AzVision.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) genişlənmə siyasəti üzrə ali komissarı Marta Kosun sözlərinə görə, Brüssel Ermənistanın enerji infrastrukturunun inkişafına və regional şəbəkələrə inteqrasiyasına 500 milyon avro sərmayə qoyacaq.
“Vəsaitlər Ermənistanla Gürcüstanın enerji sistemlərini birləşdirmək, həmçinin Ermənistan-Türkiyə xəttində gələcək işlər üçün nəzərdə tutulub ki, bu da İrəvanın Rusiyanın enerji resurslarından asılılığını azaldacaq. Brüssel oxşar proqramları regionun digər ölkələrində - Ukraynada, Moldovada, həmçinin Aİ daxilində həyata keçirir”, - avrokomissar vurğulayıb.
Bu kontekstdə, Marta Kos Ukraynada müharibə başlayandan bəri Aİ-nin Rusiya kömür və neftindən demək olar ki, tamamilə imtina edə bildiyini və tədricən Rusiya qazından asılılığını azaltdığını xatırladıb.
Onun sözlərinə görə, Daşkənddə əldə olunan razılaşma Ermənistan və Gürcüstanın elektrik şəbəkələrinin sinxronlaşdırılması, habelə Cənubi Qafqazda elektrik enerjisinin qarşılıqlı mübadiləsi üçün etibarlı mexanizmin yaradılması məqsədi daşıyan “Qafqaz Enerji Sistemi” layihəsi çərçivəsində Ermənistanın dəstəyini nəzərdə tutur. Layihədə Almaniyanın “KfW” inkişaf bankı da iştirak edir.
- Bundan əlavə, Aİ 2026-cı il parlament seçkiləri ərəfəsində Ermənistanın kibertəhlükəsizliyini gücləndirmək və potensial hibrid təhlükələrə qarşı mübarizə üçün əlavə 12 milyon avro ayırmağı planlaşdırır. Bu dəstək təkcə dövlət qurumlarına deyil, həm də davamlı informasiya mühitinin yaradılmasında mühüm rol oynayan vətəndaş cəmiyyəti və mediaya veriləcək”, - avropalı məmur deyib.
Aİ-nin yeni proqramlarının Ermənistandakı ictimai institutlara hibrid təhdidləri müəyyənləşdirmək, proqnozlaşdırmaq və onlara operativ reaksiya vermək bacarıqlarını artırmağa kömək edəcəyi gözlənilir.
Avropa İttifaqı (Aİ) Ermənistanın enerji təhlükəsizliyi və davamlılığı ilə bağlı layihələrdə iştirakını əhəmiyyətli dərəcədə genişləndirmək niyyətindədir.









