Əsas Səhifə > Hadisə, Manşet > Təhsil sistemində TEXNİKİ PROBLEM...

Təhsil sistemində TEXNİKİ PROBLEM...


5-07-2023, 09:08
Təhsil sistemində TEXNİKİ PROBLEM...
DİA.AZ: - "Azərbaycan Texniki Universitetinin (AzTU) təcrübəli müəllimlərindən bir qrupu yenə də yalnız universitetimizdə deyil, həm də ölkəmizin aşağıdan yuxarıyadək bütün təhsil sistemində yaranmış vəziyyətlə və bu vəziyyətin nəticələri olan faktlarla Respublika ictimaiyyətinə, əlaqədar rəsmi dövlət təşkilatlarına və vəzifəli şəxslərə müraciət etmək məcburiyyətindədir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalənin ƏVVƏLİ BURADA: YENİLMƏZ VİLAYƏT... - İTTİHAM VAR!

Məqalənin davamında deyilir: "Vilayət Vəliyev hələ 2019-cu ilin payızında universitetin müxtəlif şöbələrində işləyən qadınları bir neçə dəfə iclasa yığıb, onlardan sorğu aparırdı ki, kim nə işlə məşğul olur və bu iclaslarda üzünü qadınlara tutaraq, bir neçə dəfə demişdi ki, “hamınızı buradan iti qovan kimi qovacağam”. O vaxt bu sözlər universitetdə şok effekti yaratmışdı, çünki hələ heç bir rektordan xanımlara qarşı belə sözlər eşitməmişdik. Doğrudan da qovdu da. Bu sözlər rektorun hansı TƏRBİYƏNİN VƏ MƏDƏNİYYƏTİN SAHİBİ olduğunu göstərir. İnanmırıq ki, respublikamızdakı rektorların arasında ikinci belə bir adam tapılsın. Universitet yalnız təhsil deyil, həm də tərbiyə müəssisəsidir. Hələ indi də həmin xanımlar öz facebook səhifələrində tez-tez V.Vəliyevin bu sözlərini xatırladırlar.
V.Vəliyevin AzTU-ya gətirdiyi qohumlarının, yerlilərinin, dost-tanışlarının uşaqlarının, onun regional klanının işə qəbul etdirmək üçün onun yanına göndərdiyi adamların sayı-hesabı yoxdur, artıq yüzlərlədir. Həm də rektor onlara digər işçilərin vəzifə maaşları ilə heç müqayisə oluna bilməyən çox yüksək maaşlar təyin edir (bu isə gizli korrupsiyanın bir növüdür). V.Vəliyev AzTU-da fakültələri, kafedraları, necə gəldi, profilləri bir-birinə uyğun oldu-olmadı, özünün başa düşdüyü kimi (özü isə texnika sahələrini, texniki ixtisasları başa düşmür və bilmir) birləşdirib. Nəticədə isə həmin fakültələr və kafedralar iş qabiliyyətlərini itiriblər və idarəolunmaz vəziyyətə gəliblər. Məsələn, keçmiş “Maşın və mexanizmlər nəzəriyyəsi”, “Maşın hissələri və yükqaldırıcı-nəqliyyat maşınları” və “Mühəndis qrafikası” kafedraları 3 il əvvəl birləşdirilsə də hələ də bir-birindən uzaq, müxtəlif yerlərdə qalmaqdadırlar, bir-birləri ilə əlaqəsiz, idarəolunmaz vəziyyətdədirlər və faktiki olaraq, AzTU-da mühəndis ixtisasları üçün ən vacib fənn olan “Mühəndis qrafikası” (yəni rəsmxətt, çertyoj) fənninin tədrisinə xitam verilib və kafedranın müəllimlərinin hamısı 0,5 ştata keçirilib. Keçmiş “İstilik və soyuqluq texnikası” və “Elektrik enerji təchizatı və elektrik izolyasiyası” kafedraları birləşdirilərək, “Enerji effektivliyi və yaşıl enerji texnologiyaları” (???) kafedrası