Əsas Səhifə > Partiya, Güney Press > Üç müavini Arif Hacılını niyə tərk etdi...
Üç müavini Arif Hacılını niyə tərk etdi...22-05-2018, 08:26 |
Xəbər verildiyi kimi, Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov bu postdan istefa verib. O, istefasına səbəb kimi başqan Arif Hacılı ilə aralarında fikir ayrılığının olmasını göstərib. Y.Sadıqov bundan sonra partiyada Divan üzvü olaraq fəaliyyətini davam etdirəcək. Onun istefası bəzi məsələləri yenidən aktuallaşdırmaqla yanaşı, bir sıra iddialara da yol açıb. Məlumdur ki, Müsavatın 2014-cü il sentyabrın 27-də keçirdiyi qurultayın bu il 4 ili tamam olur və partiya növbəti qurultayını keçirməlidir. Çünki Müsavat nizamnaməsinə görə, başqan 4 ildən bir seçilməlidir. Bunları nəzərə alsaq, partiyanın bu ilin sonlarına qədər qurultaya gedəcəyi real görünür. İndiki şəraitdə A.Hacılının qurultay keçirməkdə istəkli olduğu barədə iddialar səslənir. Başqanın hazırda partiya daxilindəki nüfuzuna alternativin olmadığını anlayaraq, 2014-cü ildəki namizədliyi zamanı yaşadığı şokun bir daha təkrarlanmaması üçün tezbazar növbəti 4 ildə də Müsavat başqanı olmaq istədiyi deyilir. Onun partiya daxilində şəxsinə qarşı müxalifət formalaşdığını görüb, bunun güclənməməsinin qarşısını yalnız qurultay keçirməklə ala biləcəyi vurğulanır. Məhz son istefaların da bu məsələlərdən doğduğu bildirilir. Məlumdur ki, A.Hacılını bir az öncə tərk edən onun müavini, Divan üzvü Elman Fəttah olub. Partiya funksioneri ötən ilin dekabrında müavinlikdən gedərək, Divan üzvü kimi fəaliyyətini davam etdirəcəyini açıqlayıb. E.Fəttah da o zaman istefasına səbəb kimi başqanla aralarında olan fikir ayrılığını göstərmişdi. E.Fəttahın istefasından iki ay ötməmiş A.Hacılı keçmiş siyasi məhbus, partiyanın Divan üzvü Tofiq Yaqublunu müavinliyindən azad etdi. T.Yaqublunun açıqlamalarından aydın olmuşdu ki, onun Milli Şura üzvü olaraq qalması Müsavat başqanını təngə gətirmiş, sonunda belə bir qərarın verilməsi ilə nəticələnmişdi. Redaksiyamıza daxil olan məlumata görə, Müsavat daxilində adıçəkilən keçmiş başqan müavinlərindən ibarət A.Hacılıya qarşı qurultay qabağı ciddi bir müxalifət formalaşır və getdikcə güclənir. Bu proseslərdə T.Yaqublunun yaxın qohumu, Divan üzvü Alya Yaqublunun da fəal iştirak etdiyi bildirilir. Məlumatlardan biri də odur ki, bu qruplaşmadan A.Hacılıya qurultayda rəqib çıxarılacaq. Başqanlığa namizəd qismində bu rəqibin T.Yaqublu olacağı bildirilir. Narazıların onun ətrafında birləşəcəyi real görünür. İstefa verən funksionerlərin Divan üzvlüyündən getməmələrinin səbəblərindən birinin də bu olduğu göstərilir. Müsavat başqanlığına keçmiş namizəd, ADR hərəkatının rəhbəri Qubad İbadoğlunun hələ də partiyada qalan tərəfdarlarının T.Yaqubluya dəstək olacaqları gələn xəbərlər sırasındadır. Bu məlumat kifayət qədər əsaslı görünür. Çünki 2014-cü ildə həbsxanadan T.Yaqublu başqanlıq seçkilərində Q.İbadoğluna açıq şəkildə dəstək vermişdi. Rayon təşkilatlarında da narazıların hərəkətə keçdiyi, üzvlərlə danışıqlar apardıqları barədə də mənbələrdən “Yeni Müsavat”a məlumatlar daxil olub. Artıq qruplaşma rəhbərləri Müsavat başqanına mesajlar ünvanlanmağa başlayıblar. Belə ki, Cümhuriyyətimizin yüz illiyi ilə bağlı Türkiyədə keçiriləcək yubiley tədbirlərində iştirak etmək üçün Müsavat rəhbərliyindən T.Yaqublu, E.Fəttah, Y.Sadıqov və A.Yaqublu ayrıca yola düşüblər. Bunu öz facebook profillərində paylaşdıqları fotolarla əyan ediblər. Bir növ özlərini Müsavat rəhbərliyinə alternativ kimi göstəriblər. Cərəyan edən bu proseslər onu göstərir ki, Müsavatı 4 il öncəki kimi çətin bir qurultay gözləyir. 4 il öncə üç qruplaşma arasında gərgin keçən mübarizənin bu il təkrarlanacağı, partiyadan növbəti qopmaların olacağı istisna edilmir... “Yeni Müsavat” Geri qayıt |