Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > ƏƏSMN-in 190 manatı koronavirusa necə yoluxdurur?
ƏƏSMN-in 190 manatı koronavirusa necə yoluxdurur?23-04-2020, 15:50 |
DİA.AZ: - "İşsiz vətəndaşlara koronavirus epidemiyası ilə bağlı dövlətin 190 manatlıq yardım dəstəyi elə sevindirici və cəlbedici oldu ki, yardım üçün müraciət edən şəxslərin “e-sosial” portalını “mesaj atəşi” ilə çökdürmələrinə gətirdi. Sistemin çökməsi ƏƏSMN yetkililərini işsizləri ayrı-ayrı rayonlar üzrə növbə ilə elektron qaydada müraciət etmək metoduna keçməyə məcbur etdi və hətta VÖEN -i olan şəxslərin də VÖEN -i ləğv etməklə 190 manata yiyələnə biləcəkləri açıqlandı. Elə bu 190 manatın “eşqinə” Kapitalbankın filiallarının qarşısı maskalı-maskasız insan seli ilə doludur ! Qəribə mənzərədir, insanların virus pandemiyasından qorunmasına ayrılan vəsait onları virusla üz-üzə qoyur!?" Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir. Məqalədə daha sonra bildirilir: "Smart su, qaz kartlarına ödəniş etmək üçün yaşayış yerimin yaxınlığındakı Kapitalbankın Nizami filialının qarşısından keçəndə bir yığın insanın bankın açılmasını gözlədiyinin şahidi oldum. Jurnalist marağı nə baş verdiyini öyrənməyə təhrik etdi və əlində siyahı dəftəri olan şəxsə yaxınlaşdım. Ağzımı açmamış 115-ci olduğumu bildirib adımı dəftərinə yazdı. Sözün düzü, elə bildim , yenə də neftin növbəti ucuzlaşması ilə bağlı “dollar ajiotajı” yaranıb. 3 saatdan sonra geri qayıdanda - saat 12 radələrində 190 manat “virus yardımı” üçün cəmi dörd nəfərə bankın qapısından içəri girmək “xoşbəxtliyi”nin nəsib olduğunu və bankın saat 14-ə kimi xidmət göstərdiyini biləndə , bizdə elektron bankçılığın və yardımçılığın sıfır həddində olması qənaətinə gəldim . Bundansa, ƏƏSMN -in özü konkret işsiz sayına və adına görə kart sifariş edib, sosial xidmətçilərinin araçılığı ilə, ya da poçt yolu ilə vətəndaşlara təqdim etməsi daha məntiqli və təhlükəsiz olmazmı? Axı, yalnız bir bank – Kapitalbank araçılığı ilə yardım ayrılması əhalinin sıxlığına gətirir və bu da koronavirusdan qorunma əvəzinə, əksinə, koronavirusa yoluxma riskini artırır. Dövlətin , Nazirlər Kabineti yanında operativ qərargahın başlıca məqsədi insanların maksimum dərəcədə bir yerdə olmasının qarşısını almağa yönəlib. Elə ƏƏSMN də sosial xidmətçilərini evlərə yollayır ki, insanlar çölə çıxıb yoluxmasınlar. Belədə bank xidmətlərinin “kütləviliyi” anlaşılan deyil. Bu qarmaqarışıqlığı qaydaya salmaq hökumətin, ƏƏSMN -in başlıca görəvi olmalıdır. Yardım ayırmaqla iş bitmir , epidemiya çağı onu ünvanına təhlükəsiz çatdırmağı da fikirləşmək gərəkdir". diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |