Əsas Səhifə > Hadisə / Manşet > Peşə Təhsilində səssiz, imtahansız təyinat?
Peşə Təhsilində səssiz, imtahansız təyinat?Bu gün, 08:56 |
Azərbaycanda təhsilin məlum durumunu hamımız yaxşı bilirik. Orta məktəblər gözümüzün qarşısında, direktorların əməlləri, aldıqları-verdikləri məlum, ali təhsilə qəbul zamanı biabırçı qəbul balları ortada, kolleclərdəki sistemsizlik və sairə barədə nə qədər istəsəniz danışmaq olar. Bütün bunlarla yanaşı təhsilin çox vacib bir hissəsi də var ki, bunun adı – Peşə Təhsilidir. Yəni müasir dövrün tələblərinin birləşdiyi, bütün dünya dövlətlərinin hazırda əsas diqqət mərkəzində saxladığı, inkişafın çıxış yolu hesab olunan və Azərbaycan kimi ölkələrə hava, su kimi lazım olan peşə təhsili. Niyə Azərbaycan kimi ölkələrə peşə təhsili daha çox lazımdır? Çünki biz qeyri neft sektorunu inkişaf etdirməliyik ki, zamanla neftdən asılılığımız azalsın, sənaye, istehsalat sahələri yaradılsın və burda işləyən bacarıqlı işçi qüvvəmiz formalaşsın. Bu qüvvə də peşə təhsili məktəblərində hazırlanmalıdır. Dövlət son illərdə peşə təhsilinin inkişafına olmazın pulunu xərcləyir, avadanlıqlar alınır, gənclərin bu sahəyə marağını artırmağa çalışır, amma icraedici qurumlar bunu heçə endirməkdə davam edir. Uzun müddətdir Azərbaycanda peşə təhsili sistemini, burda baş verən yaxşı və neqativləri araşdırmaqda davam edirik. Bu günə kimi çoxlu sayda qaranlıq qalan suallara cavab axtarmaq üçün Peşə Təhsili üzrə Dövlət Agentliyinə saysız sorğular göndərmişik. Gec də olsa sorğulara cavab verilib. Cavabların da hamsı peşə təhsili qanunundan, təlimatdan çıxarışlar formasında olub – “bu belədir, o da belə, təlimat bunu deyir, qanun da onu”, vəssalam. Yəni, bunu cavab hesab etmək olmaz. Çünki, faktlar kifayət qədər ciddidir və araşdırılmaq üçün əsaslar yaradır. Təbii ki, rəsmi qurumdan bundan başqa cavab gözləmək də mümkün deyil. Durub deməyəcək ki, filan peşə məktəbində filan problemimiz var. Bu gün elə bir qurum yoxdur ki, problemini etiraf etsin. Amma bu dəfə fərqli bir vəziyyət barədə “yol üstü” rastlaşdığımız, qısa araşdırma zamanı ortaya çıxan olduqca maraqlı bir hadisə barədə yazacam. Beləliklə başladıq! Bu günlərdə sosial şəbəkələrdə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Vüsal Hüseynov adlı təlim ustasının bir videosu yayılıb. Videoda Vusal adlı bu şəxs açıq aşkar bildirir ki, onu işdən çıxarıblar və üstəlik intihar həddinə də çatdırıblar. İlk öncə onu deyim ki, peşə məktəblərində intihar həddinə çatdırılan xeyli sayda müəllim və təlim ustaları var və bu şəxslər artıq beziblər. Əksər peşə təhsili müəssisələrində vəziyyət eynidir. Bu barədə də gələcək məqalələrdə geniş, ətraflı və adlarla məlumat verəcəm. Qısacası, Mərkəzin əvvəlki direktoru Mətləb Hüseynov adlı şəxs, əlaltəları ilə birlikdə təhsil ocağını çapıb talayıb və iş hazırda məhkəmədə araşdırılır. Cinayət işində zərərçəkmiş qismində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tanınıb. 2 ilə yaxındır davam edən məhkəmə çəkişməsi hələ də davam edir. Yaxın günlərdə bitməsi gözlənilir. Elə bu səbəbdən də Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi direktorsuz qalıb. Yəni, qanuna görə, məhkəmə davam etdiyi üçün təhsil ocağına direktor təyin edilməyib və qanunla bu müddətdə edilə bilməz. Başqa bir xatırlatma – Peşə Təhsili üzrə Dövlət Agentliyi tabeliyində olan peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin qəbulu mərkəzləşmiş imtahan və müsabiqə qaydaları ilə həyata keçirilir. Yəni, direktor, müavin olmaq üçün imtahan verməlisən. Əlağa Kərimov da yanvar ayında Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor əvəzi və ya birinci müavin təyin olunub. Yəni, bu hal təsdiq edir ki, bu postlar üçün nəinki (direktor və ya müavin vəzifələrinə) imtahan verilməyib, ümumiyyətlə, post vakant olaraq çıxarılmayıb. Elə isə bu təyinatın hansı əmrlə, hansı qayda və qanuna əsaslandırılaraq verilib? Bu barədə də daha sonra… Hələliksə, gəlin Əlağa Kərimovun kim olduğunu, bu vəzifəyə hardan gətirildiyini və bu post üçün nə qədər təcrübəyə malik olub-olmadığını bilək. Peşə təhsili sistemində dərs hissə müdiri vəzifəsinə təyinat imtahansız həyata keçirilir və direktorun əmri ilə təsdiqlənir. Yəni bu vəzifə direktor, müavin kimi imtahan və müsabiqə tələb etmir, direktorun əmri və istəyi ilə həyata keçirilir. Dərs hissə müdiri