Ermənistanda qeydiyyatdan keçmiş təyyarələrin Avropa İttifaqı daxilində uçuşlarına qoyulan qadağa siyasi deyil, texniki proseslərə görə qüvvədə qalır.
"Unikal" xəbər verir ki, bu barədə Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Brüsseldə erməni jurnalistlərlə görüşü zamanı bildirib.
Diplomatın sözlərinə görə, Ermənistan hələ də özünü Aİ-nin uçuş təhlükəsizliyi siyahısından çıxarmaq üçün bəzi addımlar atmayıb: "Bu məsələ Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyinin əlindədir. Onların qiymətləndirməsinə əsasən, Ermənistanın görməli olduğu bəzi işlər var və biz Ermənistanın Mülki Aviasiya Komitəsi ilə əlaqə saxlayırıq və görülməli olan hər şey görülməyənə qədər hələ ki, yeni qərar qəbul edilməyib.
Beləliklə, bir daha deyirəm ki, bu, texniki prosesdir, bunun ölkənin siyasi münasibətləri ilə heç bir əlaqəsi yoxdur, biz sadəcə əmin olmaq istəyirik ki, təhlükəsizlik baxımından hər şey qaydasındadır. Buna görə də biz Tvinninq prosesində konkret yardım təklif etmişik, sonra maliyyələşdiriləcək. Bu, bizim üzv dövlətlərimizdən bu sahədə təcrübəsi olan ekspertlərin bu məsələdə hökumətinizə kömək etdiyi xüsusi alətdir".










