Əsas Səhifə > Cəmiyyət, Manşet > "Onlara 56 yox, 356 gün məzuniyyət vermək lazımdır ki..."
"Onlara 56 yox, 356 gün məzuniyyət vermək lazımdır ki..."18-07-2024, 11:00 |
"Elmlər Akademiyasında elmlər doktorlarına digərlərindən fərqli olaraq 56 gün məzuniyyət verilir! Ali məktəbləri də buraya daxil etsək, o alimnümaların çoxu il boyu "işləmək"dən (yəni vaxt öldürməkdən, kələk gəlməkdən, tələbə, doktorant, dissertant ovlamaqdan, saxta elmi və pedaqüoji fəaliyyətdən, biabırçı müdafiələr təşkil etməkdən, rüşvətdən, qeybətdən, tüfeylilikdən) ölüb-diriliblər. Əslində, onlara 56 yox, 356 gün məzuniyyət vermək lazımdır ki, dövlətin və millətin canı bir az dincəlsin. Bu zatların intellektual faydası faydasızlıqdır". diaaz.space xəbər verir ki, bunu öz açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov qeyd edib. Dilçi-alimimiz daha sonra əlavə edib: "Elmləri, savadları cəhənnəm, ölkəni inkişaf etdirmək və ya ziyan vurmamaq üçün nə özləri bir nümunədirlər, nə də faydalı bir təklifləri var. Ruhlarına uyğun verdikləri məsləhət isə belədir: "Ə, başını sal aşağı işinlə məşğul ol. İmkan yaradıblar, şöbə müdirliyi də veriblər, bəs nə istəyirsən?! Dirə divara, başqaları bir alanda sən iki al. Aman vermə! O biri şöbə müdirləri, elmlər doktorları, professorlar necə, sən də elə. Başqa yol saxlamayıblar, yoxsa öləcəksən. Sifariş yuxarıdan belədir. Dövlətlə dövlətçilik etməyəcəksən ki! Heç görmüsənmi rüşvət, dövlət əmlakını müxtəlif bəhanələrlə mənimsəmə, saxta əsər, plagiatçılıq, kələk gəlmə, moşenniklik üstündə bir alimə gözün üstə qaşın var desinlər?! Sən düzəldən deyilsən ki! Sənə "sağ ol" deməyəcəklər, əksinə, nifrət edəcəklər. Səfalət içində qalacaqsan, hələ sənə güləcəklər, "əlküt", "əfəl", "dilənçi" deyəcəklər. Ölkə dağılır, cəhənnəmə dağılsın. Bəyəm, sən cavabdehsən?! Eşitməmisənmi ki, deyirlər, elinən gələn qara gün toy-bayramdı". Bəli, belələrinə dövlət qurumlarında münbit şəraitin yaradılması qara sabahımızla razılaşmaqdır. Alim diplomlu bu intellektual fəlakətlər necə də bir-birinə oxşayırlar! Üfunət verən zibil torbası kimidirlər. Dünyada düşünən başlar dövlət qururlar, ölkənin rifahı üçün inkişaf proqramları hazırlayırlar, dəyərli təkliflər verirlər, ali nümunə olurlar, xalqı düşünürlər, bizimkilər isə əksər halda saxta yolla alim diplomu alıb rüşvətə qurşanır, yeni-yeni xəyanət yolları arayır, dövlətə və xalqa özünənifrət ruhu aşılayırlar. Diqqətlə təhlil etsək, son 30-40 ildə elm və təhsil müəssisələrində yetişmiş, hətta dövlət idarəçilityində kök salmış idbar alimçiliyin bizi nə qədər rəncidə etdiyinin şahidi olarıq. PS. Hə, işləyib yorulmusunuz. İndi isə lənətlə dolu rüşvət çemodanlarınızı götürüb sərin yerlərə məzuniyyətlərə gedin! Biz isə mövcud olmaq uğrunda çarpışaraq növbəti maaşın veriləcəyi oktyabr ayını gözləyək..." Geri qayıt |