Əsas Səhifə > Güney Press > Koronavirus barədə diqqətçəkən iddia:

Koronavirus barədə diqqətçəkən iddia:


6-03-2020, 18:06
Koronavirus barədə diqqətçəkən iddia:
Koronavius və maska. Gündəmdə ən çox danışılan mövzu virusdan ölənlər, bir də virusdan necə qorunmaq yoludur ki, hələ də maska taxıb-taxmamaq mübahisə mövzusudur.

Lazım olsa, biz də maska istehsal etməliyik

Həkim Vaqif Qarayev AYNA-ya deyib ki, Çində koronavirus meydana çıxandan sonra ilk defisit maskada oldu: “Sonra Rusiyada, başqa ölkələrdə virus olmadığı təqdirdə belə, maska satışı başladı. Hətta bizimkilər burdan maska göndərmək istədilər, qarşısı alındı. Cənubi Koreyadan videoya baxırdım, insanlar növbə mədəniyyəti ilə sıraya durmuşdulər, sadəcə maska almaq istəyirdilər”.

“Adi cərrahi maska virusdan qorumur, tez nəmlənir, virus da nəmə oturur, yoluxma baş verir. Hələ də taxaq-taxmayaq tərəddüdləri davam edir. Xüsusi respiratorlu maskalar var, yaxşı qorumaq qabiliyyətlidir. Çində də başlayıblar istifadəyə. Bu gün, ən azından insan maska taxırsa, psixoloji komfort yaranırsa, buna normal yanaşmaq lazımdır”, - həmsöhbətimiz bildirib.

Mütəxəssisin sözlərinə görə, bizdə də maska istehsalına başlamaq çətin olmazdı: “Deyilənə görə, maska istehsal edən avadanlığın qiyməti Türkiyədə 40 min dollardır. Müzakirə edirlər ki, mümkün deyil. Həmişə deyirəm, bizdə onsuz da mövsümi qriplər həmişə olub. Ötən ilin oktyabrından bizdə qrip virusu tuğyan edir, heç onda təşvişə düşmədik. Bütün hallarda maska qoruyucu kimi gərəklidir, ehtiyac var. Baxın, Gürcüstanda artıq maska istehsalına başlanacaq. Məncə, əhalini nə narahat edirsə, bu, həyata keçirilməidir. Koronavirusdan da qorunmaq üçün insanlar öz imkanı ilə, hökumət də öz imkanları ilə müdafiəni təşkil etməlidir. Pulsuz paylanmırsa, özümüz özümüzü qorumalıyıq”.
V.Qarayev cəmiyyətimizdə virus təhlükəsi ilə bağlı narahatlığını dilə gətirib: “Bizdə hər şeyə lağlağı ilə yanaşılır. İran sərhədi bağlanana qədər gərginlik içindəydim. Bu gün 500 insanın koronavirus təhlükəsi ilə karantində olması ciddi rəqəmdir. İndi baxıram ki, məktəblər bağlanıb, amma uşaqlar əyləncə mərkəzlərindədir. Demək, insanlarda ciddi narahatlıq yoxdur, fərqində deyillər ki, təhlükə hər yerdə ola bilər”.

Vərəm xəstəliyində maska tələb etməyənlərin təşvişi

“Sağlamlığa Xidmət” İctimai Birliyinin sədri, vərəm xəstəliyi üzrə mütəxəssis Elçin Muxtarlının fikrincə, kütləvi maska taxmaq panikadan başqa bir şey deyil: “İnsanların istifadə etdiyi maskalar onları heç cür virusdan qoruya bilməz. Maska xəstə adamlar üçündür. Sağlam insanlar üçün respiratorları olan qoruyucudan lazımdır. İnsan nəfəs alanda filterdən keçən hava ilə nəfəs alır. Geniş yayılan parçavarı maskanın hər tərəfi açıqdır, o bizi necə qoruya bilər? Belə maskaları xəstə adam taxır ki, asqıranda, öskürəndə, yaxud ucadan danışanda virusun yayılma əhatəsi çox olmasın. Maska mikrobun, yaxud virusların sağlam insanlara yayılmasının qarşısını alır”.

