Azərbaycan Avropa İttifaqının, o cümlədən Aİ-nin "Qlobal Qapı" təşəbbüsü çərçivəsində yeni nəqliyyat kompozisiyasının bir hissəsi olmasını istəyir. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib. O qeyd edib ki, Zəngəzur dəhlizi vasitəsilə illik 15 milyon ton yük daşınacaq və bu dəhlizin Azərbaycan hissəsinin inşası 2026-cı ilə qədər başa çatacaq. H.Hacıyev vurğulayıb ki, Bakı Avropa İttifaqını yeni yaranan bu nəqliyyat kompozisiyasında görməyə şad olar. Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələr son illərdə enerji diplomatiyasından iqtisadi inteqrasiyaya, rəqəmsal islahatlardan ətraf mühit layihələrinə qədər bir sıra mühüm sahələrdə dərinləşərək strateji səviyyəyə yüksəlib. Avropanın enerji təminatını müxtəlifləşdirmək üçün Bakı-Tbilisi-Ceyhan neft kəməri və TANAP qaz boru kəməri böyük əhəmiyyət daşıyır, eyni zamanda, bu layihələr Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi tanınmasına yardım edir. Bu ümumi çərçivədə Zəngəzur dəhlizinin açılışı və onun gələcək perspektivləri həm Avropa üçün yeni ticarət marşrutu, həm də regionun geoiqtisadi mənzərəsində dönüş nöqtəsi kimi qiymətləndirilir.
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, siyasi şərhçi Əliməmməd Nuriyev Sherg.az-a deyib ki, Brüsseldə çıxışı zamanı Hikmət Hacıyevin dediyi "Azərbaycan Avropa İttifaqını bu nəqliyyat kompozisiyasının iştirakçısı kimi görmək istəyir" fikri, əslində, Azərbaycanın bölgədə formalaşdırdığı yeni geoiqtisadi yanaşmanın davamıdır. Ekspertin fikrincə, bu bəyanat diplomatik sözlərdən çox, praktiki mesaj daşıyır: "Bakı Avropa ilə münasibətləri təkcə siyasi kommunikasiya səviyyəsində deyil, real layihələr üzərində qurmağa çalışır. Zəngəzur dəhlizinə dair göstərilən parametrlər, yəni 15 milyon ton yük həcmi və 2026-cı ilə qədər infrastrukturun tam hazır olması Avropa üçün nəzərdə tutulan çərçivənin konturlarını aydınlaşdırır. Bu, "layihə var" demək deyil, "layihə işlək vəziyyətdə olacaq və Avropa bu prosesə indi qərar verməlidir" deməkdir. Müasir geosiyasətdə etibarlılıq və vaxtında icra ən böyük üstünlükdür. Bakı bunu nümayiş etdirir. Aİ-nin "Qlobal Qapı" təşəbbüsü çərçivəsində Mərkəzi Asiyaya çıxış axtarışı hələ də tam həllini tapmayıb. Şimal marşrutu siyasi risklər səbəbindən əvvəlki çəkisini itirib. Cənub isə logistika baxımından səmərəli deyil. Xəzər hövzəsi və Cənubi Qafqaz bu boşluğu doldurur. Bu mənzərədə Azərbaycan yalnız tranzit nöqtəsi deyil, xəritənin bağlayıcı elementidir. H.Hacıyevin Brüsseldə verdiyi siqnalın bir başqa tərəfi də var. Azərbaycan özünü bu böyük dəhlizin passiv benefisiarı kimi deyil, təşəbbüskarı kimi təqdim edir. Əgər 2026-cı il üçün konkret tamamlanma tarixi göstərilirsə, bu, tərəfdaşlara aydın seçim təklifidir. İnfrastruktur hazır olacaq və bu prosesdə iştirak etmək üçün zaman pəncərəsi geniş deyil".
Analitikə görə, Avropa üçün bu çağırış yalnız iqtisadi imkan anlamı daşımır: "Təchizat zəncirlərinin dəyişdiyi, qlobal rəqabətin sərtləşdiyi bir vaxtda Mərkəzi Asiya ilə sabit ticarət xəttinə malik olmaq həm də təhlükəsizlik məsələsidir. Çin–Qazaxıstan–Xəzər–Azərbaycan marşrutu tonaja görə artıq rəqabət qabiliyyətlidir. Dəhlizin avtomobil, dəmir yolu və multimodal imkanları Avropanın uzunmüddətli maraqları ilə ziddiyyət təşkil etmir, əksinə, onlara uyğunlaşır. Bu layihənin siyasi çəkisi də nəzərə çarpır. Regionda yeni güc mərkəzi formalaşır və Azərbaycan bu mərkəzin aparıcı aktorlarından birinə çevrilir. Zəngəzur dəhlizi yalnız iqtisadi xətt deyil; bölgənin gələcək nizamının necə qurulacağına dair test məqamıdır. Bakı Avropaya açıq qapı göstərir: bu nizamdan kənarda qalmaq və ya yeni sistemin içində olmaq seçimi. Bütün bunların fonunda Hikmət Hacıyevin açıqlaması tərtibli siyasi bəyanatdan çox, real vəziyyətin təqdimidir. Azərbaycan Aİ-yə mesaj verir ki, bu dəhliz qapalı regional layihə deyil; Avrasiyanın geniş ticarət xəritəsinə daxil olan bir sistemdir. Avropa bu sistemə qoşularsa, geoiqtisadi rəqabətdə mövqeyini gücləndirəcək. Qoşulmasa, yaranan yeni oxun kənarında qalmaq riski var".









