Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi daha böyük məbləğli tenderin nəticələrini açıqlayıb.
"DİA-AZ" xəbər verir ki, satınalma üzrə qalib “S.H. İnşaat Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Qalib şirkətlə 9 milyon 226 min 796 manat məbləğində müqavilə imzalanıb.
Satınalma ölkə üzrə müxtəlif məktəbəqədər və ümumtəhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin görülməsini əhatə edir. Ehtimal olunan qiymət isə 9 milyon 951 min 023,15 manat idi.
Qeyd edək ki, "S.H. İnşaat Xidməti" MMC daha əvvəl də qurum tərəfindən keçirilən tenderin qalibi olub. Həmin Respublikanın bir sıra təhsil müəssisələrinin təmiri və abadlıq işləri ilə bağlı idi və şirkət 8 milyon 777 min 208,62 manat məbləğində sifariş qazanmışdı (30.10.2025).
Qeyd edək ki, “S.H. İnşaat Xidməti” MMC 2011-ci ildə yaradılıb, nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Səməd Heydərov İsmayıl oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 24, məhəllə 540, mənzil 11 ünvanında yerləşir.