adlandırılıb. Birləşən kafedralarda cəmi 3 nəfər cavan elmlər doktoru, professor olmasına baxmayaraq, təhsildən uzaq, yaşlı, sağlamlıq və intellektual durumu arzu olunandan çox uzaq, pedaqoji təcrübəsi olmayan bir nəfər elmlər namizədi kənardan gətirilərək, kafedra müdiri təyin edilib. İndi həmin kafedra da faktiki olaraq, iflic vəziyyətindədir. Belə faktlardan onlarla gətirmək olar. V.Vəliyev və onun komandası nəyi bilməsə də AzTU-da texniki təhsilin, mühəndis hazırlığının təməlini məqsədəyönlü şəkildə tamamilə kəsmək və dağıtmaq üçün baltanı haradan vurmağı çox yaxşı bilir və oradan da vurur.
V.Vəliyevin AzTU-ya gəlişindən ilk “islahatlarından” biri o oldu ki, o, mühəndis tədrisinin təməlinin təşkil edən kurs layihələrini, kurs işlərini, qrafik işləri tədris planlarından çıxardı. Bu işlər üçün müəllimlərə daha tədris yükü verilmədi. Sonra bir fakültə istisna olmaqla, bütün fakültələrdə yekun buraxılış işləri layihələrini ləğv etdi və onları dövlət imtahanları ilə əvəz etdi. İndi isə bəzi ixtisaslarda yekun dövlət imtahanlarını ləğv etdi. İndi tələbə yalnız tədris haqqını ödəyib, 4 il universitetə yalandan gəlib-getməlidir ki, 4 ilin sonunda diplomunu alsın. Vəssalam. Konveyerin bu başında gir, heç nə oxumadan, yazmadan o biri başından çıxıb, mühəndis olacaqsan. Soruşa bilərsiniz ki, bəs imtahanlar? İmtahanlarda da müəllimlər müsbət qiymətlər yazmalıdırlar. İndi AzTU-da müəllimlərə elə misilsiz mənəvi təzyiq göstərilir ki, imtahan suallarına cavab verməyən tələbəyə qeyri-kafi qiymət yazmaq müəllimdən böyük cəsarət və qəhrəmanlıq tələb edir. Müəllim üçün ən salamatı odur ki, hamıya müsbət qiymət yazsın, özünə problemlər və başağrısı yaratmasın.
Yaxşı, bəs niyə bir fakültədə tələbələrin yekun buraxılış işi layihələri ləğv olunmadı və bu hansı fakültədir? Bu, “Xüsusi texnika və texnologiya” fakültəsidir ki, respublikamızın Müdafiə Sənayesi Nazirliyi müəssisələri üçün mühəndis kadrları hazırlayır. Təqribən 3 il əvvəl rektor özü iclasda dedi ki, həmin nazirliyin rəhbərliyində ona deyiblər ki, bu fakültədə yekun buraxılış işləri layihələri ləğv olunsa, nazirlik fakültənin məzunlarını işə qəbul etməyəcək. Yəni həmin məzunları mühəndis hesab etməyəcəklər. Bax belə! Digər fakültə məzunlarının isə yiyəsi olmadığından, onların başlarını aldadıb, saxta diplomlar vermək olar. Sirr deyil ki, bu, tələbələrin də çoxunu qane edir. Çünki, tələbələrin çoxu zəif tələbələrdir və öz gələcəyini düşünmür. Lakin bu, real mühəndis təhsili almaq istəyən tələbələri (belə tələbələr isə az da olsa, vardır) və dövləti aldatmaq deməkdir. Həm də yekun buraxılış işləri layihəsini yerinə yetirməyən tələbə xarici ölkələrə işləməyə getsə, orada onun diplomunu tanımayacaqlar. Amma bu, V.Vəliyevin vecinədirmi?"

DAVAMI VAR...

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt