Əsas Səhifə > Partiya, Güney Press > "Amma sən onu səngərdə təkrarlaya bilməzsən"
"Amma sən onu səngərdə təkrarlaya bilməzsən"23-05-2018, 08:45 |
Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan ordusunun hərbi qulluqçusu əsgər Adil Tatarov şəhid oldu. Bir sıra ekspertlər hesab edir ki, bütün bunlar Ermənistanın açıq şəkildə Azərbaycanı savaşa çəkmək niyyətinin nümayişidir. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Paşinyanın Qarabağla bağlı ciddi bir strategiyasının olduğundan ümumən danışmaq yanlış olar. Çünki “hakimiyyət quşu” onun başına qonandan indiyə qədər özü də fərqindədir ki, miqyasagəlməz ölçüdə ağırlığın altındadır və ağlına gətirmədiyi situasiya ilə üz-üzə qalıb. Sərkisyan rejimini devirmək nə qədər asan idisə, bütün hakimiyyət rıçaqlarını ələ götürmək, ölkədəki prosesləri nəzarətə almaq və bölgədə uzun illər ərzində formalaşmış düzəni dəyişdirmək Paşinyanın gücü daxilində deyil. Çox yaxın zamanlarda buna hər kəs şahidlik edəcək: “Ermənistandakı yeni hökumətin xüsusi əlahiddə Qarabağ planından danışmaq da artıq olar. İlk dövr müəyyən vətənpərvərlik notları ilə, küçədə yürüməklə cəmiyyətin ovqatını harasa kökləmək ola bilər. Amma sən onu səngərdə təkrarlaya bilməzsən. Paşinyanın davranışı çərçivəli qəhrəmanlıqdır. Naxçıvana açılan atəş şübhəsiz ki, konkret bir qərara bağlı idi. Onu təsadüfi hadisə saymaq olmaz. Burada bir neçə niyyətlər gizlənə bilərdi. Ola bilsin ki, Vigen Sərkisyanın müdafiə naziri kimi vəzifəsini tərk etməsi fonunda köhnə hakimiyyətin təmsilçiləri Paşinyan iqtidarını boğmaq üçün müxtəlif layihələr hazırlayırlar. Burada təxribatlar elə bir səviyyədə ola bilər ki, günün birində Sərkisyanın keçmiş generalları istər Qarabağ cəbhəsi xəttində, istərsə də Ermənistanla bütün sərhəd zolağı boyunca ən müxtəlif avantüralara əl ata bilərlər. Niyyət etibarilə burada hədəf biz olmayacağıq. Əsas məqsəd ölkə içərisində gedən siyasi savaşın, hökumət böhranının və parlamentlə yeni hakimiyyətin arasında gedən davanın gəlib hərbi müstəvidə təxribatlarla müşayiət olunmasıdır. Çox böyük ehtimalla burada elə bir ssenari işlənib ki, həmin məsuliyyət yeni iqtidarın üzərində qalsın". Deputat hesab edir ki, Azərbaycanı Qarabağ cəbhəsindən qüvvəsini bölərək Naxçıvana daşımaq, orada imkanlarını sınağa çəkmək, yaxud Türkiyə ilə Rusiya arasında ixtilaf doğurmaq kimi erməni planının olması da təhlil oluna bilər. Ancaq hər bir halda məsələnin mahiyyəti budur ki, Azərbaycanın mövqelərinin yetərincə gücləndiyini İrəvanın baş binalarında bilməmiş deyillər. Azərbaycanın bütün iqtisadi, siyasi, hərbi imkanları kifayət edir ki, Ermənistana Qarabağ cəbhəsi ilə yanaşı, Naxçıvanla sərhəddə də lazımi cavabı verə bilsin: “Odur ki, ötən həftə Ermənistandan Naxçıvana atılan güllə Naxçıvanı deyil, İrəvanın özünü sınağa çəkəcək. Yəqin