Əsas Səhifə > Güney Press > İnsanların vaxtını və pulunu "yeyən", dələduz turizm şirkətləri...

İnsanların vaxtını və pulunu "yeyən", dələduz turizm şirkətləri...


28-10-2021, 13:09
İnsanların vaxtını və pulunu "yeyən", dələduz turizm şirkətləri...
Göyçay rayon İcra Hakimiyyətindən saytımıza verilən məlumata görə, hər il noyabr ayının ilk on günlüyündə Göyçayda təşkil olunan Nar bayramı bu il keçirilməyəcək. Lakin maraqlıdır ki, elə oktyabr ayının əvvəllərindən bir sıra şirkətlər insanlara festivalla bağlı turlar təklif edirlər. İcra nümayəndəliyi də, insanları bu kimi təkliflərə inanmamağa və diqqətli olmağa çağırıb.

Ümumiyyətlə, bu cür dələduzluqlar başqa rayonlarla da bağlı baş verir. Bir çox kiçik tur şirkəti pulu topladıqdan sonra aradan çıxır və ya turistləri vəd etdiyi gəzməli-görməli yerlərin bir qisminə aparmadan turu tamamlayır.

Bununla bağlı Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Sfera.az-a danışarkən deyib ki, turları təşkil edən fikizi və ya hüquqi şəxslər mütləq həmin rayonunun rəhbərliyi ilə bunu razılaşdırmalıdır:

"Müştərilərə də əvvəlcədən deyilməlidir ki, epidemioloji vəziyyətlə əlaqədar hər şey ola bilər, hazır olmaq lazımdır. Birbaşa, əmr formasında "Tur olacaq” demək yanlışdır. Xidmət sahəsində sabah nəyin olacağını bilmirsən – hava şəraiti ilə bağlı fors-major ola, gözlənilməyən digər hadisələr baş verə bilər. Məndə olan məlumata görə, Göyçaydakı "Nar Festivalı”na təxminən 150 nəfər getməli idi. Turun pulu alınıbsa, nəqliyyat sifariş edilibsə, insanlar hazırlaşırlarsa, bəs necə olacaq? Əlbəttə, həmin turu təşkil edən turizm şirkətləri müştərilərin pullarını qaytarmalıdır. Özünə hörmət edən turizm şirkəti işini elə qurmalıdır ki, nə şiş yansın, nə kabab. Tur təşkil edirlər, Göyçay rayonunun rəhbərliyinin xəbəri yoxdur. Mütləq rəhbərliklə mütəmadi əlaqədə olmalıdırlar”.

Müsahibimiz, həmçinin qeyd edib ki, bu gün daxili turlar təşkil edən şirkətlərinin iş prinsipləri 50/50-yədir:

"Yəni 50 faizi səriştəsindən, bacarığından asılıdır, 50 faizi isə pandemiyadan. Elə rayonlar var ki, getmək mümkün olmur. Çünki otellərdə qalmaq, restoranlarda qida qəbul etmək üçün vaksinasiya haqqında sertifikat tələb edə bilərlər – bu da hər kəsə uyğun deyil. Turizm şirkətləri xırda incəlikləri nəzərə alırsa, peşəkarlıqdan söz açmaq olar. Lakin bir məsələni deyib, digərini qoyanların işləri axsayır. Ümumiyyətlə, lisenziyanın ləğvindən sonra turizm şirkətlərinin sayı artıb. Bunun həm müsbət, həm də mənfi tərəfi var. Mənfi tərəfi odur ki, dələduz turizm şirkətləri yaranıb – çoxu müştəriləri aldadır, bilet pulu yığıb aradan çıxırlar və s.

Müsbət hal odur ki, kiçik sahibkarlığın inkişafına şərait yaradılır. Fikrimcə, lisenziyanı simvolik məbləğlə bərpa etmək lazımdır, tutaq ki, 10 manata, daha əvvəlki kimi 5 minə yox. Amma nəzarət funksiyası yerinə yetirilməlidir. Yəni 10 manat verib sənəd alanlar (sertfikat) siyahıda yer alacaqlar, nəzarətdə olacaqlar, dələduzluq edən turizm şirkətləri mütləq çağırılıb izahat tələb ediləcək. Nəticədə ictimaiyyət də hansı şirkətin dələduz olduğunu biləcək. Nəzarət olmadığına görə, hansı turizm şirkəti necə fəaliyyət göstərir bəlli deyil”.

Geri qayıt