Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Füzuli Ələkbərovdan ölkənin imicinə böyük zərbə:
Füzuli Ələkbərovdan ölkənin imicinə böyük zərbə:22-04-2019, 13:18 |
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun varidatı haqda yeni məlumatlar əldə etmişik. diaaz.space xəbər verir ki, F.Ələkbərovun sahib olduğu mülklərin, torpaq sahələrinin bir hissəsinin siyahısı və fotoları AFN-in redaksiyasında mövcuddur. Nazir olduğu dönəmlərdə adı kifayət qədər geniş formada korrupsiyada hallanan sabiq məmur indi də dövlətə zərər vurmaqda davam edir desək, yanılmarıq. Belə ki, F.Ələkbərova və ailəsinə məxsus olan və gəlir potensialına malik əmlakların, boş torpaq sahələrinin istifadəsiz qalması, vergilərinin ödənməməsi müzakirə mövzusudur. Söhbət hansı mülk və torpaqlardan gedir? Yazımızın əvvəlində də qeyd edildiyi kimi, F.Ələkbərovun varidatı haqda redaksiyamıza ciddi faktlar məlumdur. Birinci yazı dərc edildikdən sonra sabiq nazirə məxsus olan Bakı şəhəri, Səbail rayonu, 156-cı məhəllə, Əliyarbəyov və X.Natəvan küçələrinin kəsişməsində, Fəvvarələr meydanının yaxınlığında yerləşən boş torpaq sahəsində fəaliyyət göstərən dayanacağın bağlanması haqda məlumat vermişdik. AFN-in araşdırmasının davamında aydın olur ki, əslində bağlanmalı olan obyektlərin sayı daha çoxdur. Çünki F.Ələkbərova məxsus şirkətlərdə ciddi qanun pozuntularına yol verilir. Mövzuya keçməzdən öncə onu qeyd edək ki, sabiq nazirin varidatının əsasını təşkil edən “Improtex” Şirkətlər Qrupudur. Şirkətlər Qrupuna “İmprotex Motors”, “İmprotex Trucks&Buses”, “İmprotex İndustries”, “İmprotex Travel” və Dubayda uzun illər fəaliyyət göstərən “IMEX AZ GENERAL TRADING L.L.C” (keçmiş İMEX Motors) şirkətləri (ünvan – UAE, Dubai,P .O.Box:15092, Al Bakhit Center, Office#403,Abu Baker Al Siddique street.) kimi şirkətlər daxildir. 1998-ci ildə təsis olunan BMW-nin Azərbaycanda yeganə rəsmi təmsilçisi “İmprotex Motors” şirkəti artıq 20 ildən artıqdır ki, böyük sayda BMW maşın və ehtiyat hissələrinin satışını təmin edir. Lakin bu satışlar nəticəsində həyata keçirilən maliyyə əməliyyatlarında bir sıra qeyri-şəffaf proseslər diqqəti cəlb edir. Belə ki, AFN-in araşdırması zamanı külli miqdarda vergidən yayınma hallarına yol verildiyi aydın olub. Son illərdə vergi siyasətində aparılan islahatlar “İmprotex” Şirkətlər Qrupunu məcbur edib ki, maliyyə fəaliyyətində kosmetik də olsa bəzi dəyişikliklər etsin. Təbii ki, yaranmış vəziyyət heç də şirkətə sərf etmir və əlavə qazanc üçün yollar axtarılır. Axtarış uzun sürmür. “Bacarıqlı” işlətməçilər bəyan olunmayan gəlirin daha da artırılması məqsədilə BMW şirkətindən xəbərsiz, tam qanunsuz – baş importyor müqaviləsinə zidd olaraq maşın və ehtiyat hissələrin alqı-satqısı ilə məşğul olmağa başlayırlar. Beləliklə, yalnız Azərbaycanda satışına icazə verilən maşın və ehtiyat hissələri ölkədən çox-çox uzaqlarda Çin, İran və bəzi Avropa ölkələrində guya Azərbaycana idxal olunma adı altında qanunsuz şəkildə satılır. İl ərzində Azərbaycanda 120-150 ədə BMW satıldığı halda, adları qeyd edilən ölkələrdə orta hesabla ildə 500-1000 ədəd arasında müxtəlif BMW modeli olan nəqliyyat vasitələri “xırıd edilir”. Azərbaycanda pərakəndə satışda maksimal olaraq ildə 120-150 ədəd maşın satan “İmprotex Motors”un bundan 3-4 dəfə artıq sayda maşının xaricdə satması və əldə olunan gəlirlərin rəsmən bəyan edilməyərək ofşor ölkələrdəki (əsasən BƏƏ) bank hesablarına köçürülməsi ciddi suallar ortaya çıxarır. Diqqətli oxucu bilməmiş olmaz ki, son illərdə Azərbaycanda BMW maşınlarının ciddi surətdə azaldığı müşahidə olunur. Bunun əsas səbəbi isə F.