Əsas Səhifə > Partiya, Güney Press > "Hərdən mənə elə gəlir, Seymur Baycan Füzuli ermənisidir..."

"Hərdən mənə elə gəlir, Seymur Baycan Füzuli ermənisidir..."


4-03-2024, 12:55
"Hərdən mənə elə gəlir, Seymur Baycan Füzuli ermənisidir..."
diaaz.space publisist, köşə yazarı Zamin Hacının Kult.az-a müsahibəsini təqdim edir:

- Zamin bəy, çoxdandır görünmürsünüz. Nə işlə məşğulsunuz?

- Görünmürəm deyəndə, yəqin, hər gün şəhərə çıxmağımı nəzərdə tutmursunuz. Əzəldən hansı işlə məşğulamsa, indi də elə - yazıram...

- Amma deyəsən, daha əvvəlki kimi oxunmursunuz, populyarlığınız azalıb.

- “Tüfəng çıxdı, kişilik öldü” sözü olmasın, sosial şəbəkə aktiv oldu, Zamin Hacı öldü (gülür). O dövrün romantikası, estetikası başqa idi. Qəzet sıradan çıxandan sonra bu cür məsələlər normaldı. Mən hələ yaxşıyam ki, yenə üzdəyəm. Adam var, adı da yada düşmür. Hamısı unudulub getdi. Mənim populyar olmağım daha çox 90-cı illərə bağlıdır. Tək mənim yox, elə o dövrdə yazan hər kəsin. İndi o vaxtdan qalan imzanın çörəyini yeyirik. Yenə də işimlə məşğulam. Qaçıram və yazıram. Əvvəllər futbol da oynayırdım, indi yox.

- Qaçırsınız? Bunu niyə xüsusi qeyd elədiniz ki?

- Məşğul olduğum fəaliyyətin biri də budur. Soruşdunuz, dedim.

- Özünüzü Murakamiyə bənzədirsiniz, ya necə? O da səhər-axşam qaçır və yazır.

- Bənzətməni siz eləyirsinizsə, sözüm yoxdur. Mənim deməyim düzgün çıxmaz.

- Bir gün parkda qaçan iki yazıçı Əlisəmid Kürü görüb deyirlər ki, niyə qaçmırsan? O da “Özüm dəlixanada, həbsdə olmuşam, boşanmışam, uşaqlar bir dərədə, qaçdığımı görüb deyən olmaz ki, hansı gününə qaçırsan?” cavabını verib...

- Deyirsiniz, mən hansı günümə qaçıram? Mən boşanmamışam, dəlixanada yatmamışam, həbsdə də olmamışam axı...

- Deyirlər, məşhur adamlarla oynayırdınız futbolu.

- Gənc olanda, Siyavuş Novruzovla da futbol oynayırdıq. “Azadlığ”ın komandası ilə YAP-ın komandası.

- Zamin bəy, son illərdə bir şeir, bir də publisistik məqalələriniz kitab halında çap olunub. Amma elə bil, səssiz ötüşdü. Oxucular bir yana, qələm adamları da diqqət etmədi, yazmadı. Tərif və tənqid adına heç nə yox idi.

- Həmişə belə olub. Mən yazıçı deyiləm, heç xüsusi gözləntim də yoxdur. Əzəl gündən “mən səndən yazdım, sən məndən yaz” kimi niyyətim də olmayıb. Ədəbi mühitdə isə bu cür məsələlər aktualdır. Digər səbəbləri də hamı bilir.

- Hansıdır o digər səbəblər? Paxıllıq edirlər, ya qorxurlar?

- Məncə, qorxurlar. Ola bilsin, məndən yazmaq kimlər üçünsə problem ola bilər.

- Amma sosial şəbəkədən gedəndən sonra təhqir də eləmişdiniz burada qalanları. Niyə elə etdiniz ki?

- Təhqir deyəndə, anlıq emosional fikir idi. İstəyirəm ki, Feysbuk, İnstaqram azarından hamı canını qurtarsın.

- Bəs birdən qayıtsanız?

- Ölərəm, qayıtmaram. Başım dincdi. Özümə vaxt ayırıram. Dəli-zadam bir də ora gələm?

- Demək istəyirsiz ki, sosial şəbəkədən gedib-qayıdanlar dəlidirlər?

- Aranı qızışdırıb, ağzımdan növbəti emosional sözü çıxartma. Qoy dinc oturum...

- Yazıçılar Birliyinə necə, münasibətləriniz əvvəlki kimidir? Bu məsələdə dəyişməmisiniz ki?

- Azərbaycan Yazıçılar İttifaqı 1934-cü ildə yaradılıb. Stalinə bütün ölkə boyu belə qurumlar lazım idi ki, sabah repressiyanı kütləviləşdirəndə yazıçıları elə yazıçıların öz əliylə gedər-gəlməzə göndərsin. O baxımdan, bu gün adını dəyişib "birlik” qoymaqla AYİ mahiyyətini qəti dəyişməyib, elə həmin NKVD-nin balasıdır, şər, böhtan, intriqa, yaltaqlıq yuvasıdır.

- Bir xeyli gənc müəllif var ki, onlar təqaüd, yaxud da başqa məsələlər üçün AYB-yə üzv olurlar. Səhv edirlər?

- Öz işləridir, kiməsə hökm verəsi deyilik. Nə də kimsə sözümüzlə hərəkət edəsi deyil. Məncə, azadlıqlarını AYB ilə məhdudlaşdırmasınlar. Ora üzv olub nə edəcəklər guya? İstedadları artacaq?

- Sizi unudulmağa qoymayan adamlardan biri də Seymur Baycandır. Yaman tez-tez ilişir sizə.

- Seymurdu da, dəymə, qoy ilişsin.

- Seymurdu da? Adətən, belə sözü qarşındakı insanları aşağılamaq üçün deyirlər..

- Seymur, sözsüz ki, dəyərli adamdıır. Dərinə gedəndə onun hər şeyə haqqı çatır. Mənim adımı isə tez-tez çəkməkdə məqsədi odur ki, cavab verim, dava çıxsın, adı hallansın.

- Seymurun sizin reklama ehtiyacı olduğunu düşünürsünüz?

- Söhbət konkret yazıdan getmir, sadəcə, istəyir o yazını Zamin Hacı yazsın.

- Sizə də deyir ki, türkcə yazırsınız, Azərbaycan dilini bilmirsiniz...

- Mənim Azərbaycan dilini bilmədiyimi demək üçün... nəysə, lənət şeytana. Seymurun bilmədiyi çox şey var. O özü nəinki Azərbaycan dilini, heç Türkiyə türkcəsini də bilmir. Bilsə, hərdən irad tutduğu sözlərin mənşəyini bilərdi. Hərdən mənə elə gəlir, Seymur Füzuli ermənisidir.

Geri qayıt