Əsas Səhifə > Partiya, Güney Press > "Bizim imperiya marağımız yoxdur"

"Bizim imperiya marağımız yoxdur"


16-02-2018, 08:46
"Bizim imperiya marağımız yoxdur"
Bakının mərkəzində yerləşən möhtəşəm arxitekturaya malik tarixi binanın fasadında iri hərflərlə “Azərbaycan SSR Elmlər Akademiyası” yazısının indiyədək olduğu kimi saxlanılması barədə xəbər vermişdik.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının işlər idarəsinin müdir müavini Sərdar Əliyev həmin yazının silinməsi üçün böyük xərc tələb olunduğunu deyib. O, bildirib ki, fasaddan həmin yazının götürülməsi üçün hardasa 50 minə (AZN) yaxın pul lazımdır.

Moderator.az məsələ ilə bağlı millət vəkili Fazil Mustafanın fikirlərini öyrənib. Millət vəkili 50 min manat vəsaitin şişirdilmiş rəqəm olduğunu deyir:

"Tarixi İsmailiyyə binasını üzərindəki bu yazı hər zaman diqqətimi çəkib. Ancaq bu barədə susmağa üstünlük vermişəm. Çünki dəfələrlə Milli Məclisdə məsələ qaldırdım ki, Fəxri Xiyabanda bəzi Vətən xainlərinin başdaşına yazılmış "Müsavat cəlladları tərəfindən qətlə yetirilmişlər" sözlərinin silinməsi vacibdir, gördüm ki, inada bu başdaşlarındakı yazıya dəyib- hələ də toxunan olmayıb. Düşünürdüm gündəmə gətirsəm, Azərbaycanın müstəqilliyinə nifrət bəsləyən bəzi şəxslər, bu yazının altında götürüb yazacaqlar ki, bəs "Müsavat cəlladları bu binada oturmuşlar". Ancaq həqiqətən də bu tarixi binanın bir İstiqlal Muzeyi olaraq millətə qaytarılmasına ehtiyac var. Məncə 50 min manat şişirdilmiş rəqəmdir, bu yazıları söhbət silməkdən gedir, arxitekturasını pozmadan və əlavə yazı yazmadan az vəsaitlə etmək mümkündür. Rusiyada keçmiş Sovet dövrünün qəzet, küçə, metro və s. adların saxlanması ənənəsini bizdəki analoji durumlara tətbiq etmək doğru deyil. Çünki Rusiyanın rəsmi dövlət siyasətində keçmiş SSRİ nostalgiyasının qorunmasında bu ölkənin imperiya maraqları ilə üst-üstə düşən məqamları mövcuddur. Bizim isə imperiya marağımız yoxdur, yalnız və yalnız müstəqilliyimizin qorunması marağımız var. O halda müstəqilliyimizə uyğun gəlməyən adlardan və atributlardan qurtulmaqda beş-on min manatı bəhanə edərək tərəddüd göstərməməliyik. Vətənsevər jurnalist dostlarımızın konkret məsələ ilə bağlı təşəbbüsünü dəstəkləyirəm və bu prosesin ictimailəşdirilməsini məqsədəuyğun hesab edirəm."

Geri qayıt