Ələkbərovun “BMW Bank”dan “Improtex” şirkətləri vasitəsi ilə külli miqdarda kredit götürməsi və bu kredit vəsaitlərindən təyinatına uyğun istifadə etməməsidir. Belə ki, əldə etdiyimiz məlumata görə, F.Ələkbərovun “BMW Bank”a təxminən 8 milyon avro kredit borcu var. Bankdan götürülən kredit məbləğlərinə BMW markalı avtomaşınlar alınaraq Azərbaycana gətirilməli olduğu halda, bu pul vəsaiti “Improtex” Şirkətlər Qrupunun digər fəaliyyət istiqamətlərinə (zavodun tikintisi, şirkətlər qrupuna daxil olan cəmiyyətlərin “PaşaBank” və Beynəlxalq Banka olan kredit borclarının ödənilməsi və s.) yönəldilib və F.Ələkbərovun şəxsi ehtiyaclarına xərclənib. Başqa sözlə, F.Ələkbərov ona məxsus şirkətlərin “PaşaBank” və Azərbaycan Beynəlxalq Bankına olan borclarını Almaniyanın “BMW Bank”ından alınmış kredit vəsaiti hesabına ödəyib. Məhz bu cür qanunsuz əməliyyatların nəticəsi olaraq BMW avtosalonunda daima avtomaşın çatışmazlığı mövcuddur və müştəri avtomaşın almaq istədiyi təqdirdə maşının dəyərinin yarısı alınaraq, yalnız 3 aydan sonra avtomaşının gətirilməsi mümkün olur. Bu hallar həm də BMW avtoservisinin fəaliyyətinə də ciddi şəkildə təsir göstərir. Belə ki, ehtiyat hissələri və avtoservisdə göstərilən xidmətlərin qiyməti real dəyərlərindən qat-qat artıq olmaqla lazımi keyfiyyətə də cavab vermir. Bununla da F.Ələkbərov BMW kimi nəhəng bir konsernin nüfuzunu Azərbaycanda heçə endirir desək, yanılmarıq. Ölkə bazarında bu və digər səbəblərdən satışın aşağı olması F.Ələkbərovu məcbur edib ki, xaricdə importyorluq sazişinə zidd olaraq satışlar həyata keçirsin. Bu isə istər BMW kimi nüfuzlu bir şirkətdə, istərsə də bu şirkətin digər portnyorlarında təbii ki, ölkəmizə qarşı mənfi fikir formalaşmasına səbəb olacaq addımdır. BMW şirkəti rəhbərliyinin hələlik baş verənlərdən bixəbər olması ölkəmiz üçün avantaj hesab edilə bilər. Qeyd edək ki, Donald Tramp ABŞ-da hakimiyyətə gəldikdən sonra Çinə qarşı tətbiq olunan məlum ticarət sanksiyaları nəticəsində ABŞ-da istehsal olunan bəzi BMW modellərinin Çinə ixracında ciddi problemlər yaranıb. Bunun nəticəsi olaraq isə F.Ələkbərovun daha bir qanunsuz “obyekti” gəlirdən məhrum olub deyə bilərik. Eyni vəziyyət “İmprotex Trucks&Buses” şirkətində də mövcuddur. Artıq 15 ilə yaxındır ki, dünyanın ən iri yük maşınları istehsalçısı olan Almaniyanın MAN şirkətinin maraqlarını Azərbaycanda “İmprotex Trucks&Buses” şirkəti təmsil edir. Bu şirkət MAN ilə imzaladığı importyor sazişinə zidd olaraq Avropada tam gizli və qanunsuz şəkildə artıq bir neçə ildir ki, ehtiyat hissələrinin satışı ilə məşğuldur. Burada da mallar üzrə maliyyə dövriyyəsi və əldə olunan gəlir tam şəkildə xaricdə yerləşən “İMEX Treydinq” şirkəti vasitəsilə aparılır və təbii ki, ölkəmizdə bəyan olunmur. Son illərdə böyük çətinliklər və əziyyətlə beynəlxalq biznes aləmində Azərbaycanın müsbət imicinin gücləndirilməsində prezident İlham Əliyevin gördüyü böyük işlər fonunda F.Ələkbərovun dünyanın ən iri avtomobil istehsalçısı olan şirkətə qarşi törətdiyi bu əməllər ifşa olunarsa, necə qiymətləndirilər?! Belə hallar ümumilikdə ölkəmizin biznes mühitinə, müsbət biznes imicinə böyük xələl gətirir və ümid edirik ki, aidiyyatı qurumlar bununla bağlı tədbir görəcəklər. Araşdırmalarımız davam edir. Geri qayıt |