Əsas Səhifə > Partiya, Güney Press > “Amerikanın Azərbaycana qarşı siyasətində erməni xətti var”
“Amerikanın Azərbaycana qarşı siyasətində erməni xətti var”19-04-2018, 08:19 |
ABŞ-ın “Freedom House” təşkilatı MDB ölkələrindəki demokratiyanın vəziyyəti barədə yeni məruzə yayıb. Həmin məruzədə ümumilikdə keçmiş SSRİ məkanında (Baltikyanı ölkələr xaric) demokratik durumun dərəcəsinin daha da aşağı düşdüyü qeyd olunur. Aprelin 11-də “Nations in Transit-2018" adı altında yayılan məruzədə sosialist ölkələrindəki demokratiyanın səviyyəsinə 7 ballıq şkala ilə qiymət verilib. Burada 1 bal ən yüksək göstərici, 7-ci bal isə ən aşağı səviyyə hesab olunur. Məruzədə Azərbaycandakı demokratik vəziyyət olduqca aşağı rəqəmlə-6,93 balla dəyərləndirilib. Bu 2009-cu ildən sonra ən aşağı göstərici sayılır. “Kavkazskiy uzel” saytının yaydığı məlumata əsasən, Azərbaycanla qonşu Gürcüstan və Ermənistandakı demokratiyanın dərəcələri aşağı salınıb. “Freedom House”nin bu hesabatı Azərbaycanda ciddi etiraz doğurub. Ölkəmizdəki prezident seçkiləri günü məruzənin açıqlanmasının təsadüf olmadığı, bu qiymətləndirmənin Azərbaycana qarşı növbəti təzyiq dalğasının başlanğıcı olduğu qeyd edilir. Son zamanlar yumşalan Azərbaycan-Qərb münasibətlərinə bu hesabatın ciddi təsir edəcəyi bildirilir. Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirdi ki, bu təşkilat hər zaman qeyri-obyektiv mövqedən çıxış edib: “”Freedom House" əslində mahiyyət etibarilə dünyada insan haqları, demokratik proseslərin gedişi ilə bağlı məlumatları toplayıb, obyektiv şəkildə hesabat hazırlamalıdır. Amma görünən budur ki, uzun illərdən bəri həmin təşkilat Azərbaycan haqqında mənfi rəyini hər zaman ifadə etməkdədir. Ölkəmizə qarşı hücumlarına qətiyyən ara vermir. Prezident, parlament və bələdiyyə seçkilərində, eləcə də ayrı-ayrı situasiyalarda həqiqəti əks etdirməyən, daha çox böhtan xarakteri daşıyan rəylər və hesabatlarla Azərbaycana qarşı anti-Azərbaycan mövqeyini sərgiləməkdədir. Biz bunu uzun illərdən bəri görməkdəyik. Yaxınlarda sizin qəzetdə bir yazı ilə tanış oldum, orada Azərbaycanın əleyhinə işləyənlər barədə məlumat verilmişdi. Məlum oldu ki, onlardan biri də Qriqoryan adlı şəxsdir və bu adam “Freedom House”nin idarə heyətinin üzvüdür. Bir çox təşkilatları maliyyələşdirən həmin Qriqoryan “Freedom House”nin maliyyələşdirilməsində böyük rol oynayırsa, bu təşkilatın idarə heyətinin üzvüdürsə, digər erməni mənşəli şəxslər bu təşkilatda aparıcı mövqe tuturlarsa, ayrı cür rəy gözləməyimiz düzgün olmazdı. Görünən odur ki, Azərbaycanda bu və ya digər buna bənzər təşkilatların belə hesabatlarına ikrah hissi ilə yanaşırlar. Yaxınlarda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının da məlum rəyi çox şeyi sübut etdi. Belə təşkilatlar erməni lobbisi ilə bərabər fəaliyyət göstərirlər. Bunu onların ermənilərlə maraqlarının üst-üstə düşməsi də sübut edir. Biz öz yolumuzla gedirik. Belə təşkilatların yanlış hesabatları Azərbaycanı tutduğu yoldan zərrə qədər geri çəkindirə bilməz. Onlar xalqımızın iradəsinə zərrə qədər təsir göstərə bilməzlər. Bu gün onları ən çox əsəbiləşdirən Azərbaycan xalqının iradəsinin ortada olmasıdır. Bu iradənin nəticəsində yüksək səs faizi ilə prezident seçilən cənab İlham Əliyevin qələbəsini həzm edə bilmirlər. Azərbaycanın uzunmüddətli nəzərdə tutduğu strategiyadan dərin narahatlıq hissi keçirirlər. Ölkə prezidentinin son dərəcə qətiyyətli mövqeyi onların yuxusunu ərşə çəkib. Bu, Azərbaycanın nə beynəlxalq səviyyədə nüfuzunun güclənməsinə mane olub, nə də daxili siyasətimizdə bu və ya digər sapmalara təsir göstərib. Əksinə, bu cür anti-Azərbaycan mövqeyi ölkəmizin mövqeyinin daha da güclənməsinə, qüdrətlənməsinə təkan verib. Bundan sonra da belə olacaq. Ona görə də bu cür rəyləri pisləyir, bunu birmənalı olaraq qeyri-obyektiv qiymətləndirirəm. Təəssüf edirəm ki, Azərbaycanın özünə strateji tərəfdaş sandığı Amerika kimi ölkədə bu və ya buna bənzər təşkilatlar fəaliyyət göstərir. Orada Azərbaycana qarşı ermənilərlə bir olan konqresmenlər, senatorlar var. Dünyada əsas söz sahibi olan Amerikanın siyasətində, təəssüflər olsun ki, bunlar yer alır. Vaxtilə dediklərimi bir daha təkrar edirəm ki, Amerikanın Azərbaycana qarşı siyasətində erməni xətti var. Görünən odur ki, dünyaya öz prinsiplərini diktə edən ABŞ ölkəmizə qarşı daxilində bu cür mövqe tutan təşkilatlara, şəxslərə qarşı iradə ortalığa qoymur. Bu hər kəsdə böyük təəssüf doğurur. Mənə elə gəlir ki, hazırkı Amerika prezidenti daha çox müstəqildir, erməni diasporu və beynəlxalq təşkilatların təsiri altında deyil. Ümid edirəm ki, yaxın zaman kəsiyində Donald Tramp imkan tapıb bu cür mövqe sərgiləyənlərə qarşı özünün iradəsini ortaya qoyacaq, Azərbaycana qarşı qərəzli mövqeyin Amerikadan bu və ya digər təşkilatlar tərəfindən davam etməsinə son verəcək. Bu, çox ədalətli olardı". “Yeni Müsavat” Geri qayıt |