Əsas Səhifə > Cəmiyyət, Manşet > Göyçayda şəhid ailəsi GİLEY EDİR

Göyçayda şəhid ailəsi GİLEY EDİR


8-02-2023, 12:38
Göyçayda şəhid ailəsi GİLEY EDİR
DİA.AZ: - Göyçay şəhəri Rauf İsayev küçəsi ev 26 ünvanında yaşayan 1-ci Qarabağ şəhidi Qormaz Rəhimovun qardaşı Rəhimli Elnur Nazim oğlu tərəfindən ölkə rəhbəri cənab İlham Əliyevə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a göndərilən ərizədə deyilir:

"Yazaraq bildirmək istəyirəm ki, Göyçay şəhəri Heydər Əliyev prospektində yerləşən avtobus dayanacaqlarının birində "köşk" inşa etdirərək kiçik sahibkarlıqla məşğul oluram. Belə ki, sözü gedən köşkün yeri 2018-ci ildə Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən mənə verilmişdir. Maddi imkanım olmadığına görə kökş inşa etdirə bilmirdim. Nəhayət bir neçə bankdan faizli kredit götürərək müasir standartlara cavab verən köşk düzəltdirdim və 2022-ci ilin dekabr ayından kiçik sahibkarlıq fəaliyyətinə başladım.

Lakin, Göyçay Rayon İcra Hakimiyyətinin Arxitektura və Memarlıq Şöbəsinin yeni müdiri Ayaz Səfərəliyev qərəzli şəkildə ticarətimə mane olmağa başladı. O, guya şəhərin görkəmini pozur adı altında öncə köşkü mənə əsassız yerə təmir etdirdi, daha sonra isə icra başçısı "sök əmri verib" dedi. Beləliklə də rayonumuzda olan bütün mahşurut dayancaqlarındakı köşklərin heç birinə deyil, yalnız mənim istifadəmdə olan köşkün sökülməsini qarşısına məqsəd olaraq qoyub. Ayaz Səfərəliyev sözün həqiqi mənasında məni o qədər bezdiribdir ki, onun ücbatından intihar həddinə çatmışam. Onun bu iyrənc əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci "Özünü öldürmə həddinə çatdırma" maddəsini özündə əks etdirir.

Hətta bir müddət öncə isə Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə hər nə göstəriş verdisə, qəslə obyektə verilən elektrik enerjisini belə dayandırdılar. Ayaz Səfərəliyev öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək hegemonluq edir. Göyçay Rayon Mənzil İstismar Sahəsinin rəisi vəzifəsində çalışdığı müddətdə korrupsiya yolu ilə bahalı avtomobil, torpaq sahələri, dəbdəbəli ev, ticarət obyektləri əldə etmiş bu şəxs indi də mənim qəpik-quruş qazandığım köşkə və ya onun yerinə tamah salmağa başlayıb. Hansı ki, həmin köşk mənim və ailəmin yeganə qazanc mənbəyidir. Özüm ailəliyəm və hazırki vəziyyətdə 4 nəfərdən ibarət olan ailədə heç kim işləmir.

Valideynlərimdən miras qalmış köhnə və qəzalı evdə yaşayırıq. O qədər acınacaqlı durumdayıq ki, maddiyyat səbəbilə mavi yanacaqla deyil, çöldən-bayırdan topladığım taxta-tuxta ilə qızınırıq. Görəsən Ayaz Səfərəliyev də öz möhtəşəm villasında otaqların istiliyini bizim kimi çır-çırpı ilə əldə edirmi?! O villa ki, rayonun Cəyirli kəndində, həmin ərazidə ondan daha böyük və yaraşıqlısı ev yoxdur. Xeyir, "Adəm oğlunun iki vadi dolusu malı olsa üçüncüsünü istər. Onun qarnını ancaq torpaq doydurar" demişdir Peyğəmbərimiz.

Sizdən şəhid qardaşı və Azərbaycan Respublikasının vətəndaşı olaraq xahiş edirəm, yuxarıda qeyd etdiyim kimi, istifadəmdə olan köşkün sökülməsini və ləğv edilməsini tələb edən Ayaz Səfərəliyevin Mənzil İstismar Sahəsində yaratmış olduğu korrupsiya şəbəkəsi haqqında ciddi araşdırma aparılması üçün tapşırıq verəsiniz. Sizə öncədən təşəkkürlərimi bildirirəm."

Məsələ ilə bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt