“Azərbaycan heç vaxt Türkmənistan olmayacaq, narahat olmayın, birincisi, Azərbaycanın tarixi, ADR-i, ənənələri var, ikincisi, Türkmənistan olmaq çox bahalı layihədir”.
Bizimesr.az bildirir ki, bunu bunu REAL Partiyasının sədri ,iqtisadçı ekspert Natiq Cəfərli özünün sosial şəbəkə hesabında deyib.
Onun sözlərinə görə, Türkmənistanda hakimiyyət xalqın bir çox hüquqlarını əlindən alıb: “Amma, əvəzində minimum əmək haqqı (qeyd: bütün rəqəmlər Azərbaycan manatı ilədir) 581 manatdır, benzin 71 qəpikdir, elektrik enerjisinin 35 kilovatt/saat pulsuzdur, limiti keçəndə 1000 kilovatt/saat 12 manat 13 qəpikdir, təbii qazın 1000 m3-i cəmi 13 manat 60 qəpikdir, amma, hər ay 50 m3 pulsuz qaz da verilir. 2024-cü ildə Türkmənistanda adambaşına düşən ÜDM 9166 dollar, Azərbaycanda isə 7284 dollar olub.
Yəni, Türkmənistan olmaq üçün Azərbaycan hökuməti indikindən 50% çox büdcə, indikindən 30% çox ÜDM təmin etməli, daha səmərəli və ədalətli sosial siyasət (uşaq pulu, kommunal xidmətlərin ucuzlaşması, benzinin 70 qəpik olması və s.) həyata keçirilməlidir. Bu mümkün deyil, mümkün olmayacaq da – Körfəz ölkələrinin də təcrübəsi onu deməyə əsas verir ki, hakimiyyət haqqları alanda, əvəzinə nəsə verir, hüquqları məhdudlaşdırıb, əvəzində heç nə verməyəndə sosial və siyasi narazılıq pik həddə çatır.
Ona görə də, bəzi adamların, kiçik qrupların, “Əli Kərimli həbs olundu, biz artıq Türkmənistanıq”, tezisi çürükdür, əsassızdır, xalqa, topluma, tariximizə hörmətsizlikdir. Hə, hökumət “ucuz qiymətə” bunu etmək istədrdi, amma, edə bilməz, dediyim kimi, bu bahalı layihədir və toplum buna imkan verməz. Ona görə də, ADR-ın genlərimizə vurduğu “peyvəndlə” əsl Respublika uğrunda çalışmağa davam etmək lazımdır, bu yolla da gedəcəyik.
Azərbaycanda bu gün həbsdə olan jurnalistlərə, sivil toplum nümayəndələrinə azadlıq arzu edirəm. Həbsdə olan siyasətçilərə, o cümlədən Əli Kərimliyə, ünvanlarına səsləndirilən iddialara faktlarla cavab verməyi, günahı yoxdursa, tezliklə azadlıqda olmaqlarını diləyirəm.
Hökumətə sözüm budur ki, “Ramizgate” işində ciddi iddiaları əsaslandıra bilməsələr, daşdan keçən sübutlar, faktlar ortalığa qoymasalar, Dövlət adlanan institutun adına ləkə, nüfuzuna kölgə sala bilərlər. Dövlət isə bizimdir, hamımızındır, dövlətin ciddiliyinə şübhə toxumu düşməsinə imkan vermək olmaz. Ümid edirəm ki, bunu anlayırlar”.










