Əsas Səhifə > Partiya, Güney Press > “Bir qrup işğalçının başqa qrup işğalçı ilə əvəzedilmə prosesinə cəhd edilir”
“Bir qrup işğalçının başqa qrup işğalçı ilə əvəzedilmə prosesinə cəhd edilir”6-06-2018, 10:08 |
Son günlər Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə yerli xüsusi xidmət orqanlarının əməkdaşları arasında yaşanan irimiqyaslı qarşıdurma və bunun səbəb olduğu kütləvi aksiyalarla bağlı Qarabağdakı separatçı rejim İrəvandan məsələyə müdaxilə etməyi tələb edib. Metbuat.az xəbər verir ki, Qarabağdakı separatçı rejimin lideri Bako Saakyanın köməkçisi Artur Ağabekyan "Facebook" səhifəsində yerli sakinləri sakitliyə, İrəvanı isə köməyə çağırıb. Hətta aprel döyüşlərindən də yerli ermənilərə təzyiq kimi istifadə edib. “Düşünürəm ki, Qarabağda MTX-nin rəisi Arşavir Karamyanın aprel döyüşlərindən sonra oynadığı roldan hamı xəbərdardır. Aprel məğlubiyyətindən sonra məhz o, təhlükəsizliyə dair məsuliyyəti öz üzərinə götürdü. Əminəm ki, aksiya iştirakçılarının əksəriyyəti bundan xəbərdardır. Amma indi onun istefasını tələb edirlər. Bunları görəndə az qala adam ağlını itirir. Özünüzə gəlin, cənablar, gec olmadan özünüzə gəlin! Ermənistandakı hakimiyyət isə baş verənlərlə bağlı mümkün qədər tez öz rəsmi mövqeyini bildirməli və dərhal Qarabağa kömək üçün nümayəndə heyəti göndərməlidir.” – deyə Ağabekyan vurğulayıb. Məsələylə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə bildirib ki, bu, ümumilikdə erməni dünyasının böhranıdır: “Bu gün ayrıca bir Dağlıq Qarabağ yoxdur. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş zonası və orada Ermənistan tərəfindən göndərilən idarəçilərin idarə etdiyi işğal edilmiş ərazi var. Aydın məsələdir ki, Serj Sarkisyan hakimiyyətdən getdikdən sonra vaxtında işğal edilmiş və nümayəndələrini göndərdiyi şəxslərin idarəçiliyinin dəyişməsilə bağlı məsələlər ortaya çıxıb. Sadəcə olaraq bir qrup işğalçının başqa qrup işğalçı ilə əvəzedilmə prosesinə cəhd edilir. Yəni, burda Azərbaycanın hər hansısa udacağı bir məsələ yoxdur. Amma bununla belə proseslər işğal altında olsa da, Azərbaycanın ərazisində gedir. Bu bir daha göstərir ki, torpaqlarımızın işğal edilməsi Ermənistana hər hansı bir fayda vermədi. Ermənistan bu gün iqtisadi böhrandadır, bu gün öz dövlətçiliyinin zəifləməsi prosesini yaşayır və Dağlıq Qarabağda olan Ermənistan tərəfindən yaradılan heç bir rejim orada özünü rahat hiss edə bilməz”. Geri qayıt |