Əsas Səhifə > Güney Press > “Nizami” stansiyasında 11 aylıq təmir niyə bitmir?
“Nizami” stansiyasında 11 aylıq təmir niyə bitmir?8-08-2024, 15:06 |
“Bakı Metropoliteni”nin “Nizami” stansiyasında aparılan təmir işləri davam etdirilir. Belə ki, stansiyada platformanın tağtavanında sağlamlaşdırma və gücləndirmə tədbirləri həyata keçirilir. Ötən ilin sentyabr ayından etibarən korroziyanın təmizlənməsi və axıntıların ləğv olunması ilə bağlı işlər aparılır. Bəs sözügedən işlər nə zaman yekunlaşacaq? “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, stansiyada təmir işləri davam etdirilir: “Sərnişinin təhlükəsizliyinə və ya hərəkətinə mane ola biləcək hər hansısa problem yoxdur. Çünki işlər yalnız gecə növbəsində görülür. Texnoloji proseslərin ardıcılığı elə istiqamətdə qurulub ki, hər gecə görülən işlərdən sonra səhər sərnişin daşıma tam təmin oluna bilsin. Bu səbəbdən planlamasında tutmuş hər bir məsələ xüsusi qaydada diqqətdə saxlanılır. Platformanın tağtavanında sağlamlaşdırma və gücləndirmə işləri, korruziya ilə bağlı məsələlər və axıntıların qarşısının alınması üçün addımlar atılır”. Həmsöhbətimiz işlərin nə üçün hələ yekunlaşmadığı barədə də danışıb: “Nəzərə almaq lazımdır ki, biz həmin işləri sadəcə gecə növbəsində görürük. Gecə saat 00:00-da qapılar bağlansa da, stansiya öz işini dayandırmır. Həmin vaxtdan sonra da hələ də qatarlar hərəkət edir. Yalnız gecə saat 01:00-dən sonra bütün metro xətlərindəki gərginlik çıxarılır. Ondan sonra isə depodan “Nizami” stansiyasına təmir işləri üçün lazım olan avadanlıqlar və işçi qüvvəsi göndərilir. Səhər təxminən 04:00 radələrində iş tamamilə başa çatmalıdır. Bu isə o deməkdir ki, artıq qatarlar hərəkətə başlayır. Yəni ona qədər işlər yekunlaşdırılmalıdır. Hər gecə təxminən 1-2 saat iş prosesi gedir”. Bəxtiyar Məmmədov “Nizami” stansiyasında aparılan təmir işlərinin 2025-ci ilə də başa çatacağını deyib: “Stansiyada təmir işlərinin 2025-ci ildə başa çatdırılması gözlənilir. Bütün məsələləri nəzərə almaqla bu işlərin gələn il bitəcəyini deyə bilərik. Amma buna baxmayaraq, işlər tez yekunlaşarsa, gözləniləndən daha erkən də ola bilər”. Geri qayıt |