Əsas Səhifə > Cəmiyyət, Manşet > Bura tibb ocağıdır, yoxsa XƏSTƏLİK MƏNBƏYİ?

Bura tibb ocağıdır, yoxsa XƏSTƏLİK MƏNBƏYİ?


17-12-2020, 11:15
Bura tibb ocağıdır, yoxsa XƏSTƏLİK MƏNBƏYİ?
DİA.AZ: - "Göyçay Rayon Mərkəzi Xəstəxanası 2015-ci ilin oktyabrında dövlətin milyonlarla manat vəsaiti hesabına əsaslı şəkildə təmir olunaraq rayon sakinlərinin istifadəsinə veriləndə əhali sevindi ki, bir sıra xəstəliklərinin müayinə və müalicəsi üçün əlavə pul xərcləyib Bakıya və başqa şəhərlərə üz tutmayacaqlar. Amma nə fayda, sən saydığını say, gör rayon səhiyyəsinin başında oturanlar nə sayır". bu barədə DİA.AZ-a hüquq müdafiəçisi İlqar Məhərrəmli yazır.

Müraciətdə daha sonra bildirilir: "Xəstəxana istifadəyə verildikdən bir müddət sonra yerli əhalinin səhiyyəmiz barədəki xoş ümidləri puç oldu. Məlum oldu ki, böyrək xəstəliyindən (böyrək dializəsi) əziyyət çəkənlər üçün burda dializə avadanlıqları yoxdur. Vərəm xəstəliyinin müalicəsi üçün xəstəxanada balaca bir otaq ayrılıb. Kompyuter-tomoqrafiya, EXO-kordioqrama, şüa-diaqnostika aparatlarını işlədən mütəxəssislərimiz ya yoxdur, ya da bir həkim mütəxəssisdən ibarətdir.
Koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda rayon səhiyyəsində bərbad vəziyyət baş alıb gedir. Belə ki, polilkilinkada demək olar ki, bütün həkimlərin qapısının ağzında sıxlıqdır. Heç bir karantin rejimi qaydalarına əməl olunmur. Günün birinci yarsında polikilinkaya nəzər yetirən hər kəsə aydın olar ki, yoluxma elə ən çox burda baş verir.
Təəssüf ki, pandemiyanın demək olar ki, hər gün can aldığı bir vaxtda insanların yoluxma qorxusundan sui-istifadə edən bəzi yaramaz "tibb işçiləri" (belələrinə tibb işçisi demək mümkündürsə) öz sərvətlərini artırmaqla məşğuldurlar. Belə ki, rayon sakinlərinə pulsuz xidmət etmək üçün xəstəxanada olan EXO-kardioqrama, şüa-diaqnostika aparatlarını işlədən mütəxəssis həkim ya yoxdur, olan da "yoluxduğuna"görə işə çıxmır. Bundan da ən çox bəhrələnən Göyçayda əhaliyə tibbi xidmət göstərən özəl Bioloji klinikadır. Burda həkim qəbulu 15-30 manat arası dəyişir. Analizlərin qiyməti də fərqlidir. Əhalinin isə bu özəl klinikada ən çox müraciət etdiyi şüa-diaqnostika müayinəsidir. Polikilinka həkimləri həkimə müraciət edən əksər pasienti şüa-diaqnostoka - KATE olunmağa göndərir. Əvvəllər bu özəl klinikada KATE 50 manat olduğu halda, pandemiyadan istifadə edən Bioloji klinikanın rəhbərliyi bu xidməti 90 manata qaldırıb. Hər gün yüzlərlə pasient saatlarla, hətta günlərlə əlində 90 manat növbəyə duraraq KATE olunmasını gözləyir. Eləcə də digər analiz və müayinələrin qiyməti xeyli yüksəkdir. Özəl Bioloji klinikada qiymətlərin bu qədər tüğyan etməsinin səbəbini isə ilk növbədə rayon səhiyyəsində işin yarıtmaz təşkil olunmasında axtarmaq lazımdır. Rayon Mərkəzi Xəstəxanasından bildirilir ki, həkimlərimizin müəyyən qismi korona virusa yoluxduğundan işə çıxmır və bu səbəbdən həkim mütəxəssis çatışmazlığı yaşayırıq. Əgər doğurdan da rayon səhiyyəsində mütəxəssis tibb işçilərinin çatışmazlığı müşahidə olunursa bəs Səhiyyə Nazirliyi nə işlə məşğuldur? Yoxsa nazirlikdə də özəl klinikalarla əlbir işbazlar peyda olub? Əgər ölkə vətəndaşının həyatı, sağlamlığı etibar edilmiş səhiyyə naziri Oktay Şirəliyevi görən olsa bu sualları ona ünvanlasınlar. Başa düşə bilmirəm, bəs TƏBİB nə ilə məşğuldur? Rayon xəstəxanasında dövlətin milyonlarla manat vəsaiti hesabına alınıb quraşdırılmış Şüa-diaqnostika, Kompyuter-temoqrafiya, EXO-kordioqrama aparatlarını işlədə biləcək bir həkim mütəxəssis tapılmayacaqdısa Səhiyyə naziri Oktay Şirəliyev, TƏBİB nəyə lazımdırlar ki?
Belə yerdə Allah camaatımızı belə səhiyyəddən və xəstəliklərdən qorusun deməkdən başqa söz tapmadım".

diaaz.space olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Bura tibb ocağıdır, yoxsa XƏSTƏLİK MƏNBƏYİ?
Bura tibb ocağıdır, yoxsa XƏSTƏLİK MƏNBƏYİ?
Bura tibb ocağıdır, yoxsa XƏSTƏLİK MƏNBƏYİ?

Geri qayıt