Əsas Səhifə > Partiya, Güney Press > "Ona görə də dövlət başçısı ordumuz haqda fikirlərini cəsarətlə, qürurla dilə gətirir"
"Ona görə də dövlət başçısı ordumuz haqda fikirlərini cəsarətlə, qürurla dilə gətirir"7-04-2018, 10:20 |
"Müxtəlif reytinqlər tərtib edən beynəlxalq ekspertlərin və təşkilatların hesablamalarına görə, bu gün Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir”. Bu fikirləri Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana geniş müsahibəsində bildirib. Ali Baş Komandan qeyd edib ki, Azərbaycan silahların yenilənməsi prosesini praktiki olaraq başa çatdırıb: "Ordumuz həm hücum, həm də müdafiə xarakterli ən müasir, yüksək dəqiqliyə malik texnoloji silahlarla təchiz olunub. Biz silahları ən yaxşı istehsalçılardan alırıq və bu silahlar bizə özümüzü yetərincə inamlı hiss etmək imkanı verir. Təbii ki, təkcə silahlanma sayəsində güclü ordu yaratmaq olmaz. Buna görə əlbəttə, ordumuzun döyüş qabiliyyətinin artırılması, intizamın möhkəmləndirilməsi üçün çox iş görülüb. Əlbəttə ki, çoxsaylı təlimlər və treninqlər bizdə hələlik mövcud olan çatışmazlıqları göstərir. Biz Silahlı Qüvvələrin maddi-texniki bazasını xeyli möhkəmlətmişik. Bizim bütün hərbi bazalarımızın və hərbi şəhərciklərimizin 80 faizindən çoxu əslində yenidən inşa edilib. Qarşıdakı illərdə biz maddi-texniki baza ilə bağlı prosesi tam başa çatdıracağıq. Təbii ki, qarşıdakı illərdə biz hərbi quruculuq işi ilə fəal məşğul olacağıq. Silahların alınması məsələsinə gəldikdə, bu iş daha böyük seçim əsasında, daha konkret aparılacaq, müvafiq məsələlərin həlli üçün həyata keçiriləcək”. Ali Baş Komandan həmçinin, 10 il əvvəl Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaradıldığını qeyd edib: "Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu məhsullar beynəlxalq standartlara uyğundur və bizim bir sıra göstəricilər üzrə idxaldan asılılığımızı azaldır, həmçinin yaxşı ixrac potensialı yaradır. Belə ki, Azərbaycan silah ixrac edən ölkəyə çevrilir”. Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, bu gün Azərbaycan dövlətçiliyini qorumaq, ərazi bütövlüyünü və təhlükəsizliyi təmin etmək üçün çox güclü orduya malikdir: "Ordumuz günbəgün özünü döyüş qabiliyyətini artırır. Silahlı Qüvvələrin təchizat məsələsi çox yüksək səviyyədədir. Diqqət yetirsək, hətta uzun illər dövlətçilik tarixi olan bəzi böyük dövlətlərin müdafiə sənayesi yoxdur. Ancaq Azərbaycan ötən illər ərzində özünün hərbi sənayesini yaratdı. Bu gün Azərbaycanda müxtəlif adda yüzlərlə hərbi məhsul istehsal edilir. Yəni, Azərbaycan ordusu üçün lazım olan silah-sursat və digər vasitələr ölkə daxilində istehsal olunur və bu da çox vacib şərtlərdən biridir”. E.Məmmədov qeyd etdi ki, bu gün hər bir vətəndaş Azərbaycan Silahlı Qüvvələri ilə fəxr edir, qürur duyur: "Hətta ölkəmizi sevməyən təşkilatların hesabatlarında belə, Azərbaycan ordusu ən yaxşı silahlı qüvvələrdən biri kimi qeyd edilir. Azərbaycan dövləti, ordumuz güclüdür. Biz öz ordumuzla fəxr edirik. Azərbaycan Silahlı Qüvvələri həm dövlətçiliyimizi, həm təhlükəsizliyimizi təmin etməyə, həm də Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Ona görə də dövlət başçısı ordumuz haqda fikirlərini cəsarətlə, qürurla dilə gətirir”. Hərbi ekspert, polkovnik Şair Ramaldanov bildirdi ki, Azərbaycan Silahlı Qüvvələri dünyada özünəməxsus yer tutub: "Bunu deməyə bir neçə əsas var. İlk olaraq onu qeyd edim ki, Azərbaycanda bu gün müasir ordu formalaşdırılır. Eyni zamanda, ordumuz müasir silahlarla təmin olunur və bu silahlar dünyanın aparıcı dövlətlərinin istehsalıdır. Həmçinin, Azərbaycan ordusunun kadr potensialı artıq peşəkar mütəxəssislərdən ibarətdir. Manqa komandiri, ona bərabər və digər hərbi mütəxəssislər müddətdən artıq xidmət edən şəxslərdir. Bu mütəxəssislər birbaşa hərbi hissələrə gəlməyiblər və müəyyən olunmuş tədris prosesini keçdikdən sonra seçilərək hərbi mütəxəssis kimi xidmət keçirlər. Bu gün bir yer üçün 15 nəfər müraciət edir və seçim ciddi şəkildə aparılır. Bizim zabitlər və digər hərbiçilər başqa ölkələrdə kurs keçirlər, akademiyalarda təhsil alırlar. Yəni Azərbaycan Silahlı Qüvvələri ölkə daxilində formalaşsa da, eyni zamanda dünyadakı qabaqcıl təcrübədən də istifadə edirik. Bizim büdcədən orduya ayrılan maliyyə vəsaiti Ermənistanın dövlət büdcəsinə bərabərdir. Ali Baş Komandanın şəxsi nəzarəti və diqqəti sayəsində bu gün ölkəmizin ordusu tam şəkildə təchiz olunur”. Ş.Ramaldanov qeyd etdi ki, Azərbaycan ordusu çoxsaylı təlimlərə cəlb edilib: "İl başlar-başlamaz artıq böyük hərbi təlimlər baş tutub. Bu təlimlər ermənilərin narahatlığına səbəb olub və hətta beynəlxalq qurumlara müraciət ediblər ki, Azərbaycan tərəfinin hərbi təlimləri Qarabağ danışıqlarına təzyiqdir. Onu qeyd edim ki, ordumuz nəinki ölkə daxilində, eləcə də beynəlxalq təlimlərdə də iştirak edir. Buna misal kimi, ötən il baş tutan Azərbaycan-Türkiyə-Gürcüstan birgə təlimlərini göstərmək olar. Dövlət başçısının müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan Silahlı Qüvvələrinə yüksək qiymət vermək üçün çox böyük əsaslar var. Bu əsaslar da qeyd etdiyim amillərə söykənir. Ali Baş Komandanın "əgər Ermənistan və Azərbaycan təkbətək qalsa, Azərbaycan Silahlı Qüvvələri qısa zamanda işğalçı qüvvələri darmadağın edib, ərazi bütövlüyünü bərpa etməyə qadirdir” fikri, Silahlı Qüvvələrə inamın göstəricisidir”. Geri qayıt |