Məlum olduğu kimi, ölkədə dabaq xəstəliyi ilə əlaqədar sağlam, halal ət tapmaq çətinləşib.
Ölkədə xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə oktyabrın 25-dən etibarən heyvan bazarları müvəqqəti bağlanıb.
Son vaxtlar xəstəlik bir qədər səngisə də, qəssablar hələ də sağlam və yerli heyvan tapmaqda çətinlik çəkdiklərini bildirirlər.
“Cebheinfo.az” xəbər verir ki, məhz xəstəlik səbəbindən ətin qiymətində artım da müşahidə olunur.
Belə ki, əvvəllər 16 manat olan dana əti artıq 17-18 manata, quzu əti isə 20 manatadək yüksəlib. Vətəndaşlar isə qiymətin daha da artacağından narahatdırlar.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ən son yaydığı məlumatlara görə, ölkə üzrə 14 heyvan bazarında yenidənqurma işləri davam edir.
Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Göyçay, Göygöl, İmişli, Salyan və Şamaxı rayonlarında yerləşən bazarlar AQTA-nın təsdiq etdiyi baytarlıq-sanitariya normalarına uyğun olaraq mərhələli şəkildə təmir olunur.
İşlər çərçivəsində dezbaryerlərin quraşdırılması, ərazinin hasarlanması, heyvan baxış platformalarının tikilməsi, çardaqların və satış pavilyonlarının qurulması, asfaltlama və betonlama işləri həyata keçirilib.
Bazarlara rampalar və arakəsmələr quraşdırılaraq texniki şərait standartlara uyğunlaşdırılır.Abşeron, Masallı, Qazax, Xaçmaz və Zaqatala rayonlarında yerləşən bazarlarda isə rekonstruksiya işlərinə yeni başlanılıb və qısa müddətdə intensiv şəkildə icra olunması nəzərdə tutulur.
Lakin heyvan bazarlarının açılacağı dəqiq tarix hələ məlum deyil. Qarşıdan Yeni il və digər bayram günləri gəlir, bu dövrdə ət və ət məhsullarına tələbat hər zaman olduğu kimi əhəmiyyətli dərəcədə artır.
Bayram süfrələrini ətlərsiz təsəvvür etmək mümkün deyil, ailələr bu günlərdə daha çox dana, quzu və toyuq əti alır, ənənəvi yeməklər hazırlayırlar. Heyvan bazarları tezliklə açılamasa, yaxın günlərdə ət qiymətlərinin artacağı ehtimal edilir.









