsseldə imzalanmış sənədin hərbi əməkdaşlığı nəzərdə tutan məxfi hissəsinə uyğun olaraq, Ermənistan Silahlı Qüvvələrinə ABŞ istehsalı olan yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli zirehli texnika gətirilib. Caliber.az-ın əldə etdiyi məlumata görə, bundan əvvəl ABŞ Ermənistan xüsusi təyinatlıları üçün bu sursatlardan istifadə üzrə təlimlər keçirib, bundan sonra Ermənistan tərəfi silahları real şəraitdə sınaqdan keçirmək üçün Kəlbəcər istiqamətində Azərbaycan ordusunun bölmələrinə qarşı hərbi təxribat törədib. Bu silahların yerli relyef və hərbi şəraitə uyğunlaşdırıldığı da bildirilir. Bu zaman Aİ missiyasının Azərbaycan ordusunun mövqeləri ilə bağlı topladığı kəşfiyyat məlumatlarından istifadə edilib.
Cənubi Qafqaz yeni bir müharibənin eşiyindədirmi?
Milli Məclisin VI çağırış deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan xalqı daima öz torpaqları uğrunda, öz azadlığı, müstəqilliyi uğrunda mübarizə aparıb.

“Son illərin hadisələri, qazanılan uğurlu qələbələrin nəticəsi olaraq, torpaqlarımız 30 ildən sonra azğın düşməndən azad edildi, sərhədlərimiz, suverenliyimiz tam bərpa olunub. Zəngəzur torpaqları Azərbaycan torpaqlarıdır. Ermənilər qədim Azərbaycan torpaqlarında özlərinin qurama bir dövlətini yaradıblar. Ancaq tarixən İrəvan Azərbaycanın ərazi tərkibində olub və bu gün gedən mübarizə də məhz ata-baba torpaqlarımızın qayıtması ilə əlaqədardır. Söhbətlər gedir, bunun müəyyən əsasları var. Çünki cənab prezident xeyli müddətdir ki, bəyan edib və Zəngəzur icması yaradılıb. Həmin torpaqların azadlığı uğrunda biz mübarizə aparmalıyıq. Çünki bu da bizim haqqımız, bizim hüququmuzdur. Beynəlxalq aləmin ünvanlanan müraciətləri və görülən tədbirlər deməyə əsas verir ki, biz mütləq öz məqsədimizə nail olmalıyıq”-deyən deputat bildirib ki, bu, sülh yolu ilə də ola bilər, müharibə yolu ilə də.

“Hazırda danışıqlar gedir, bunun sülh yolu ilə əldə edilməsi daha məqbuldur. Uzun müddət Azərbaycan torpaqları işğal altında olduğu dövrlərdə Ermənistana müraciət edilmişdi ki, həmin torpaqlar sülh yolu ilə, azad olunsun. Onlar razılaşmadılar. Azərbaycan qətiyyətini göstərib, öz sözünü dedi. Erməni ordusu təmamilə məhv edildi. Bu gün də artıq biz sözümüzü deyirik. Öz təkliflərimizi verir, müraciətlərimizi edirik. Əgər gələcək də buna əməl olunmasa, beynəlxalq təşkilatlar və dünya dövlətləri buna lazımı əhəmiyyət verməsələr, haqqın müharibə yolu ilə əldə edilməsi qaçılmazdır. Ona görə də ümid edirik ki, bu məsələlər danışıqlar yolu ilə, sülh yolu həll olunsun”-deyə deputat vurğulayıb.

Geri qayıt