“Son günlər AXCP funksionerləri barəsində başlanmış cinayət təqibi ilə əlaqədar müşahidə olunan ajiotaj boğaza qədər çirkaba batmış ünsürlərin narahatlığından başqa bir şey deyil. Çünki aidiyyəti cinayət təqibi kimisə cəzalandırmağa yox, yalnız qanunla cinayət hesab olunan əməli törədənlərin ifşası və məsuliyyətə cəlb etməsini nəzərdə tutur. Görünür, AXCP funksionelərini qorxudan da elə budur. Onlar bilir ki, bu araşdırma xəyanətlərinin ifşasında ehtiva olunan siyasi sondur. Çünki Ulu Öndərin hələ 29 dekabr 2000-ci ildə xalqa müraciətində də ifadə olunduğu kimi Qorboçovun yenidənqurma siyasətini dəstəkləyən bir qüvvə kimi rəsmi qeydiyyata alınan Xalq Cəbhəsi, hər zaman imperializmin bürosu olub”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri deputat Bəhruz Məhərrəmov Milli Məclisin bugünkü iclasında deyib.
“Düzdür, indi özlərini Rusiya əleyhdarı qüvvələr kimi təqdim etməyə cəhd göstərirlər, amma bu sadəcə ucuz populizm və gözə kül üfürmədir. Nə Elçibəyə qədər, nə Elçibəydən sonra heç bir prezident “Rusiya–Azərbaycan sərhəddi olmamalıdır”, yaxud “Azərbaycan–İran sərhədlərini Rusiya ilə müştərək qorumalıyıq” kimi bəyanatlar verməyib.
Ona görə də Cəmil Həsənli kimi heç bir milli və əxlaq dəyəri olmayan siyasi buqələmun çevriliş cəhdi ittihamlarını öz aləmində rədd edib deməməlidir ki, AXCP-nin əsas məqsədi Rusiyaya qarşı mübarizə aparmaq olub. Arqument gətirilər ki, guya bunlar rus qoşunlarını ölkədən çıxarıb. Yaxşı, AXCP rus ordusunu ölkədən çıxarmışdısa, 2012-ci ilə qədər 2 mindən artıq rus hərbçisi Qəbələ RLS-də necə xidmət edirdi?
Əgər bir ölkənin Ali Baş Komandanı Azərbaycan–İran sərhədlərinin Rusiya hərbçiləri tərəfindən qorunmasını dili ilə deyirdisə, rus əsgərlərinin ölkədən çıxarılması barədə tezislər əbləhlikdir. Rus əsgərini Azərbaycandan İlham Əliyev çıxarıb: 2012 və 2024-cü illərdə.
İndi öz xəyanətləri fonunda hazırkı Azərbaycan iqtidarını Rusiya ilə müttəfiqlikdə ittiham etməyə çalışırlar. O zaman cavab versinlər: bu müttəfiqlik hansı milli maraqlar bahasına başa gəlib?
Kərimli-Mehdiyev cütlüyü kimi xəyanətkarların simasında hakimiyyət çevrilişi üçün gözü şimalda, əmrə müntəzir dayanan qüvvələrdən fərqli olaraq İlham Əliyev iqtidarı bütün münasibətlərdə Azərbaycanın ləyaqətli bərabərhüquqlu tərəf kimi hərəkət azadlığını təmin edib.
Bu müstəqil siyasət bizə Rusiyanın müttəfiqi olan Ermənistanın müharibədə yerlə yeksan edilməsi, rus sülhməramlılarını vaxtından ilyarım əvvəl Qarabağdan çıxarılması, təyyarə qəzasına görə bu ölkə rəhbərliyinin üzr istəməsi kimi çoxsaylı nümunələrin misalında suveren iradə nümayiş etdirməyə imkan verib.
Ona görə də manipuliyasiyalara, qalxan ajiotajlara qətiyyən meydan verilməməlidir. Aidiyyəti orqanlar qətiyyətli davranmalı, antimilli maraqların təşkilatlandığı AXCP-nin fəaliyyətinə birmənalı son qoyulmalı, eyni radikal mövqe sərgiləyən digər siyasi ünsürlər ətrafında araşdırmalar başlamalıdır.
Bu gün Azərbaycandan başqa heç bir keçmiş sovetlər birliyi ölkəsində Xalq Cəbhəsi anlayışı qalmayıb. Bu bitmiş bir məfhumdur və unutmayaq ki, heç bir “demokratiya” oyunu milli maraqdan daha üstün deyil”, – Bəhruz Məhərrəmov qeyd edib.









