Məhkəmə çəkişmələrinin uzanması "Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") xaricdə müalicə olunmasına maneə yaradır.
"Report"un məlumatına görə, bu barədə Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İsfəndiyar Axundovun vəkili Ülvi Nəsibli deyib.
Belə ki, prosesdə AMEA-nın Nəsimi adına dilçilik istitutunun əməkdaşı Nəzakət Qaziyeva iştirak edib. O, fəaliyyəti ilə bağlı müəyyən sənədləri məhkəməyə təqdim etmədiyi üçün hakim prosesin təxirə salınması üçün tərəflərin fikrini soruşub.
Zərərçəkən tərəfin vəkili Asim Abbasov iş üzrə dindirilən ekspertin təcrübəsini, eləcə də iş üzrə düzgün rəy verəcəyini müəyyən etmək üçün sözügedən sənədlərin zəruri olduğunu bildirib. Buna görə də o, prosesin təxirə salınmasını istəyib.
Təqsirləndirilən İsfəndiyar Axundovun vəkili Ülvi Nəsibli sözügedən məsələnin texniki olduğunu, bunun üçün prosesin təxirə salınmasına ehtiyac olmadığını deyib: "Müvəkkilim səhhətində olan problemlə bağlı müalicə alır. Hər dəfə məhkəmə çəkişmələrinin davam etməsi onun müalicə olunmasına maneə yaradır. Həmçinin, bu proseslər İsfəndiyar Axundovun xaricdə müalicə olunmasına da əngəl törədir. Biz prosesin uzanmaması üçün iclasın təxirə salınmamasını istəyirik".
Ekspert sənədlərini qısa vaxt ərzində təqdim edə bilmədiyi üçün proses noyabrın 14-nə kimi təxirə salınıb.
Xatırladaq ki, ötən prosesdə Linqivistik ekspertizanın rəyi elan olunmuşdu. Belə ki, həmin rəydə ekspertin təqsirləndirilən İsfəndiyar Axundovun xüsusi ittihamçı Emil Səməndərovu təhqir etdiyi qənaətinə gəldiyi bildirilmişdi.
İsfəndiyar Axundovun vəkilləri Ülvi Nəsibli və Şahbaz Kərimli isə ekspertiza rəyinin ziddiyyətli olduğunu deyərək AMEA-nın Dilçilik İnstitutundan əlavə mütəxəssis çağırılması ilə bağlı vəsatət vermişdilər, məhkəmə sözügedən vəsatəti təmin etmişdi.
Qeyd edək ki, İsfəndiyar Axundov "Proqress 2016 MTK"nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.
Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.
O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.









