Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Nazirliyin şübhəli mənzil siyasəti...

Nazirliyin şübhəli mənzil siyasəti...


12-06-2020, 16:00
Nazirliyin şübhəli mənzil siyasəti...
DİA.AZ: - "Koronavirus epidemiyası günlərində ölkə başçısının aprel ayında keçirdiyi video -müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSM) naziri Sahil Babayev Qarabağ əlilləri və şəhid ailələrinə 180 mənzil alındığını bildirib, karantin rejimi ilə bağlı imtiyazlı şəxslərə , hələ ki, təqdim etməyin mümkün olmadığını əlavə etmişdi. Düzü, mənzil orderinin və açarlarının yiyələrinə verilməsinə koronavirus rejiminin necə əngəl törətdiyini anlamasaq da, sonradan nazirin dövlət başçısını aldatmasının şahidi olduq. Belə ki, 28 May Respublika Günündə nazir müavini Vüsal Nəsirli Abşeron rayonunun Məmmədli kəndində 100 əlil və şəhid ailəsinə (30 -şəhid, 70-Qarabağ əlili ailəsi) mənzi ayrıldığını bildirdi. Bəs nazirin dediyi 80 mənzil necə oldu? Belə çıxır, ya nazir prezidenti aldadıb yalan hesabat verib, ya da nazir müavini 80 mənzili “gizlədib”. İkinci versiya ağlabatan olmasa da , 6 ay qabaq Prezidentin doğum günündə (24 dekabr) Nizami rayonunda tikilən 96 mənzilli evin açılışı zamanı cəmi 5 nəfərə orderlərin təqdim olunması bu versiyanı istisna etmir". Bu barədə DİA.AZ-a bir qrup Qarabağ əlili adından daxil olan müraciətdə deyilir.

Müraciət müəllifləri yazırlar: "Onu da vurğulamaq yerinə düşər ki, qanunvericilik, əlillərin sosial, reabilitasiya xidmətlərinə əlçatanlığını təmin etmək məqsədi ilə onlara iş yerlərinin, qohumlarının yaşayış evlərinin, səhiyyə, tibbi bərpa mərkəzlərinin yaxınlığında mənzillər ayrılmasını təsbit etdiyindən, Bakıda yaşayan imtiyazlı şəxslərə Bakıdan kənarda mənzil alınması qanunsuzdur. Ümumiyyətlə, mənzillər hazır evlərdən alınırsa, niyə aylar -illər boyu əlil, şəhid ailələri növbə gözləməlidir? Elə dövlət büdcəsindən ayrılan vəsaiti birdəfəlik ödəyib hamını mənzillə təmin etməyə nə mane olur? Yəqin ki, belədə kimisə irəli salmağa görə qanunsuz ödənişlərdən məmurların əli çıxacaq ! Cəlil Məmmədquluzadənin “Ölülər”inin Kefli İsgəndərinin Şeyx Nəsrullaha “ölülərin hamısını birdən dirilt” dediyi kimi, olmaz ki, əlil və şəhid ailələri də hamısı birdən mənzillə təmin olunsun?

Əlillərə mənzillər reabilitasiya məqsədi ilə verilir, daha illərlə növbədə gözləyib ölməkdən ötrü yox. Odur ki, bu sahədəki neqativ hallara son qoymağın başlıca yolu büdcədən ayrılan vəsaitin təyinatı üzrə vicdanla və vaxtında xərclənməsindən keçir. Bir də Bakının özündə mənzillər yetərincədir, vicdanlı alıcısı dövlət qurumunu gözləyir. Fikrimizcə, əlil və şəhid ailələrinin mənzil təminatı Mənzil İnşaatı Dövlət Agentliyinə həvalə olunmalıdır. Bəlkə onda neqativ hallara son qoyula".

diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt