
Ukraynanın xarici işlər naziri Denis Şmıqal ABŞ ilə mineral sazişinin imzalanacağını təsdiqləyib. Nazir Ukrayna və ABŞ-ın hər iki hökumətin mülkiyyətində olacaq və birlikdə idarə ediləcək Yenidənqurma İnvestisiya Fondu yaradacağını açıqlayıb.
Şmıqal ölkəsinin yeraltı və təbii sərvətlərinin ABŞ, yaxud digər bir ölkəyə deyil, elə Ukraynaya məxsus olaraq qaldığını bildirib. Onun sözlərinə görə, Kiyev təbii yataqlardan əldə ediləcək gəlirlərin 50 faizini fonda köçürəcək, bu vəsait isə Ukraynanın bərpasına yönəldiləcək.
Nazirin açıqlamalarına rəğmən bu məsələ Kiyevin Vaşinqtonun tələbini qəbul etməsi və ölkənin mineral ehtiyatlarının təhvili kimi dəyərləndirilir.
Ukrayna uğrunda mübarizə apardığı torpaqlarını itirir?
Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqarlı deyib ki, ABŞ-ın imzalamaq istədiyi mineral sazişlə bağlı ilkin təklifləri və təzyiqləri Kiyev hökumətinin fonunda Ukrayna xalqına qarşı hörmətsizlik idi:
“Prezident Volodimir Zelenski sözügedən təklifi qəbul etməməlidir, çünki bu, ölkənin maraqlarının satılması mənasına gəlir. Hazırda Ukrayna çətin durumdadır, ABŞ-ın Rusiya ilə sövdələşməsi və bu ölkəyə təzyiqləri Zelenski ilə yanaşı, Avropa İttifaqı (Aİ) üçün də mənfi nəticələr doğurur. Ukrayna prezidenti məhz buna görə tələsik şəkildə Türkiyəyə getdi, Aİ ölkələrinin liderləri isə eyni zamanda toplantı keçirərək məsələni müzakirə etdirlər.
İttifaqın xüsusilə lider ölkələri çox yaxşı bilirlər ki, ABŞ Prezidenti Donald Trampın onlara qarşı güclü təzyiqləri olacaq. Bu səbəbdən Kiyev kartından Vaşinqtona təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Digər tərəfdən Rusiya ABŞ-ın Ukraynaya silah verməsi, həmçinin Suriyada hakim mövqedə olması kimi amilləri nəzərə alaraq görüşün Türkiyədə deyil, Səudiyyə Ərəbistanında keçirilməsinə razılaşdı. Bununla da Ankaranın prosesdən kənarda qalacağının mesajını verdilər”.
Ekspertin sözlərinə görə, Prezidenti Rəcəb Tayyib Ərdoğan Zelenskini ölkəsində qəbul etməklə Türkiyəsiz heç bir planın reallaşa bilməyəcəyini önə sürdü:
“Bu baxımdan istər Avropa İttifaqı ilə Birləşmiş Ştatlar arasındakı ziddiyyətlər, istərsə də Türkiyənin güclü aktor olaraq prosesə müdaxiləsi Zelenskiyə manevr imkanları verir. Nəticə olaraq yaxın perspektivdə Ukraynanın maraqları nəzərə alınmadan addım atılmayacaq. Yəni sadəcə Vaşinqtonun maraqlarını özündə ehtiva edən saziş imzalanmayacaq.
Zelenski də Türkiyə və Aİ-nin maraqları fonunda Kiyev üçün yaranan fürsətləri dəyərləndirməyə və Ukraynanın maraqlarının maksimum təmin olunmasına çalışır”.