Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhd və quldurluqda təqsirləndirilən Cümşüd Abbasovun barəsindəki cinayət işinin bəzi detalları məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub ki, hadisə 29 may 2025-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən yaşayış binasındakı evlərdən birində qeydə alınıb.
Belə ki, təqsirləndirilən şəxs həmin gün saat 16 radələrində 1956-cı il təvəllüdlü ahıl qadın – Cəmilə Əsədovanın (adı, soyadı şərtidir) yaşadığı mənzilə quldurcasına basqın edib. O, zərərçəkmişin tək yaşamasından və özünümüdafiə imkanının zəif olmasından istifadə edərək əvvəlcə özünü qonşu kimi təqdim edib, binada elektrik və su ilə bağlı guya ümumi problem olduğunu bildirərək qadını aldadıb qapını açdırıb. Mənzilə daxil olduqdan sonra Cümşüd üzərində gətirdiyi deşici-kəsici aləti nümayiş etdirərək qadına məxsus pul və qiymətli əşyaları tələb edib. Zərərçəkmişin belə vəsaiti olmadığını bildirməsi isə onu daha da aqressivləşdirib. O, qadına qarın və döş boşluğuna çoxsaylı zərbələr endirərək qəsdən öldürməyə yönəlmiş niyyətini həyata keçirməyə cəhd edib.
Daha sonra təqsirləndirilən şəxs Cəmilə Əsədovanın qollarını və ayaqlarını baş örtüyü ilə bağlayaraq onu tam köməksiz vəziyyətə salıb və mənzildəki əşyaları axtarmağa başlayıb. O, zərərçəkmişin qulağındakı 720 manat dəyərində qızıl sırğanı, masanın üzərindəki 5 manat, habelə 180 manat dəyərində “Samsung Galaxy A10” mobil telefonunu ələ keçirib. Ümumilikdə 905 manat dəyərində əmlak talanıb.
İttiham aktında qeyd olunur ki, təqsirləndirilən şəxs qadının köməksiz vəziyyətdə çarpayı üzərində oturmuş halından istifadə edərək ona yenidən çoxsaylı kəsici-deşici xəsarətlər yetirib. Zərbələr nəticəsində mədə, qaraciyər, diafraqma, bağırsaqlar və döş qəfəsi kimi həyati vacib orqanlar zədələnib, zərərçəkmiş ağır dərəcəli xəsarətlər alıb. Cinayətkar qadının həyatda qalma ehtimalının olmadığına əmin olaraq mənzili tərk edib.
Lakin Cəmilə Əsədova bir müddət sonra özünü toparlayaraq bağlarını açıb mənzildən çıxmağa nail olub. Binanın qarşısında toplaşan sakinlər tərəfindən dərhal təcili tibbi yardım çağırılıb və qadın xəstəxanaya çatdırılaraq təcili əməliyyat olunub. Həkimlərin müdaxiləsi sayəsində onun həyatı xilas edilib.
İstintaqın gəldiyi nəticəyə görə, Cümşüd Abbasov Cinayət Məcəlləsinin xüsusi amansızlıqla, quldurluqla əlaqədar qəsdən adam öldürməyə cəhd edib və bu hərəkətlər onun şəxsi iradəsindən asılı olmayan səbəblərdən başa çatmayıb.
Məhkəmə baxışı zamanı dindirilən Cümşüd Abbasov Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.9, 29,120.2.11 və 181.3.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini söyləyib. O, ifadəsində hadisə zamanı içkili olduğunu, zərərçəkmişin qapısını döyərək içəri daxil olduğunu, ondan pul istədiyini, rədd cavabı aldıqdan sonra bıçaqla xəsarət yetirdiyini deyib. Daha sonra evdən 5 manat pul və bir cüt qızıl sırğa götürərək oradan uzaqlaşdığını söyləyib.
Təqsirləndirilən şəxs suallara cavabında zərərçəkmişi əvvəldən qonşu kimi tanıdığını, narkotik vasitələrdən istifadə etdiyini, lakin hadisə zamanı yalnız içkili olduğunu bildirib. Onun sözlərinə görə, həmin gün işıq bir neçə dəfə sönüb-yandığı üçün qapını döyərək “Salmanın oğlu” olduğunu deyib və işıqla bağlı məlumat almaq istəyib. Zərərçəkmişin “yanır” cavabından sonra özünü qonşu kimi təqdim edərək qapını açmasını istəyib. O, içkinin təsiri altında olduğunu və hadisəni bu vəziyyətdə törətdiyini qeyd edib.
Təqsirləndirilən şəxs bıçağı evdən götürdüyünü, əldə etdiyi qızıl əşyaları daha sonra lombarda verdiyini, şəxsiyyət vəsiqəsi olmadığından qonşusunun vəsiqəsindən istifadə etdiyini bildirib. Sırğanın zərərçəkmiş tərəfindən çıxarılıb verildiyini iddia edib. Hadisə zamanı neçə bıçaq zərbəsi vurduğunu xatırlamadığını, niyyətinin nə olduğunu tam bilmədiyini deyib. O, zərərçəkmişin qaça bilməməsi üçün onun əlini şalla bağladığını bildirib.
Cümşüd ifadəsinin sonunda əməlindən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəzanın təyin edilməsini xahiş edib.
Bakı Ağı Cinayətlər Məhkəməsinin qərarı ilə Cümşüd Abbasova 17 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.










