Əsas Səhifə > Partiya, Güney Press > “Siyasi təşkilatlar özlərini təhqir üslubunda çıxış edənlərdən aralı tutmalıdır”

“Siyasi təşkilatlar özlərini təhqir üslubunda çıxış edənlərdən aralı tutmalıdır”


27-03-2018, 08:25
“Siyasi təşkilatlar özlərini təhqir üslubunda çıxış edənlərdən aralı tutmalıdır”
Son zamanlar Avropadakı bəzi azərbaycanlı mühacirlərin əndazəni aşmasına ölkə daxilindən, demokratik düşərgə təmsilçilərindən sərt təpkilər var. “Söyüş makinaları”nın Azərbaycan dövlətinin imicinə zərbə vurmağa yönəlmiş məqsədyönlü fəaliyyətləri, eləcə də ölkəmizə rəhbərlik edən şəxsləri və onların ailələrini ən ağır formada təhqir etmələrini hər kəs qınayır.

Onlarla mübarizəyə tək hökumət deyil, Azərbaycan cəmiyyətinin əksər kəsimi də qoşulub. Lakin ölkə müxalifətinin bu proseslərdən kənarda görünmək istəyi açıq şəkildə sezilir. Təsadüfi deyil ki, indiyə qədər bəzi siyasi partiyalar istisna olmaqla, öndə olan əksər siyasi qurumlar və ya onların rəhbərlərinin həmin mühacirləri tutduqları yoldan geri çəkindirmək yönündəki fəaliyyətlərinin şahidi olmamışıq. Hətta bəzi hallarda bu düşərgə daxilindən həmin “söyüş müxalifəti”ni müdafiə edənlər də tapılır.

REAL hərəkatının icraçı katibi Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, siyasətin səviyyəsini bu qədər aşağı salmaq ümumi proseslərə vurulan ən böyük zərbələrdən biridir: “Bu dil və üslub nə ölkənin gələcəyi, nə də siyasi mübarizə üçün məqbul deyil. Siyasi təşkilatlar bu üslubda çıxış edənlərdən özlərini aralı tutmalı, onlarla özlərini bir xətdə qoymamalıdırlar. Bu, ölkənin gələcəyində normal abı-havanın yaranması üçün çox vacibdir. Siyasət təhqirdən, söyüşdən ibarət deyil. Burada hakimiyyətin də üzərinə bir məsuliyyət düşür ki, normal dil və siyasi üslubun cəmiyyətdə bərqərar olması üçün imkanlar, fürsətlər açmalıdır. Telekanallarda normal diskussiyaların getdiyi debatların təşkil olunmasına çalışılmalıdır ki, gələcəkdə problemlərin sivil qaydalarda müzakirə olunması üçün platforma yaransın. Əks təqdirdə, bu cür dil və üslub Azərbaycana gələcək üçün ciddi heç bir şey gətirəsi də deyil. Əksinə, siyasətin, siyasi proseslərin səviyyəsini xeyli dərəcədə aşağı salır. Bu, heç bir təşkilatın normal baxacağı məsələ deyil. Əslində hamılıqla çalışmalıyıq ki, siyasətin, siyasətin dil və üslubunun səviyyəsi ölkədə qalxsın. Bunun üçün məsuliyyətin bir hissəsi də hökumətin üzərindədir.

Diskussiya və digər platformaların yaradılması çox vacib məsələlərdir. Avropa ölkələrini kənara qoyuram, çünki orada demokratiyanın inkişaf dərəcəsi çox yüksəkdir. Amma bizim qonşumuz, eyni şineldən çıxdığımız Rusiyada fərqli platformalar var. Hər gün telekanallarda, canlı yayımlarda müxtəlif fikirli insanların diskussiyalarını görürük, ölkənin problemləri ilə bağlı ciddi müzakirələrin getdiyinin şahidi oluruq. Bunlar təkcə seçki prosesində baş vermir. Belə canlı yayımları Rusiyanın mərkəzi kanalları tez-tez təşkil edir. Belə platformalar Azərbaycanda da olmalıdır ki, ölkədəki problemlərin diskussiyası üçün normal şərait yaransın. Bu söyüşün, təhqirin siyasi üsluba çevrilməsinin qarşısını almaq üçün siyasi qurumlar da müəyyən addımlar atmalıdırlar. Həmin şəxslərlə özləri arasında ciddi məsafə qoymalıdırlar. Digər təşkilatların əvəzindən danışmaq səlahiyyətim olmadığı üçün yalnız öz təşkilatımız haqqında deyə bilərəm ki, indiyə qədər həmin şəxslərlə bağlı nə bir müsbət fikir bildirmişik, nə onların atdıqları addımların müdafiəsi yönündə mövqe sərgiləmişik, nə də onların müdafiəsi ilə bağlı siyasi bəyanatımız olub. REAL-la bağlı indiyə qədər belə bir şey olmayıb, bundan sonra da olmayacaq. REAL yaranandan bu günə qədər çalışmışıq ki, siyasətə normal dil və üslub gətirək. Müəyyən siyasi dilin formalaşmasına çalışmışıq. Onların keçirdikləri mənasız aksiyaların Azərbaycanın xeyrinə ola biləcəyi barədə də pozitiv mövqeyimiz heç zaman olmayıb, bundan sonra da olası deyil. Digər siyasi təşkilatlar da belə məsafələr qoysalar, mənə elə gəlir ki, ümumi siyasi proseslər üçün daha yaxşı olar”.

Geri qayıt