Əsas Səhifə > Dünya > Avropa İttifaqından Ukraynaya görə ABŞ-yə etiraz: İyrənclik edirsiniz

Avropa İttifaqından Ukraynaya görə ABŞ-yə etiraz: İyrənclik edirsiniz


Bu gün, 09:24

ABŞ quru qoşunları naziri Daniel Driskollun başçılıq etdiyi Amerika nümayəndə heyəti noyabrın 21-də Avropa İttifaqında etirazla qarşılanan bir görüş keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti öz mənbələrinə istinadla məlumat verib.

Nəşrin yazdığına görə, Driskoll Kiyevdə ABŞ-nin Ukraynadakı işlər üzrə müvəqqəti vəkilinin iqamətgahında keçirilən görüşdə belə deyib:

“Ukrayna çox pis vəziyyətdədir. Təklif olunan isə onun ümid edə biləcəyi ən yaxşı variantdır”.

O vurğulayıb ki, ABŞ Vaşinqton planının detallarını müzakirə etmir, Aİ isə ancaq gələcək danışıqlarda təhlükəsizlik təminatları mövzusunda iştirak edəcək.

FT qeyd edib ki, Aİ nümayəndələri görüşün tonunu “iyrənc” adlandırıb və ABŞ-nin Ukrayna ilə bağlı planını qəbul etdirmək üçün Prezident Volodimir Zelenskinin siyasi zəifliyindən istifadə etdiyinə diqqət çəkiblər.

“Hər şey düşündüyümüzdən də pisdir”, - Aİ rəsmisi nəşrə deyib.

Amerikalı mənbələr isə FT-yə açıqlamalarında görüşün “pozitiv, açıq və qarşılıqlı hörmət şəraiti”ndə keçdiyini bildiriblər.

Xatırladaq ki, ABŞ-nin Rusiya ilə birgə, Avropa və Ukraynanın iştirakı olmadan hazırladığı bildirilən planda Kiyevə qarşı üç vilayət və NATO üzvlüyündən imtina, Silahlı Qüvvələrinin sayının 60 faiz azaldılması və sair tələblər qoyulub. Başqa sözlə, plan Ukraynanın kapitulyasiyasını nəzərdə tutur.


Geri qayıt