dərs saatlarının bölünməsinə və sair kimi işlərə nəzarət edir. Yəni, rəhbər vəzifə deyil. Əlağa Kərimov da bu posta Abşeron Binə Peşə Liseyinin direktoru tərəfindən təyin olunub. Yəni, direktor və ya müavin olaraq heç vaxt işləməyib, bu işdə təcrübəsi də yoxdur. Və nəhayət bu ilin yanvar ayında gözlənilmədən Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor əvəzi təyin olunub. Oluna bilərmi? Qanun və qaydalar buna imkan verirmi? Əgər elədirsə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin keçirdiyi imtahanın effektivliyi, şəffavlığı hara getdi? Elə ən böyük sual da budur… Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində hər kəs danışır ki, Əlağa Kərimov bu posta Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fizuli Talıbovun dəstəyi ilə gətirilib. Daha bır xatırlatma: Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2018-ci ilin noyabrında sabiq Baş nazir Novruz Məmmədovun qərarı ilə təsdiqlənib. Qərara əsasən Aviasiya Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb və Abşeron Binə Peşə Liseyi də bu Mərkəzə birləşdirilib. Elə buna görə də, yəqin ki, F.Talıbov çalışıb ki, sahibsiz qalan Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini də öz nəzarətinə alsın. Görünür istəyinə çatıb da. Hələ Abşeron Binə Peşə Liseyində yayılan başqa bir məlumatda qeyd olunur ki, Əlağa Kərimovun bu posta aparılması üçün Fizuli Talıbov həmişə hər yedə adını çəkmədiyi qohumu kimi qələmə verən generaldan dəstək alıb. Deyilənə görə, bu generalla qohum olan Fizuli Talıbov hər kəsi onunla qorxudur. Bir neçəvideo linkdə insanlar bu faktı təsdiq edir:
Bildirilir ki, Fizuli Talıbov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi Arzu Rəhimovla qudadır və bütün gücü, dəstəyi də guya ondan alır. Yəqin ki, hörmətli, gənc kadr Ceyhun Kərəmov buna aydınlıq gətirəcək və səslənən iddialara hansısa cavabı olacaq. Gənc və perespektivli kadrlar haqqında belə iddiaların səslənməsi həqiqətən də ürəkaçan deyil. Amma ortada olan hallar, imtahansız təyinat açıq qalmış müəmmalar kimi görünür, pıçıltılar üçün əsas yaradır. Sosial şəbəkə platformalarında Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fizuli Talıbov barədə çoxsaylı xoşagəlməyən fikirlərə də rast gəlinir. “Youtube” platformasında onlarla video və narazı insanlar onun insanları necə işdən çıxartdığını, kimlərlə və necə qorxutduğunu açıq aydın danışırlar, kömək istəyirlər. Hər kəs bu sualı verir – bir təhsil Məktəzinin direktoru haqqında səslənən fikirlər, onun əməlləri, narazı insanların müraciətləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov tərəfindən niyə araşdırılmır Həqiqətənmi, qurum rəhbəri bu faktları, şikayətləri görmür? Bu zaman suallar da yaranır, həqiqətənmi bir neçə ildir Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru işləyən Ceyhun Kərəmov Peşə Təhsili Mərkəzlərinə bacarıqlı, təcrübəli kard formalaşdıra bilməyib? O qədər təcrübəli, bu sahəni bilən, illərini bu sahəyə qoyan peşəkarları niyə yola salıb, narazı qoyub uzaqlaşdırıblar? Peşə Mərkəzlərinin “Facebook” səhifələrinə diqqət etdikdə onların necə idarə olunduğu, direktorların hansı təcrübəyə malik olduqları açıq aydın görünür. Videolardan birində görünür ki, hər səhər tələbələr sıra düzülüşündə hərbi müəllimin “düzlən, fərəqət, azad” komandası ilə salamlaşır. Sırada da qadın müəllimlər, təlim ustaları dayanır. Onlar da bu hərəkətləri təkrarlamaq zorundadır. (https://www.facebook.com/AbseronBinePesheLiseyi/videos/1390878681375597) Abşeron Binə Peşə Liseyi hərbi təmayülli məktəbdir, yoxsa texniki lisey? İndi bu məktəbin dərs hissə müdiri olmuş Əlağa Kərimovu imtahansız, olduqca böyük Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edib “düzlən, fərəqət, azad” əmrlərini buramı daşımaqmı istəyirsiz? Budurmu, sizin uğurlu Peşə siyasətiniz, Ceyhun Kərəmov? Bu kadrlarla peşəkar peşəçilər hazırlamaq istəyirsiz? Açığı deyim, mümkün deyil. Məlumata görə, imthanlardan sonra Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun əmri ilə imtahan verməyən Əlağa Kərimov Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyinatı gözlənilir. Bununla da onsuz da illərdir şübhə ilə yanaşılan “imtahan”lar məsələsinə son nöqtə qoyulacaq! İmtahansız direktor təyinatı varsa, deməli, imtahan daha lazım deyil. Nə deyək, bazar olsun! Bizimxeber.org Geri qayıt |