20 ildir vərəmli xəstələrlə işləyən mütəxəssis bildirib ki, onların istifadə etdiyi N98, N95 tipli maskalardır ki, bunlar tam təhlükəsizdir: “Amerikanın Xəstəliklərə Nəzarət Mərkəzinin baş cərrahı Cerome Adams da maskalardan istifadəni lüzumsuz hesab edir. O, məsləhət görüb ki, maska satışı və alışı dayandırılsın. Bir də ki, koronavirus insanların təsəvvür etdiyi qədər qorxulu deyil, sadəcə ÜST bunu mediayaya bu cür dəhşətli şəkildə təqdim edir. Baxın, ölkədə rəsmi statistakaya görə, ildə 440 adam vərəmdən ölür, bu, gündə bir neçə adamın ölümü deməkdir. Biz illərdir, vərəmlə mübarizə, insanlar arasında təbliğat aparırıq ki, xəstəliyin ciddiliyinə diqqət çəkək. Koronavirus kimi xəstəliklər, adətən payız-qış aylarında təsadüf edir. Vərəm isə ilin bütün fəslində insanların əhatəsindədir. 2018-ci ildə dünyada 1 milyon 500 min insan vərəmdən ölüb. Bu, koronavirusdan 25-30 dəfə çox deməkdir. Baxmayaraq ki, vərəmin tez müayinə zamanı müalicə yolları tapılıb və sağalmaq mümkündür”.

“Xəstələrin bizə yazığı gəlmir”

Koronavirus bəlası dünyada səs-soraq salmamış əvvəl də tibbdə maskalardan geniş istifadə olunurdu. Amma bu gün xəstələrlə daha yaxın təmasda olan diş həkimləri artıq maska taxsalar belə, daha çox təhlükə qarşısında hesab olunurlar. Baxmayaraq ki, stomatoloqlar maskadan istifadədən çox pasiyentlərin sarımsaqdan, soğandan istifadəsindən narahatdırlar.
Həkim-stomatoloq Əli Məcidovun sözlərinə görə, hər zaman gigiyenik qaydalara riayət etməyən, ağız qulluğundan uzaq pasiyentləri olub: “Bu işi seçmişiksə, hər şeyə qatlanmalıyıq, həmişəki kimi eyni parça maskalardan istifadə edirik. Amma son vaxtlar artıq diş həkiminə müraciət edənlər arasında da seyrəlmə var. Hamı virusdan çəkinir. Halbuki biz həkimlər daha riskli qrupuq. Pasiyentlər də sarımsaq-soğan yeyib gəlirlər, bizə yazıqları da gəlmir. Asqıranın, öskürənin həkimə müraciət etməsi də doğru deyil”.

“Almaniyada maska, spirt qəhətə çıxıb”

Bu arada Avropa ölkələrində də maska və maskadan istifadə dərdə çevrilib. AYNA-ya danışan, Almaniyada yaşayan soydaşımız Qurban Ələkbərovun sözlərinə görə, koronavirus söhbəti ortaya çıxandan bəri apteklərdə, marketlərdə dezinfeksiyaedici, virusdan qoruyucu vasitələr yoxa çıxıb: “Apteklərdə maska, tibbi spirt qəhətdir. Hətta tualet kağızının belə, satışda olduğunu nadir hallarda görmək olar. İllərdir buradayam, indi-indi alman zəkasına təəssüf edirəm. Belə bilməzdim. Burada da virusla bağlı məlumatsılıq var”.

Almaniyada yaşayan Nəzakət Zeynallı isə bildirib ki, satışda maska tapılmır: “Maraqlı ondadır ki, çox taxanı da görmək olmur, demək ki, maska taxmaqla panika yaratmaq istəmirlər”.

Geri qayıt