Əsas Səhifə > Partiya, Güney Press > "Diasporla iş məsələlərində görüləcək işlər həddindən çoxdur"

"Diasporla iş məsələlərində görüləcək işlər həddindən çoxdur"


9-05-2018, 08:21
"Diasporla iş məsələlərində görüləcək işlər həddindən çoxdur"
Prezident seçkilərindən sonra rəhbəri dəyişən qurumlardan biri də Diasporla İş üzrə Dövlət Komitəsidir. Xatırladaq ki, yeni sədr Fuad Muradovu kollektivə təqdim edərkən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev komitənin fəaliyyətini kəskin tənqid etdi. Komitənin əvvəlki rəhbərliyinin heç bir iş görmədiyini deyən R.Mehdiyev quruma ayrılan vəsaitlərin təyinatından yayındırıldığını bildirdi. Bu isə yeni rəhbərlikdən gözləntilərin yüksək olduğunu, F.Muradovun üzərinə böyük məsuliyyət götürdüyünü göstərir.

Dünya Azərbaycanlıları Konqresinin sədri Sabir Rüstəmxanlı bildirir ki, F.Muradovu Milli Məclisdən tanıyır: “Gənc və istedadlı adamdır, hiss olunur ki, dövlətçilik, idarəçiliklə bir çox məsələlərə yeni təfəkkürlə yanaşır. İnşallah ki, Diaspora Komitəsinin işində bu bacarıqları özünü göstərər. Diasporla iş məsələlərində görüləcək işlər həddindən çoxdur. Uzun illər Dünya Azərbaycanlıları Konqresinə rəhbərlik etmişəm. Bizdə belədir ki, bir çox diaspora təşkilatlarının işini gücləndirmək, onlara yardım etmək əvəzinə, təəssüf ki, bəzən paralel strukturlar, alternativlər yaratmaqla onların işini zəiflətməyə çalışırlar. Müxtəlif bəhanələrlə, guya qonşu dövlətlərin təsiri ilə və sair iddialarla. Bu baxımdan, diaspora təşkilatları ilə əlaqələr gücləndirilmir. Hazırda Avropadakı təşkilatlardan mənə çoxsaylı zənglər gəlir ki, orada 28 May Cümhuriyyətimizin 100 illiyi münasibətilə müxtəlif tədbirlər, yürüşlər təşkil etmək istəyirlər. Onlar Azərbaycanın dövlət atributlarını - milli bayrağımızı, gerbimizi, milli geyimləri özləri əldə edə bilirlər. Amma Cümhuriyyətimiz, onun fəaliyyəti ilə bağlı müxtəlif xarici dillərdə nəşr olunmuş maarifləndirici vəsaitlər, o dövləti quranların portretləri baxımından ciddi çətinlikləri var. Bizdən yardım istəyirlər. Mən bilmirəm Diaspor Komitəsi belə vəsaitləri çap edibmi, əllərində hazır materiallar varmı. Arzu edərdim ki, komitənin yeni sədri bunu nəzərə alsın, Avropadakı təşkilatlarımıza necə, hansı formada yardım etməyin yolunu tapsın”.

Müsahibimiz deyir ki, Diaspor Komitəsi xaricdəki diaspora təşkilatlarına münasibətdə ögey-doğmalıq nümayiş etdirməməlidir: “Təşkilatlara ilk növbədə mənəvi dəstək, yardım lazımdır. Maddi yardım bəlkə də sonuncu yerdədir. Xarici ölkələrdə dövlət adına təşkil olunan tədbirlərdə iştirak edilməlidir. Bura gələn diaspora nümayəndələrini qəbul etmək, dinləmək lazımdır. Xaricdə qurulan dərnəklərə nüfuzlu, işlək adamların rəhbər təyin olunmasına çalışmaq lazımdır, nəinki özününkünün. Çünki bir çox hallarda özününkü heç də nüfuz sahibi, xaricdəki soydaşlarımız arasında sözü keçən şəxs olmur. Bunu nəzərə almaq lazımdır: dərnəklər təbii şəkildə formalaşmalı, rəhbərlərini özləri seçməlidilər, biz də burdan onlara dəstək verməliyik. Bundan əlavə, dərnəklərə, insanlara iqtidara yaxın, müxalifətə yaxın deyə fərq qoyulmamalıdır. Onlar hamısı bizim soydaşlarımızdır. Əksinə, hamını diqqətlə dinləyib nə istədiyini öyrənmək, səbirli yanaşmaq lazımdır. Demirəm ki, düşmənçilik edən, Azərbaycan dövlətini aşağılayan şəxsləri. Bəziləri burada səsi çıxmır, buradan çıxandan sonra qəhrəmana dönür. Ümumiyyətlə, hesab edirəm ki, siyasi fəaliyyətlər dövlətə zərər vurmadan aparılmalıdır. Bu baxımdan, sağlam düşüncəli insanları iqtidar-müxalifət deyə bölmədən onlarla iş qurulmalıdır. İrandan, Türkiyədən gedən çoxlu sayda soydaşımız var ki, Azərbaycanın ən yaxın tarixi barədə məlumatsızdılar. Onların məlumatlandırılmasına ciddi ehtiyac var. Onlar üçün kitablar, məlumat broşürlərinin çap edilməsi lazımdır. Bu, həm də Qarabağ məsələsinə aiddir. Çoxlu dillərdə hazırlanmış əyani materiallar olmalıdır. Düzdür, təhsilli, məlumatlı gənclərimiz var - təhsil üçün gedənlər. Onlar nə danışmağı yaxşı bilirlər. Amma iş, çörək, qazanc dalınca gedənlər də var ki, bir çox hallarda Azərbaycanın müasir tarixi, elə Qarabağ dərdi barədə detallı məlumatlara sahib deyillər. Onlar üçün hazır materiallar olmalıdır ki, lazım gəldikdə istifadə edə bilsinlər”.

Müsahibimiz deyir ki, Diaspor Komitəsi dünya türk diasporu ilə əlaqələri genişləndirməlidir: “Azərbaycan nümunə göstərdi, türk diasporu ilə birgə qurultay keçirdi. Bu birliyi bütün dünya üzrə qurmaq lazımdır. Biz Avropa Konqresinə getdik, orada türk diaspora təşkilatlarından, dərnəklərindən bir nümayəndə belə yox idi. Bu mənada, dünya türk diaspora qurumları ilə əlaqələrin qurulmasına ciddi ehtiyac var. Gördüyunüz kimi, illərdən bəri yığılıb qalan və görülməli olan işlər çoxdur”.
“Yeni Müsavat”

Geri qayıt