Əsas Səhifə > Cəmiyyət / Manşet > VERGİDƏN YAYINMA SXEMİ LEQALLAŞIR?

VERGİDƏN YAYINMA SXEMİ LEQALLAŞIR?


Dünən, 09:58

"Mənzil Məcəlləsinə görə çoxmənzilli binanı bir idarəedici təşkilat idarə edə bilər. Amma Bakıda belə binalardan birini iki hüquqi şəxs idarə edir: sadəcə blokları aralarında bölüblər. Hər iki hüquqi şəxsin sahibi də, direktoru da, ünvanı da, hətta işçiləri də eyni şəxslərdir. Yəni sadəcə eyni fəaliyyət iki hüquqi şəxs arasında bölüşdürülüb. Niyə? Qanunu niyə pozublar?" "DİA-AZ" xəbər verir ki, bu barədə tanınmış hüquqşünas Əkrəm Həsənov özünün "Facebook" səhifəsində məlumat açıqlayıb.
O daha sonra bunları qeyd edib: "Sakinlərin iddiası ilə başlanmış məhkəmə işi əsnasında bu hüquqi şəxslərin vergi hesabatları əldə edildi. Məlum oldu ki, bir il ərzində onların birgə dövriyyəsi 200.000 manatdan çoxdur. Yəni fəaliyyəti bir hüquqi şəxs həyata keçirsəydi, ƏDV ödəyicisi olacaqdı. Məhz bu verginin ödənilməsindən yayınmaq üçün Mənzil Məcəlləsini pozaraq binanı idarə edirlər. Hələ ötən ilin mart ayında Dövlət Vergi Xidmətinə bu barədə məlumat versəm də, heç bir tədbir görülmür.
Halbuki, məsələn, digər məhkəmə işimdə vergi orqanı bir ailənin üzvü olan şəxslərə məxsus müxtəlif fəaliyyətlə məşğul olan hüquqi şəxslərin əməkdaşlığını problemə çevirib ki, guya əslində onlar bir şəxsdir və mikro sahibkarlıq subyekti kimi vergi güzəştindən yararlana bilməz. Yəni burada nəinki hüquqi şəxslərin təsisçiləri, həmçinin fəaliyyətləri də fərqli ola-ola vergi orqanı onları bir subyekt kimi qələmə verir. Barəsində bəhs etdiyim məsələdə isə təsisçilər də, direktor da, fəaliyyət də eynidir. Belə çıxır ki, vergi orqanı aşkar pozuntuya göz yumur, olmayan pozuntularla məşğul olur.
Məsələ ilə əlaqədar Məhkəmə-Hüquq Şurasına, habelə İqtisadiyyat nazirinə də müraciət etmişik. Görək nə deyirlər. Bəlkə doğrudan da bu yolla vergidən yayınmaq olar. Elədirsə, desinlər, hamı bəhrələnsin də...
P.S. Barəsində söz açdığım məhkəmə işi mahiyyətcə binanı qanunsuz idarə edən bu iki hüquqi şəxsin oradan çıxarılması ilə bağlıdır. Onlar iddia edir ki, guya sakinlərin ümumi yığıncağı keçirilib və onları orada təyin ediblər. Biz də məhkəməyə deyirik ki, “qızın iki ədaxlısı” ola bilməz axı, qanuna görə bir idarəçi olmalıdır. Deməli, qərar etibarsızdır və onlar oradan çıxarılmalıdır. Qərarda baqşa pozuntular da var. Məsələn, 1 kv.m. üzrə fərqli ödəniş tarifləri müəyyən olunub, halbuki Mənzil Məcəlləsinə görə bütün mənzillər üçün vahid tarif olmalıdır. Buna baxmayaraq, Nəsimi rayon məhkəməsi də, Bakı Apellyasiya Məhkəməsi də qeyd edilənləri və digərlərini pozuntu hesab etmədi. Vergidən yayınma məsələsinin də üstündən keçdilər..."

Geri qayıt