Əsas Səhifə > Partiya, Güney Press > YAP AXC-nin 100 illiyi ilə bağlı ayrıca tədbir keçirməyəcək
YAP AXC-nin 100 illiyi ilə bağlı ayrıca tədbir keçirməyəcək4-05-2018, 11:30 |
Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncamından sonra respublikanın bir çox yerlərində tədbirlər keçirilir. Bir neçə gündən sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 ili tamam olacaq. Bəs AXC-nin 100 illiyi ilə bağlı Yeni Azərbaycan Partiyası xüsusi iclas keçirəcəkmi? Bu ərəfədə geniş tədbirlərin keçirilməsi gözlənilirmi? Hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə Modern.az-a açıqlamasında bunları deyib: “Bu ərəfələrdə Yeni Azərbaycan Partiyası hakimiyyətin keçirdiyi tədbirləri tam dəstəkləyir və onun işində fəal iştirak edir. Hakim partiya olduğumuzu nəzərə alaraq, hakimiyyətin və partiyanın ayrıca tədbir keçirməsi düzgün olmaz. Bu baxımdan prezidentin sərəncamından irəli gələrək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bütün tədbirlərdə YAP fəal iştirtak edir. Bura həm dövlət, həm də ictimai təşkilatların xətti ilə keçirilən tədbirlər daxildir. YAP üzvü olan ziyalılarımız müxtəlif tədbirlərdə qatılır, məqalələr çap edir, elmi-praktik konfranslarda yaxından iştirak edirlər. AXC-nin 100 illiyilə bağlı keçirilən bütün tədbirlərdə YAP fəal iştirak edir. Bura təkcə 28 mayda keçiriləcək tədbirlər deyil, ilboyu keçirilən tədbirlər də daxildir”. Aydın Mirzəzadə AXC-nin 100 illiyi ilə bağlı Milli Məclisin bir iclasının Gəncədə keçirilməsi fikirlərinə də münasibət bildirib. “Bununla bağlı hər hansı yenilik yoxdur”. YAP rəsmisi bu ərəfədə Elçibəyin 80 illiyi ilə bağlı mərhum eks-prezidentin adının əbədiləşdiriməsi məsələsinə də toxunub. “Adətən belə təkliflər bir qayda olaraq dövlət tərəfindən irəli sürülür. Ona görə də belə təkliflər gəldiyi halda, müzakirədə biz də iştirak edəcəyik”. Mayın 28-də baş tutacaq tədbirlər planına gəlincə, Aydın Mirzəzadə bu barədə məlumatsız olduğunu vurğulayıb. “Düşünürəm ki, tədbirə xeyli vaxt var. Biz də səbirsizliklə gözləyirik. İndidən bununla bağlı nəsə deyə bilmərəm”. Geri qayıt |