Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > ƏƏSMN qazi, şəhid ailələrinin sosial hüquqlarını mənimsəyir

ƏƏSMN qazi, şəhid ailələrinin sosial hüquqlarını mənimsəyir


2-12-2020, 13:03
ƏƏSMN qazi, şəhid ailələrinin sosial hüquqlarını mənimsəyir
DİA.AZ: - "Azərbaycanın 44 günlük Vətən savaşı sonunda Qarabağı işğaldan azad edərək tarixi qələbə qazanması bu tarixi zəfərə canını-qanını qurban verən qazi -şəhid ailələrinin sosial-iqtisadi, konkret desək pul təminatını yenidən gündəmə gətirib. Əslində toplumu düşündürən bir məsələdir : QARABAĞ SAVAŞINDA QƏLƏBƏYƏ DAMĞASINI VURAN AZƏRBAYCAN ƏSGƏRİNƏ MÜNASİBƏT DƏYİŞƏCƏKMİ? Sözügedən münasibəti formalaşdıran dövlət qurumu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sözçüsü Fazil Talıbovun dili ilə bu günlərdə qazi və şəhid ailələrinə dövlət qayğısının hüquqi yönünü açıqlaması haqlı narazılıq yaradır. Axı, qanunla nəzərdə tutulan hüquq faktiki olaraq təmin edilmir! Özü də təminata cavabdeh edilən ƏƏSMN tərəfindən! (?) Yəni ƏƏSMN faktiki olaraq əhalinin, özəlliklə qazi, şəhid ailələrinin sosial hüquqlarını mənimsəyən qurum rolunu oynayır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "ƏƏSMN haradan hesablayıbsa, qazilərin toplam 700 manat civarında pul təminatı ilə təchiz olunduğunu açıqlayıb. Bizim hesablamamız bu məbləğin 150-250 manat arasında şişirdildiyini ortaya qoyur. Hazırda müddətdən artıq xidmət edən (MAXE) kimi pensiya alan 2-ci dərəcə əlilliyi olan şəxs 350 manatlıq pensiya və 230 manatlıq Prezident təqaüdü alır ki, bu da 580 manat edir, sıradan hərbi qulluqçu Qarabağ əlillərinin pensiyası isə ortalıq 200 manat təşkil edir və təqaüdlə birlikdə 400-450 manat arası dəyişir. O ki qaldı, nazirlik rəsmisinin “ağzından qaçırdığı” 55-110 manat arası əlavəyə, “Əmək pensiyaları haqqında” qanunun 19.1.7 maddəsində nəzərdə tutulan bu məbləğlər (3-cü dərəcəli Qarabağ əlillərinə 55, 2-ci dərəcəlilərə 77, 1-ci dərəcəlilərə 110 manat ) ÖDƏNİLMİR , MƏNİMSƏNİLİR! Hətta məhkəmə yolu ilə hüququnu təmin etmək istəyən qazilərin Konstitusiya ilə təsbit olunan məhkəmə təminatı hüququna da ƏƏSMN-in məhkəməyə qeyri-prosessual təzyiqi ilə imkan verilmir . Qarabağ əlillərinin pensiyalarının mənimsənilməsi o qədər adiləşib ki, sosial müdafiə məmurları pensiyaçıların hesablarını dələduzların hesabları ilə “dəyişik salıblar”. Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlili Xaliq Abbaszadənin pensiyasını DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Suraxanı icra məmuru Vüsal Əliyevin göstərişi ilə dələduz “Rəvan” sığorta şirkətinin hesabına ödəməsi korrupsiyasına 3-cü ildir nə prokurorluq, nə polis, nə də məhkəmənin hüquqi qiymət verməsinə elə ƏƏSMN, Ədliyyə Nazirliyi, MHŞ “Rəvan” sığorta şirkətinin rüşvətilə imkan vermir. Korrupsiya , rüşvət özbaşınalığı elə həddədir ki, qazinin pensiyasını dələduzlarla əlbir olub mənimsəyən ƏƏSMN-in qeyri-prosessual təzyiqi Bakı Apellyasiya Məhkəməsi (hakimlər Elşad Şamayev (“xidməti”nə görə Ali Məhkəməyə təyinat alıb), Məmməd Məmmədov, Aida Hüseyn), Ali Məhkəmə (Əhməd Nurməmmədov, Abiddin Hüseynov, Vüqar Həsənov) , Vəkillər Kollegiyası (Ayşən Vəliyeva) səviyyəsində qüvvəyə minir ki, “İCRA HAQQINDA” QANUNUN 68.1.2 MADDƏSİ (“ TƏLƏB BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİN İCRASI ZAMANI ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZ”) QADAĞAN ETSƏ DƏ, OLMAYAN İCRA SƏNƏDİ İLƏ QARABAĞ ƏLİLİNİN PENSİYASININ DƏLƏDUZLARA YÖNƏLDİLMƏSİ QANUNİDİR! (?) Bizim (bizimmi? ) “ali” hakimlər bu qərarı Qarabağ əlili 2-ci Qarabağ savaşına könüllü qatılanda vəkilin iştirakını təmin etmədən (vəkil Ayşən Vəliyeva 100 manat qarşılığında “dövlət hesabına” müdafiəçi olacağını bildirib qaziyə) çıxarıb. Qazinin pensiyasını dələduzlarla əlbir olub mənimsəyən ƏƏSMN hansı 700 manatlıq aylıq pul təminatından danışır? Bəli, qanunla, prezident fərmanı ilə qazilərə nəzərdə tutulan əlavələr mənimsənilməyib verilsə , əhalinin sosial müdafiəsinə cavabdeh olan dövlət qurumu dövlətin maddi qayğısını düşünsə, tətbiq etsə, nəinki 700 manat, hətta min manatlıq təminata nail olmaq olar. Təəssüf ki, qeyd etdiyimiz kimi, qazi, şəhid ailələrinə nəzərdə tutulan vəsait mənimsənilir. “Əmək pensiyaları haqqında” qanunun 19.1.4 maddəsinə əsasən 1-ci dərəcəli əlillərə qulluq üçün verilməli olan əmək pensiyasının baza hissəsinin 10 faizi miqdarında (ortalıq 10-11 manat) əlavə də 2019-cu ilin aprelinə kimi ödənilməyib. Bu tarixdən Prezidentin fərmanı ilə sözügedən maddə ləğv olunub və 1-ci dərəcəli əlilə qulluğa görə ona qulluq edən şəxsə 50 manatlıq aylıq təqaüd təsis edilib . Artıq bu təqaüdü gizlədib mənimsəmək mümkün deyil, amma indiyədək verilməyən əlavənin indeksləşdirilərək verilməsi də təmin edilməyib. ƏƏSMN ,necə