ki, yaxın vaxtlarda biz bunu görəcəyik. Qarşıdakı dönəmdə, ümumiyyətlə, cəbhə xəttində bir qədər narahatlıqlar müşahidə oluna bilər. Bilirsiniz ki, yetərincə böyük TANAP kimi əhəmiyyətli layihə işə düşməkdədir. Erməni mediası “Rusiyanın kürəyinə vurulan zərbə”, “Azərbaycanın xəyanəti”, “Qərblə birləşərək Rusiya əleyhinə oynanılan oyun” və sair kimi başlılarla yazılar yazır. Bu cür təbliğat açıq şəkildə bu məkanı zəhərləməyə xidmət edir ki, bəlkə Putinin diqqətini çəksin. Bir sözlə, iqtisadi müstəvidə dəyişikliklər hərbi məkanda da müxtəlif narahatçılıqlar doğura bilər. Seçkilərin ertələnməsi və artıq seçkilərin arxada qalması da öz-özlüyündə müharibə perspektivini gücləndirir. Azərbaycanın bütün hərbi, siyasi, kəşfiyyat elitası qarşısında duran vəzifə ondan ibarətdir ki, biz durğun bir şəkildə, sadəcə, passiv seyrçi kimi gözləməməliyik ki, Ermənistanda klanlar bir-birini məhv edəcəklər, qardaş qırğını meydana çıxacaq və bu, asanlıqla bizim Xankəndinə getməyimiz demək olacaq. Ermənilər ən ağır şəraitdə belə hələ ki özlərinin qanını tökməyiblər. Biz gözləməməli və digər müstəvidə hərəkət etməyi bacarmalıyıq. Ermənistanlı əsgərlərin silahı qoyub Qarabağdan Ermənistana qaçması vəziyyətini Azərbaycan yetişdirməlidir. Son bir ayda, açığı, biz seyrçi mövqe tutduq. Halbuki müəyyən fürsətlər, imkanlar var idi". Sabiq ordu korpusu komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov isə teleqraf.com-a müsahibəsində bildirib ki, mitinq yolu ilə küçədən hakimiyyətə gələn Paşinyanın populyarlığı sürətlə düşür. Ölkə əhalisinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində hələlik heç bir addım atılmayıb. Serj Sərkisyan klanının hakimiyyəti də yetərincə güclüdür. Daxildə müəyyən gizli və aşkar proseslər gedir. Təbii ki, bu fonda daxili auditoriyanın, cəmiyyətin diqqətini müəyyən şəkildə yayındırmaq və guya Azərbaycandan, Naxçıvan bölgəsindən ola biləcək hansısa gərginliyə diqqəti yönəltmək üçün təxribat yolu tutdular. Qarabağ cəbhəsində hər hansı təxribat bu gün Ermənistan üçün populyar deyil. Bu saat Naxçıvan populyardır. Ona görə ki, Naxçıvan istiqamətində baş verən hansısa təxribat və ya Azərbaycanı o istiqamətdə hansısa addımlar atmağa məcbur etmək Ermənistan cəmiyyətinin diqqətini müəyyən formada əsas problemlərdən yayındıracaq. Onların düşüncəsinə görə Azərbaycandan olan təhlükə erməni cəmiyyətini toparlanmağa məcbur edəcək. Ona görə də yeni hakimiyyətin diqqəti Qarabağda yox, Naxçıvana yönəlib. Azərbaycanı təxribata çəkmək, onun müəyyən adekvat addım atmasına nail olmaq istəyirlər". Polkovnik qeyd edib ki, Ermənistan təxribatçı addımlarından əl çəkməsə, Azərbaycan təbii ki, müəyyən addımlar atacaq. Naxçıvanla bağlı artıq müəyyən tapşırıqlar verilib. Mümkün təxribatların qarşısını almaq üçün tədbirlər görülüb və görülür. Geri qayıt |