Əsas Səhifə > Dünya > TRAMP HAQLI İMİŞ...

TRAMP HAQLI İMİŞ...


Bu gün, 09:17

Ukraynada aşkarlanan son korrupsiya faktları ilə bağlı məlumatları gözdən keçirib dəhşətə gəlirəm. Ən dəhşətlisi isə odur ki, korrupsiya yolu ilə əldə olunan vəsaitlər Rusiyada yuyulub.
Ukraynada müstəqil fəaliyyət göstərən korrupsiyaya qarşı mübarizə idarəsi NABU-nun təsbitlərinə görə, qeyri-qanuni yollarla əldə olunan “vəsaitlər Ukraynadan kənara, o cümlədən Rusiyaya köçürülürmüş”. Belə çıxır ki, Zelenskinin yaxın dostlarının aralarında yer aldığı korrupsiya mafiyası Rusiya ilə də əməkdaşlıq edirmiş. Bu durumda Ukraynada hər gün minlərlə gəncin həlak olduğu müharibə niyə bitsin ki? Həm Rusiya, həm də Ukrayna yetkililəri bu müharibə sayəsində qaz vurub qazan doldurursa, kim öz qazanc mənbəyinin bağlanmasına razı olar?
Üstəlik, bu, yeni ortaya çıxmış qalmaqal da deyil. Ukrayna-Rusiya müharibəsi başlayandan 1 il keçməmiş – 2023-cü il ilk günlərində Kiyev yenə korrupsiya qalmaqalı ilə çalxanmış, bir çox iri məmur, o cümlədən baş prokurorun, icma və ərazi inkişafı nazirinin, sosial siyasət nazirinin və müdafiə nazirinin müavinləri istefaya getmişdi. Görünən budur ki, Ukrayna hakimiyyəti ilk qalmaqaldan yetərli nəticə çıxarmamış və dövlət malını mənimsəməyi davam etdirmişdi.
Son korrupsiya qalmaqalının başında Zelenskinin ortağı Timur Mindiçin də yer alması vəziyyətə tamamilə fərqli görüntü qazandırır.
Məlumata görə, Timur Mindiç və dostları çərşənbə axşamına qədər Polşanın paytaxtı Varşavada imişlər. Anti-korrupsiya əməliyyatı başlayan kimi, onlar yoxa çıxıblar və iddialara görə, daha sonra soraqları Tel-əvivdən gəlib. Maraqlıdır ki, bu adamların həm də İsrail vətəndaşları olması da iddialar arasındadır və bildirildiyinə görə, onların İsrail vətəndaşları olmaları beynəlxalq maliyyə mərkəzlərinin qapılarını taybatay açmalarının da əsas səbəbidir.
Qısası, Ukraynada fəaliyyət göstərən korrupsiya mafiyasının bir ucu Moskvaya, digər uçu isə Tel-əvivə qədər uzanır.
Vallah, bu məlumatları oxuduqca, Ukraynaya hərbi yardımları dayandıran Trampa haqq verməmək olmur.
Heydər Oğuz - "DİA-AZ"

Geri qayıt