Əsas Səhifə > Partiya, Güney Press > "Rusiya bəyan etməlidir ki, işğal faktının aradan qaldırılması və problemin ədalətli həlli üçün hansı “realist və praqmatik” istəkləri var"
"Rusiya bəyan etməlidir ki, işğal faktının aradan qaldırılması və problemin ədalətli həlli üçün hansı “realist və praqmatik” istəkləri var"10-04-2018, 08:41 |
“Dağlıq Qarabağ münaqişəsinin tərəfləri problemin həlli istiqamətində danışıqlarda irəliləyiş əldə etmək üçün bir-birinə qarşı etibarsızlıqdan imtina etməlidirlər”. "RİA Novosti"nin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Nazir qeyd edib ki, danışıqlar zamanı həmçinin 2011-ci il Kazan sammitinin nəticələrindən də istifadə olunmalıdır: “Ən əsası, danışıqlar zamanı hərdən hələ də ortaya çıxan etibarsızlıqdan çəkinməkdir, diqqəti kifayət qədər realist və praqmatik olan ideyalar üzərində cəmləşdirməkdir”, - deyə Lavrov erməni telekanallarının suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, bu ideyaları “kağız üzərində əks etdirmək lazımdır”. Lavrov bildirib ki, 2011-ci ildə baş tutan Kazan sammitinə hazırlıq intensiv gedirdi, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında da: “Lakin sammit zamanı əlavə suallar və şərhlər ortaya çıxdı. Biz bundan xüsusi bir faciə yaratmırıq. İşlər davam etdiriləcək. Əminəm ki, ”Kazan sənədi" adlandırılan sənəddə olan çox şeyə hələ də tələbat var". Bəs Azərbaycanla Ermənistan arasında bir-birinə inam, etimad yaranması mümkündürmü? Hətta bir-birinə inansalar belə, bu, Qarabağ probleminin həlli deməkdirmi? Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Sergey Lavrov yenə də ənənəsinə uyğun olaraq, öz fikirlərini guya ölkəsinin neytral qaldığı bir münaqişə, işğal faktı haqqında danışırmış kimi ifadə edir. Rusiya Dağlıq Qarabağ münaqişəsində tərəfdir, Azərbaycan torpaqlarının işğalı prosesində Ermənistana hərtərəfli dəstək verib, işğalçı ölkənin hərbi-siyasi müttəfiqidir, Ermənistan sərhədlərini Rusiya hərbçiləri qoruyur, bu ölkədə Rusiyanın hərbi bazası var, münaqişənin həll olunmamasında, işğalın davam etməsində və işğala son qoyulması üçün BMT Nizamnaməsinin tələblərinə uyğun olaraq hərbi əməliyyatların keçirilməməsində Moskvanın “xidmətləri” danılmazdır: “Bu səbəbdən də Lavrovun haqqında söz açdığı ”realist və praqmatik olan ideyalar" ilk növbədə Rusiyanın özü tərəfindən və açıq şəkildə dilə gətirilməlidir. Rusiya bəyan etməlidir ki, işğal faktının aradan qaldırılması və problemin ədalətli həlli üçün hansı “realist və praqmatik” istəkləri var. Bu istəklər açıq şəkildə ifadə olunacaqsa, şübhəsiz ki, o zaman münaqişənin həlli ilə bağlı real mənzərə hər kəsə aydın olacaq və bu mənzərəyə uyğun da davranış sərgilənəcək. İndiki halda Rusiya rəsmilərinin açıqlamaları bu ölkənin əməli hərəkətlərinə və problemin mahiyyətinə uyğun gəlmir. Etimadsızlığın səbəbini də burada axtarmaq lazımdır". E.Mirzəbəyli hesab edir ki, Azərbaycan və Ermənistan arasında etimadlı münasibətlərin yaranmasında da məsuliyyət yenə də Rusiyanın üzərinə düşür. Moskva istəsə bir neçə dəqiqənin içərisində Ermənistan rəsmilərinin də, ictimaiyyətinin də rəyini dəyişə, bu ölkənin sifarişli qeyri-konstruktiv mövqedən yenə də sifarişli konstruktiv mövqeyə adlamasına zəmin yarada bilər: “Azərbaycan tərəfinin mövqeyinə gəldikdə isə Rusiyanın və onun forpostu Ermənistanın davranışları etimad doğuracaqsa, bunun qarşılığı da olacaq. Azərbaycan torpaqlarını Rusiyanın dəstəyi ilə Ermənistan işğal edib, etimadın yaradılmasının məsuliyyəti də onların üzərinə düşür. İşğala məruz qalan Azərbaycanın işğala son qoyulması ilə bağlı konkret yol xəritəsi və əməli addımlar olmadan etimadlı münasibətlərə can atması təslimçilikdən başqa bir şey olmaz. Etimadlı münasibəti işğalçı yaratmalıdır. Çünki etimadın aradan qalxmasına səbəb işğal amilidir. Sergey Lavrovun bunları anlamayacaq qədər sadəlövh olduğunu düşünmürəm. Bu səbəbdən də Lavrovun açıqlamasını münaqişənin həllinin uzadılacağının anonsu kimi qəbul edirəm”. Geri qayıt |