deyərlər, “al molladır, ver molla” yox. Qazi, şəhid ailələrinə Prezidentin 29.12.2000 tarixli “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” 597 saylı sərəncamı və 26.12.2001 tarixli “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 613 saylı fərmanı ilə müəyyən edilmiş müvafiq olaraq 10-14 manat və 26 manatlıq 20 ildir dəyişməz qalan cüzi aylıq müavinət də pensiyaçılara ödənilmir. Elə bu səbəbdən də qazi və şəhid ailələrinin pensiyasının əhəmiyyətli hissəsi işıq, qaz, su, telefon haqqının ödənilməsinə xərclənir. Biz hələ minlərlə manatlıq zorla alınan çəkiliş haqqını demirik.

Qazi, şəhid ailələrinin mənzil təminatına gəldikdə isə, ƏƏSMN -də bu təminat Vüqar Behbudovun rəhbərliyi altına keçəndən korrupsiya Konstitusiyadan üstün olub və əslində gözdən saxta qayğı pərdəsi asmaqdan başqa bir şey deyil. Qanunun tələbinə görə, əlillərə iş yerlərinin, reabilitasiya mərkəzlərinin, tibb müəssisələrinin , qohumlarının yaşayış yerlərinin yaxınlığında mənzillər ayrılması nəzərdə tutulsa da, şəhər mərkəzində yaşayan qazilərə ucqar rayon kəndlərində mənzil verilir. Belə “qayğı”nın rüşvət və korrupsiyadan qaynaqlandığı şübhə doğurmur. Həm sahibkarlarla sövdələşmə nəticəsində mənzil alışında sənəddə şişirdilmiş dövlət vəsaiti silinir, həm də real qiymətdən artıq sənədləşdirilən məbləğ isə ƏƏSMN məmurlarının “cib xərcliyi”nə sərf olunur. Maraqlıdır, mal-materialların qiyməti Bakının mərkəzində , daşınma -çatdırılması daha ucuz başa gəldiyindən, kənarlardan az xərc tələb edir, amma dövlət sifarişi ilə tikilən evin smeta dəyəri mərkəzdə qat-qat baha olur? ! Eyni zamanda, şəhərin mərkəzində yetərincə alıcısını gözləyən binalar , mənzillər olduğu halda, ƏƏSMN -i kəndlərə üz tutmağa sövq edən nədir? Təkcə ucuz alıb, baha sənədləşdirməklə gəlir əldə etmək? Fikrimizcə , burada qazi, şəhid ailələrinə sayğısızlıq da nəzərə çarpır. Yəni, Vətən savaşında öndə gedən VƏTƏN DAŞLARINA rahat (yerdə) mənzilləri də çox görürlər. Məsələn , Lənkəran şəhərində yaşayan və işləyən qaziyə Lerikin hansısa ucqar dağ kəndində fərdi ev tikilməsi hansı məntiqə söykənə bilər? Amma Bakının mərkəzində yaşayan əlilə Abşeron rayonunun kəndində mənzil verilməsini ƏƏSMN məmurları məntiqsizlik saymır.

Sonda ƏƏSMN rəsmilərinin diqqətinə çatdırırıq ki, qazilərə ötən illərdən qalan qanpulu da ayrı-seçkilik ilə verilir, məhkəmə qərarlarının icrası illərdir təmin edilmir , qanunvericiliyə əsasən nəinki əlavə bir pay torpaq, ümumiyyətlə, torpaq sahəsi ayrılmır və sairə və ilaxır . Yəni hüquqlar hələ qayğı ilə təminat demək deyil . Çünki bu təminatı elə ƏƏSMN özü alverə çevirib".

diaaz.space olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt